Günlərin uzandığı, gecələrin qısaldığı, havaların gündüz xoş, sonrasında sərin keçdiyi yay axşamlarında ətrafınızda əsən mehi müşayiət edəcək nələrsə axtarırsınız? Uzun, qarışıq seriallardan bezmisiniz və yeni sezon üçün bir il gözləmək sizi yorur? O zaman birlikdə mini serialların bənzərsiz dünyasında səyahətə çıxaq.
“ABC”-dən “FOKS”-a, “Netflix”-dən “BBC”-yə, “HBO”-dan “Prime”-a qədər bütün böyük platformaların sevimlisi olan qısa, sadə, aydın, başlanğıcı və sonu bəlli olan mini serialları təqdim edirik:
“Aktivlər” (The Assests)
2014-cü ildə “ABC”də yayımlanan Amerika istehsalı mini serial siyasi və real hekayələri sevənlər üçün idealdır. Serial soyuq müharibə dövründə ABŞ və Rusiya arasındakı casusluq hekayələrindən, döyüş taktikalarından bəhs edir. “Aktivlər” uzun serial olaraq planlaşdırılırsa da, aşağı reytinq səbəbi ilə mini seriala çevrildi. Dövlətin ən vacib məlumatlarını Sovet İttifaqı ilə bölüşən və ABŞ-a casusluq edən ən azı on sovet kəşfiyyatçısının ölümünə səbəb olan CIA zabiti Oldriç Eymsi təsiri altına salan Sandra Qrayms və Cinn Vertfeyin hekayəsindən bəhs edən serial 8 bölümdən ibarətdir.
“Gecə meneceri” (The Night Manager)
Əfsanəvi detektiv yazar Con le Karrenin 1993-cü ildə nəşr olunan eyniadlı romanı əsasında hazırlanan “Gecə meneceri” “BBC” və “AMC”-nin birgə hazırladığı 6 epizodlu mini serialdır. Baş rollarında “Qızıl Qlobus” sahibi Hyu Lori və “Qisasçılar” (Avengers) ilə hər dəfə bir şəkildə qarşımıza çıxan Tom Hiddlston yer alır. Serial 36 mükafata namizəd olub, iki “Emmi” və üç “Qızıl Qlobus” daxil cəmi 11 mükafata layiq görülüb.
Serialın mövzusu lüks bir oteldə gecə müdiri işləyən əvvəlki ingilis əsgəri Conatan Paynın (Tom Hiddlston) qeyri-qanuni silah satışlarını araşdıran Ancela Burr (Oliviya Kolman) tərəfindən silah satıcısı Riçard Roperin (Hyu Lori) yaxın çevrəsinə sızması üçün işə götürülməsi ilə başlayır və hadisələr davam edir.
“Şəhər və şəhər” (The city and the city)
Britaniya fantastik ədəbiyyatının usta adlarından Çayna Miyevilin eyniadlı romanının motivləri əsasında 2018-ci ildə “BBC” tərəfindən çəkilən 4 bölümlük bu mini serial sizi “Ülgüc üzərində qaçan”dan “1984”ə, “Cəsur Yeni Dünya’”dan “Fahrenheit 451″ə qədər fantastik ədəbiyyat və distopiya dünyasının hər küncünə aparacaq.
“Şəhər və şəhər” reallıqla xəyal arasında, dünyadakı heç bir şəhərə bənzəməyən 2 şəhərin hekayəsindən bəhs edir. Bu serial elmi fantastika və detektiv janrlarını bir araya gətirir. Besel və Ul Qoma dedektiv bölmələrini birlikdə işləməyə sövq edən ekzistensial bir cinayət, qonşu şəhəri məhv etməyə and içmiş ultra-milliyətçilərin, iki şəhəri birləşdirməyi xəyal edənlərin mənfəətçi yeraltı dünyası və bütün bunların arasında cavablarını axtaran suallar. Bu mini serial sizi dünyadakı bütün şəhərlərin hekayələrini sorğulamağa dəvət edir.
“İllər” (Years and years)
Birləşmiş Krallığın mini serial dünyasındakı hakimiyyətinin son sevimlisi “İllər” yaxın gələcəyin sosial – siyasi mənzərəsidir. Serial 2019-cu ildə “BBC” və “HBO”-nun əməkdaşlığı ilə hazırlanmışdır. Serialın arxasında “Doktor Kim” ilə qəlbimizi qazanan Rassel Ti Deyvis dayanır. Serialdakı ən fantastik, qorxuducu, bir o qədər də cəzbedici obrazlardan birini Emma Tompsonun canlandırması bu serialı izləmək üçün başlıca səbəblərdən biridir. 6 bölümlük bu serial sizi gələcəyə aparacaq. 2019-2034-cü illərdən bəhs edən bu serial tez-tez “Qara ayna”(Black mirror) ilə müqayisə edilir, amma gələcək mövzusunun işlənməsi hər ikisində fərqlidir. “İllər” bizə gələcəyi Mançesterdə yaşayan Layons ailəsinin gözü ilə göstərir. 2019-cu ildə dünyadakı axını dəyişdirən böyük bir hadisənin sadə bir ailənin üzvlərinə (və onlarla birlikdə bəlkə də, öz ailəmizə) necə təsir etdiyini gördükcə bu gələcəyin nə dərəcə mümkün olduğuna dair düşüncələrdən azad ola bilməyəcəksiniz. “İllər”-in son dövrün ən yaxşı ekran işlərindən biri olmasının ən vacib səbəbi personajların məhz “biz” olmasıdır.
“Özünü yarat: Madam Si Cey Uolkerin həyatından ilhamlanıb”
Yaşadığı zaman və məkanda cığır açan Afroamerikalı təşəbbüskar Madam Si Cey Uolkerin real həyatı əsasında çəkilən serial Amerikanın ilk qadın milyonerinin saç baxım imperatorluğundan bəhs edir. “Netflix” istehsalı bu 4 bölümlük mini serialın baş rolunda isə 2011-ci ildə “Oskar”, “Qızıl Qlobus” mükafatlarını alan Oktaviya Spenser var. Spenserin canlandırdığı Madam Uolker 19-cu əsrin sonlarında sıfırdan öz kosmetika və saç baxım markasını yaradan sahibkardır. Afroamerikalı qadın sahibkarın bütün çətinliklərə baxmayaraq, milyoner olması dövr üçün qeyri-adi hadisə idi.
Bədbinlikdən qurtulmaq, ümid işığı tapmaq, yaxın keçmişə səyahət etmək istəyirsinizsə, bu mini seriala baxın.
“Qeyri-adi” (Unorthodox)
Yayımlandığı gündən bütün sosial şəbəkələrdə tez-tez qarşılaşdığımız “Qeyri-adi)” “Netflix”-in 2020-dəki ən iddialı istehsallarından biridir. Qarşımızda yenə real həyatdan götürülən güclü və döyüşçü bir qadının hekayəsi var. Bir gün ultra ortodoksal yəhudi icmasından olan Ester Şapiro ailəsindən və ərindən qaçmaq qərarına gəlir. Nyu-Yorkdakı qapalı divarların arxasındakı Uilyamsburq məhəlləsindən Berlindəki bir konservatoriyaya və bir çox “ilklər”ə uzanan hekayə Şira Hassın möhtəşəm rol qabiliyyəti və sözlərə ehtiyac qalmayan baxışları ilə birləşir. Almaniya-ABŞ ortaq istehsalı serial Deborah Feldmanin 2012-ci ildə yayımlanan eyniadlı avtobioqrafiyasına əsaslansa da, ssenarist və rejissorlar bir çox fərqli məqamlar əlavə ediblər. “72-ci Emmi mükafatları”da 4 kateqoriyada namizədliyi olan serial adət-ənənə anlayışını araşdıran bir qadının özünü, bədənini, ailəsini, sevgisini və bütün dünyanı kəşf etməsinə fokuslanıb.
“Hollivud” (Hollywood)
Nip və Tuk (1923) ilə qəlbimizi fəth edən və dünyanın bütün yayım platformaları üçün layihələr hazırlayan Rayan Mörfinin son işlərindən biri olan “Hollivud” bizə alternativ bir tarix təqdim edir. Tarixi dəyişdirdiyi ilə bağlı tənqidlərə R. Mörfi “Mən sənədli film çəkmədim. Bu layihə tarix bu cür inkişaf etsəydi, nə baş verərdi sualına cavab tapmağa kömək edir” deyə cavab verdi.
“72-ci Emmi mükafatları”da 11 nominasiya üzrə namizədliyi olan 7 bölümlük mini serialda “Netflix” qadınları, qara dərililəri, LGBT fərdlərini baş rola qoyur. Mörfi tərəfindən çəkilən “Hollivud” kainatında bizi İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın parlaq həyatları və əlbəttə ki, Hollivudun qızıl illəri qarşılayır və bunlara kino sənayesinin ayrılmaz elementləri intriqa, iddialılıq, mübarizə əlavə olunub. Serialın ümumi musiqisi isə ayrı bir qeydə layiqdir, belə ki, serial boyu “Netflix”-in can qurtaran xüsusiyyətlərindən biri olan “Girişi keç” düyməsinə vurmaq ağlınıza gəlməyəcək.
Bundan əlavə, son zamanların ən yaxşı mini seriallar siyahısına futbolla tarixi qovuşduran “İngilis oyunu”, “HBO”-nun ulduzu parlayan serialı “Çernobıl”, hələ kəşf edilməmiş, amma yaxın zamanlarda adını tez-tez eşidəcəyimiz “İnanılmaz”, Emma Stoun və Conah Hillin baş rollarını paylaşdığı “Manyak” və müharibə dramı sevənlər üçün “Alov alan dünya” daxildir.