Nermine Abbasova

Nərminə Abbasova: “Başqası sizi xəbərdar etməyənə qədər bu qoxunu hiss etməyə bilərsiz”

Baxış sayı: 490

Hər bir insanın özünəməxsus bədən qoxusu var. Təbii qoxu başqalarında narahatlıq yaratmır və demək olar ki, hiss olunmur. Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün gigiyenik vasitələrdən istifadə etmək çətin deyil. Ancaq bəzi spisefik qoxular sağlamlıq problemləri haqqında çox şey danışır. Və xoşagəlməz bədən qoxusundan xilas olmaq yolu tibbi müdaxilə və vaxtında müalicədən keçə bilər.

Bəs orqanizmdə müəyyən neqativ dəyişikliklər nəticəsində əmələ gələn xoşagəlməz qoxudan necə qurtulaq?

Sağlamlıqla bağlı budəfəki mövzunuz tərləmə və tərin qoxusunun hansı xəstəliklərin xəbərçisi olması ilə bağlıdır. Oxucularımızı MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırıb.

Oxucularımıza bir neçə xəstəliyin əlaməti olan 5 bədən qoxusundan bəhs edən Nərminə xanım maraqlı nüanslara diqqət çəkib. Həkim qeyd etdi ki, bədəndən gələn qoxuların hər birinin ayrı-ayrılıqda öz mənaları var:

“Bəzi xəstəliklər bədəndəki qoxunun dəyişməsinə yol açaraq özünü göstərə bilər. Ağız, tər və sidik qoxusu bir çox xəstəliklərin ilkin əlamətləridir. Bədən qoxularının mənaları müxtəlifdir. Məsələn, sidikdə aseton qoxusu diabet xəstəliyinin əlaməti ola bilər. Bal qoxusu isə sistitin, yəni sidik kisəsinin selikli qişasının iltihabıdır. Çürük yumurta qoxusu həzm sisteminizdə problem olduğunu göstərir. Ümumiyyətlə, pis ağız qoxusu böyrək, qulaq-burun-boğaz, ağciyər, diş əti və ya həzm sistemi ilə bağlı ola bilər.

Sidikdən sirkə iyi gəlməsi B və D vitamini çatışmazlığından dolayı yaranan tənəffüs və ya qalxanabənzər xəstəliklərin əlamətidir. Balıq qoxusu isə cinsi xəstəliyin əlaməti sayılır. Sidikdən turşməzə iy mədə iltihabı və ya qalın bağırsaq iltihabının göstəriciləridir. Ammonyak qoxusu varsa, bilin ki, bu, böyrək və ya qaraciyər xəstəliklərinin ilkin göstərişləridir. Bəlğəmdəki pis qoxu isə pnevmaniya, bronxit xəstəliklərinin ilkin əlamətləridir.

Həkim deyir ki, bakteriyalar da insanlar kimi şəkəri çox sevirlər. Onun sözlərinə görə, çox şəkər yemək yalnız artıq çəki ilə nəticələnmir, eyni zamanda hədsiz mayalanmaya səbəb olur. Nəticə etibarı ilə mayalanma prosesində şəkər spirtə çevrilir və son dərəcə pis qoxular əmələ gətirir:

 

 

Tualet vərdişinin də olmaması pis qoxuya səbəb ola bilərBelə ki, sidiyi və ifrazatı uzun müddət saxlamaq stress və tərləmə ilə nəticələnir. Alimlər ciddi qəbizlik kimi problemləri yaşayan insanların həzm sisteminin aşkara çıxardığı toksinlərin dəri üzərindəki məsamələr yolu ilə bayıra atıldığını və bu vəziyyətində insanların ifrazat kimi iy verməsinə səbəb olduğunu bildirir. Maqnezium çatışmazlığı olan insanların daha çox bədən qoxusundan şikayət etdiyi də məlum olub”.

“Ağız qoxularından necə xilas olmalı?” sualı çoxları üçün aktual mövzudur. Bəs bu qoxu turş meyvələrin dadına oxşayırsa onda necə? Bu sualların cavablarını bir neçə xəstəliyin əlaməti olan 5 bədən qoxusu haqqında da danışan Nərminə xanım diqqətə çatdırdı:

“Meyvə qoxusu diabetik ketoasidoz əlamətlərindən biri ola bilər. Ketoasidoz qanda xəstə keton səviyyəsinin, xüsusilə asetonun yüksək olduğundan xəbər verir. Bu, birinci tip diabet xəstəliyinə xasdır. Amma ikinci tip diabetli xəstələrdə kifayət qədər insulin olmadığı üçün demək ki, asetonun qanda artma riski var. Bu, xəstənin həyatı üçün son dərəcə təhlükəli olan şəkər səviyyəsinin kəskin artmasına səbəb olur. Qanda yüksək asetonun olması vücudun kifayət qədər enerjiyə malik olmadığını göstərir və ehtiyatlarını artırmaq üçün parçalanan yağ turşularının biokimyəvi prosesi başlayır. Bu isə xoşagəlməz meyvə qoxusunun yaranmasına gətirib çıxarır. Bu qoxunu gigiyenik vasitələrlə aradan qaldırmağa çalışsanız da, işə yaramayacaq. Onu da deyim ki, xəstə insan başqası onu xəbərdar etməyənə qədər bu qoxunu özü hiss etməyə bilər.

Qeyd edim ki, Diabet xəstəliyi xoşagəlməz qoxu ilə bərabər digər simptomlarla müşayiət olunur: baş ağrısı, yorğunluq, bulanıq görmə, qarın ağrısı, iştahın itməsi və çəki itirmək. Adətən xəstəlik vaxtında müalicə olmadıqda xoşagəlməz meyvə qoxusu təkcə nəfəslə hiss olunmur. Zamanla sidikdən və tərdən də asetonun qoxusu gəlməyə başlayır. Diabetik xəstə otağa daxil olan kimi uzaqdan xüsusi bir aroma hiss edilir. Hər hansı həkim belə bədən qoxusunun dərhal diabetin təhlükəli siqnalı olduğunu təyin edəcək. Ağızda xüsusi meyvə qoxusu və diabetin xarakterik əlamətlərinə sahib olduğunuzu müşahidə etsəniz, dərhal həkimə müraciət edin. Müasir müalicə üsulları daha tez sağalmağa imkan verəcək və nəfəs qoxusunu bərpa etməyə kömək edəcək”.

Nərminə xanım vurğuladı ki, xoşagəlməz ağız qoxusu gecə apnesinin əlamətidir. Onun sözlərinə görə, gecə yatmazdan əvvəl dişlər fırçalansa da, səhər yuxudan duranda ağızdan xoşagəlməz qoxular hiss oluna bilər:

 

 

“Bu əlamətdən əziyyət çəkən insanlar xoşagəlməz qoxunu daha asan və tez yolla aradan qaldırmağa çalışır. Ancaq onlar bilmir ki, səhər saatlarında ağızda yaranan pis qoxu yuxu apnesinin əlaməti ola bilər. Bu onu göstərir ki, onlar yuxuda nəfəsin qısa müddətli kəsilməsindən əziyyət çəkir. Bu əlamətə əsasən insan yuxuda nəfəs almağı dayandırır. Nəfəs dayanması 10 və daha çox saniyə davam edə və gecə ərzində bir neçə dəfə təkrarlana bilər. Bütün gecə boyu nəfəs kəsilir və səhər yuxudan oyanan insan özünü əzgin, yorğun hiss edir, yuxudan doymur. Bu əlamətləri pis ağız qoxusu müşayiət edir. Ümumuyyətlə, belə adamlar gecələr xoruldayır və ağzı ilə nəfəs alır. Odur ki, ağızdan nəfəs almaq quruluğa və bakteriyaların böyüməsinə səbəb olur. Nəticə etibarı ilə ağızdan pis qoxular gəlməyə başlayır”.

Belə ağız qoxusunu necə yox etməyə gəlincə, həkim dedi ki, ilk növbədə səbəbini müəyyələnləşdirmək lazımdır:

 

“Yuxu apnesindən əziyyət çəkib çəkmədiyinizi öyrənin. Əks halda bu xəstəlik uzunmüddətli müalicə tələb edə bilər. Axı yuxuda nəfəs problemləri sadəcə əhval-ruhiyyənizə və məhsuldarlığa deyil, vaxt keçdikcə ürək və beyin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.

Əgər səhərlər xoşagəlməz nəfəs qoxusu daimi simptoma çevrilibsə, həkimə müraciət etmək lazımdır. Çünki bu, sağlamlıq problemlərinin olduğunu açıq şəkildə göstərir və yalnız yuxu apnesinin deyil, digər xəstəliklərin də təzahürüdür. Vaxtında qoyulan diaqnoz həm xəstəliyi müalicə edəcək, həm də həyatınızı yaxşılaşdıracaq”.

İnsanları utandıran daha bir qoxu xoşagəlməz ayaq qoxusudur. “Ayaqqabıda yaranmış pis qoxunu necə aradan qaldıra bilərəm” sualı bir çoxunu narahat edir. Həkim deyir ki, belə narahatlıq varsa, ilk növbədə dabanlara diqqət edilməlidir:

“Bunun səbəbi ayaq göbələyi ola bilər. Qoxunu ayaq quruluğu, dəri üzərində və aralarında qızartı müşayiət edir. Ayaqlarda xoşagəlməz qoxu dərini qıcıqlandıran bakteriyalara səbəb olur. Ayaq göbələyini müalicə etmədikdə, xəstəlik daha da ağırlaşır. Göbələk toxumalara zərər verir, bu da bakteriyaların dəriyə daha dərindən nüfuz etməsinə kömək edir. Bənzər simptomlar varsa, onu görməzdən gəlməyin. Bu gün tibb xəstəliyin müalicəsi və xoşagəlməz bir qoxunu aradan qaldırmaq üçün geniş vasitələr təklif edir. Lakin seçilmiş vasitənin müvəqqəti istifadəsindən sonra heç bir təsiri olmadığını görürsünüzsə, həkimə müraciət etmək lazımdır. Həmçinin xəstəliyə qarşı qoruyucu tədbirlər görün və gigiyenik qaydalara əməl edin”.

Qayıdaq xoşagəlməz sidik qoxusuna. Qeyd edildiyi kimi, sidik yolu infeksiyasının əlamətidir. Həkimin də bildirdiyi kimi, sidikyolu infeksiyaları xüsusi kəskin qoxuya səbəb olur. Nərminə xanım deyir ki, bakteriyalar sidik borusuna daxil olur və orada çoxalır:

 

“Sidik borusu qadınlarda daha qısa olduğu üçün bu problem onlarda daha çox rast gəlinir. Bu, bakteriyaların tez bir zamanda kisəyə daxil olmasına imkan verir. Bu baxımdan, kişilər tez-tez belə bir simptomu hiss etmir və xəstəlik olduqca irəlilədiyi zaman tibbi müalicəyə müraciət edirlər. Sidik borusundakı bakteriyalar tez-tez sidik kisəsi iltihabına səbəb olur. Vaxtında müalicə olmadıqda təhlükəli infeksiya böyrəklərə nüfuz edə və onların iltihabına səbəb ola bilər. Əvvəlcə xəstəlik özünü kəskin şəkildə göstərir və vaxtında tibbi müalicə olmadıqda xroniki formaya çevrilir. Unutmaq olmaz ki, kəskin sidik qoxusu ciddi xəstəliklərin də əlaməti ola bilər. Hətta bəziləri təcili cərrahi müdaxiləsi tələb edir. Odur ki, bu problem müşahidə olunduqda, dəral həkimə müracit edilməlidir”.

Həkim qeyd etdi ki, süd məhsullarında kiçik bağırsaqda həzm olunan laktoz var və bu formada bağırsaq divarından qana daxil olur. Ancaq bəzi kəslərdə bu proses pozulur və laktoz böyük bağırsağa daxil olur:

“Bu, daha çox ürəkbulanma, ishal, qusma və kəskin nəcis qoxusuna səbəb olur. Bu cür simptomlar laktoz dözülməzliyini göstərir. Dünya əhalisinin təxminən 65% -i süd məhsullarından istifadə edərkən həzm problemləri ilə qarşılaşır. Ancaq bəziləri üçün hətta kiçik miqdarda süd dözümsüzlük yarada bilər, digərlərində isə əhəmiyyətli porsiyaların istifadəsi vaxtı simptomlar zəif görünür. Odur ki, əgər süd məhsulları sizdə xoş olmayan qazlar və nəcis qoxusu yaradırsa, istifadəsinə diqqət etməyə dəyər. Belə simptomlar digər xəstəliklər üçün də xarakterikdir. Laktoz dözümsüzlüyünün vaxtında müalicəsi həyatınızı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və istənməyən simptomlardan xilas edəcək”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir