Nermine Abbasova

Nərminə Abbasova: “Kompleks müalicə xəstəliyi geri çəkilməyə məcbur edir”

Baxış sayı: 666

Bu gün geniş yayılan xəstəlik və sindromlardan biri də reynodur. Həm xəstəlik, həm də sindrom olan reyno xüsusən qadınlarda daha çox rast gəlinir və 13-14 yaşdan etibarən özünü göstərməyə başlayır. Bəs bu xəstəliyin əlamətləri nədir, necə yaranır və müalicəsi necə aparılır?

Reyno sindromu ilə bağlı sorğusunu cavablandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, reyno xəstəliyi məhdud sahələrdə, məsələn, ətrafların distal hissələrində, burnun ucunda, sırğalıqda orqanizmdə qan dövranının kəskin pozulması ilə xarakterizə olunan angiotrofonevrozlar qrupundan olan bir xəstəlikdir. Ailə həkimi qeyd etdi ki, spazm soyuq, vibrasiya və ya güclü stressə məruz qalmağa cavab olaraq baş verir:

“Xəstəlik ekzogen və endogen amillərin təsiri nəticəsində inkişaf edir. Reyno xəstəliyinə həmçinin angiotrofoalgik sindrom, vaskulyar-trofik nevropatiya, vazomotor nevroz da deyilir. 40-50 yaş arasında olan və miqrendən əziyyət çəkən qadınlar bu xəstəliyə digər şəxslərə nisbətən 5 dəfə çox məruz qalırlar”.

Terapevt vurğuladı ki, reyno xəstəliyini reyno sindromundan fərqləndirmək lazımdır. Həkimin sözlərinə görə, simptomların bənzərliyinə baxmayaraq, onlar etioloji səbəblərinə görə bir-birindən fərqlənir:

“Reyno həm mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması səbəbindən müstəqil bir xəstəlik kimi inkişaf edə, həm də bəzi digər patologiyalarının bir sindromu kimi təzahür edə bilər. Bu xəstəliyin səbəblərini onun inkişaf mexanizmindən ayrı şəkildə tədqiq etmək mümkün deyil. Onun əsasında həm damar divarlarına, həm də onların innervasiyası üçün məsul olan strukturlara təsir göstərən üzvi və funksional pozuntular dayanır. Nəticədə, damarların sinir tənzimlənməsi pozulur ki, bu səbəbdən də onlar müxtəlif qıcıqlara spazmlar və ardınca inkişaf edən atrofiyalar şəklində reaksiya verir. Reyno sindromunun əsas səbəbi qan damarlarının qəflətən baş verən spazmı və bunun nəticəsində qan dövranının, toxumaların trofikasının pozulmasıdır. Reyno sindromunun meydana gəlməsində irsi meylliyin əhəmiyyətli rol oynaması güman edilir.

Qeyd edim ki, reyno sindromu üçün paroksizmal gediş və mərhələlik xarakterikdir. Spazm periferik damarlarda baş verdiyindən, simptomlar tez-tez əllərdə, daha az ayaqlarda, nadir hallarda isə burnun və dilin ucunda, çənədə və sırğalıq nahiyələrində qeyd olunur”.

Nərminə xanım bildirdi ki, reyno sindromunda qan damarlarının periodik spazmı izsiz olmadan keçib getmir. Ailə həkiminin sözlərinə görə, vaxtında müalicə olmadıqda funksional pozuntular üzvi pozuntularla əvəz olunur:

 

“Bu, o deməkdir ki, qan təchizatının pozulması gec və ya tez trofik pozuntuların inkişafına gətirib çıxarır. Trofik dəyişikliklər artıq paroksismal bir xarakter daşımır, onlar daimi olaraq qalır, bununla da xəstənin həyatını əhəmiyyətli dərəcədə ağırlaşdırır. Barmaqlar şişir, dəri çatlyır, uzun müddət sağalmayan xoralar və dolamalar yaranır. Ağır hallarda səthi toxumalarının nekrozu və onların qopması mümkündür, qanqrena inkişaf edə bilər.

Reyno sindromun və Reyno xəstəliyinin kliniki gedişində bəzi fərqlər vardır. Çox vaxt, Reyno xəstəliyi gənc yaşlarda baş verir, ətrafların zədələnməsi simmetrik olmur, trofik dəyişikliklər olduqca nadir hallarda inkişaf edir. Reyno sindromunda zədələnmələrin simmetrikliyi qeyd edilir, o, daha sürətlə inkişaf edir ki, bu da sindromun səbəbi olan əsas xəstəliklə bağlı olur. Periferik toxumalardakı dəyişikliklərdən əlavə, reyno sindromu olan xəstələr ürək və mədə nahiyələrində ağrılardan, bel ağrısından, yuxu pozuntularından, miqrenoz xarakterli baş ağrılarından şikayət edə bilərlər”.

Həkim-terapevt bildirdi ki, reyno xəstəliyinin diaqnostikası xəstənin şikayətlərini təhlil etməkdən və anamnezlərin toplanmasından başlanır. Həkimin sözlərinə görə, əsas rol ovucların və ayaq pəncələrinin dərisinin rənginin soyuğun təsirindən dəyişilməsi şəklində verdiyi qeyri-adekvat bir reaksiya ilə ifadə olunur:

“Xəstədə reyno sindromunun və ya reyno xəstəliyinin olmasını ayırd etmək üçün müəyyən diferensial əlamətlər istifadə olunur. Reyno sindromu diaqоnzu, оnun bir simptom kompleksi olduğu digər xəstəliklərin mövcudluğu zaman təsdiq edilir. Reyno xəstəliyi diaqnozu, bu xəstəliklər olmadıqda və hərtərəfli müayinələr əsasında təsdiqlənir. Diaqnostikada əsas məqsəd prosesin reyno sindromu və ya reyno xəstəliyi olduğunu aydınlaşdırmaqdır ki, bu da sonrakı müalicə taktikasını müəyyən etməyi asanlaşdırır”.

 

Həkim deyir ki, reyno sindromundan azad olmaq əsas xəstəliyin müalicəsindən başlayır. Onun fikrincə, belə müalicə olmadan reyno sindromuna qarşı yönəldilmiş bütün təsir üsulları gücsüz olacaq:

“Səbəbi tapılmadıqda isə simptomatik müalicə aparılır. Reyno xəstəliyinin müalicəsi əsasən spazmın başlanmasına səbəb olan bütün mümkün amilləri kənarlaşdırmağa yönəldilib. Bunlar siqaretdən və spirtli içkilərdən istifadə, hipotermiya, vibrasiyanın təsiri və digər ekzogen amillərdir. Belə bir diaqnoz təsdiq edildikdə reyno sindromunu törədən əsas xəstəliyi tapmaq çox vacibdir”.

Nərminə xanım vurğuladı ki, reyno sindromu və xəstəliyi müasir təbabət üçün çoxistiqamətli bir problemdir. Həkim qeyd etdi ki, bu xəstəlik zamanı orqanizmdə baş verən patoloji dəyişikliklərin səbəbləri və mexanizmləri hələ tam müəyyənləşdirilməsə də, onunla effektiv şəkildə mübarizə aparmaq mümkündür. Əksər hallarda kompleks müalicənin aparılması xəstəliyi geri çəkilməyə məcbur edir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir