Nermine Abbasova

Nərminə Abbasova: “Anemiyanın müvəqqəti və ya xroniki, yüngül və ya kəskin formaları var”

Baxış sayı: 661

Hər insan həyatında bir dəfə də olsun anemiya sözü ilə qarşılaşır. Bu patoloji vəziyyət adətən qanazlığı da adlandırılır. Adətən insanlar anemiyaya ciddi pozuntu kimi yanaşmır və onun sağlamlığa vura biləcəyi zərərləri gözardı edirlər. Anemiya nədir və onun ilkin əlamətləri hansılardır? Bu məsələyə aydınlıq gətirmək mütləqdir.

Anemiyanın ciddi fəsadları ola bilərmi və müalicəsi mümkündürmü? Bu və anemiya ilə bağlı digər məsələlərlə bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova ilə danışdıq.

Nərminə həkim deyir ki, Anemiya insanın qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayının normadan az olması nəticəsində yaşadığı patoloji vəziyyətdir. Səbəblər müxtəlifdir, alimlər hardasa 400-dən çox növünü aşkar ediblər. Həkim vurğulayıb ki, anemiyanın müvəqqəti və ya xroniki, yüngül və ya kəskin formaları var.

Nərminə xanımın sözlərinə görə, Anemiya ilk mərhələdə yüngül formada ola, hətta sezilməyə bilər:

 

“Simptomlar müxtəlif olsa da, dəmir defisitli anemiyaya aşağıdakı simptomlar daxildir:

Hədsiz halsızlıq, əl və ayaqların soyuq olması, zəiflik, dərinin solğunluğu, baş ağrıları və başgicəllənmə, sinə ağrıları, ürəyin tez-tez döyünməsi, təngnəfəslik, dırnaqların kövrəkliyi, iştahasızlıq (xüsusilə körpələrdə və uşaqlarda), buz, nişasta, hətta torpaq yemək istəyi”.

Həkimin sözlərinə görə, menstruasiya zamanı qan itirdiklərinə görə qadınlar, həmçinin qida vasitəsi ilə kifayət qədər folat (fol turşusu) və B vitamini qəbul etməyən hamilə qadınlar, vaxtından öncə, yaxud aşağı çəki ilə doğulan və ana südü, yaxud süni qarışıqlarla lazımi miqdarda dəmir almayan körpələr, faydalı və müxtəlif qidalar qəbul etməyən uşaqlar, kifayət qədər dəmirlə zəngin qida qəbul etməyən vegetarianlar, qan xəstəlikləri, xərçəng, böyrək çatışmazlığı, qanaxmalı xora xəstəlikləri, yaxud müəyyən infeksiyalı xəstəlikləri olan xroniki xəstələr risk altındadır.

N.Abbasova qeyd edib ki, Anemiyanın bütün növlərinin qarşısını almaq və ya müalicə etmək mümkün deyil:

 

“Lakin dəmir, yaxud vitamin çatışmazlığından yaranan anemiyanın qarşısını almaq və ya müalicə etmək olar. Bunun üçün tərkibində müəyyən maddələr olan faydalı qidalar qəbul etmək gərəkdir. Məsələn, Dəmir üçün ət, paxlalı bitkilər, mərcimək və tünd yaşıl rəngli tərəvəzlərin tərkibində mövcuddur. Araşdırmalar göstərir ki, yeməyin dəmir qazanda bişirilməsi də faydalıdır, beləcə, qidanın tərkibindəki dəmiri çoxaltmaq olur.

Meyvələr, tünd yaşıl yarpaqlı tərəvəzlər, yaşıl noxud, lobya, pendir, yumurta, balıq, badam və yerfındığının tərkibində Folat mövcuddur. Həmçinin zəngin vitaminli dənli bitki məhsullarının, məsələn, çörəyin, səhər yeməyi üçün yarmaların, makaronun, düyünün tərkibində var. Folatın sintetik forması fol turşusudur.

B12 vitamini isə ət, süd məhsullarının, zənginləşdirilmiş yarmaların və soya məhsullarının tərkibində mövcuddur.

C vitami sitrus meyvələrinin və şirələrinin, bibərin, brokolinin, pomidorun, yemişin, qarpızın və çiyələyin tərkibində var. C vitaminli qidalar orqanizmin dəmiri mənimsəməsinə kömək edir”.

Həkim-terapevt anemiyanın ciddi hallarda ürək problemlərinə və hətta ürək çatışmazlığına səbəb olmasının mümkünlüyündən danışıb:

“Anemiyanın ən geniş yayılmış forması olan dəmir defisitli anemiya uşaqların vaxtından əvvəl və aşağı çəki ilə doğulmasına gətirib çıxarır. Anemiyalı uşaqlar zəif inkişaf edir və infeksiyaya yoluxma riski yüksəkdir. Lakin dəmir defisitli anemiyanın qarşısını almaq və ya müalicə etmək mümkündür”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir