“Miqren ciddi xroniki xəstəlikdir və “Miqren” diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir”.
Bu barədə danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, bəzi əlamətlərə görə də insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər.
Nərminə xanım deyir ki, belə şübhələr yaranan kimi tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır:
“Miqren güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı nəbz vurğuları kimi xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır”.
Həkim-terapevt qeyd etdi ki, Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş verir. Onun sözlərinə görə, tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq (əyri-üyrü) şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur:
“Miqren tutması zamanı ağrı o qədər güclü olur ki, onların olması səbəbindən insanın işləməsi və ya evdə nə isə bir iş görməsi belə, mümkün olmur. Ağrı sözün əsl mənasında insanı yatağa “zəncirləmiş” olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır. Miqren tutması zamanı arterial təzyiqin artması adətən müşahidə edilmir. Bəzi xəstələr miqren tutmasından 30 dəqiqə, yaxud 1 saat əvvəl aura adlandırılan müəyyən bir əlamətlər, məsələn, gözlərinin qarşısında müxtəlif yanıb-sönən işıqlar və rəngli ləkələrin əmələ gəlməsi, əllərində zəiflik və titrəmə hiss edirlər”.
Həkim deyir ki, Miqren tutması 4 saatdan 72 saata qədər davam edə bilər. Bəzi insanlarda bu tutmalar ay əzində 2-3 dəfə, digərlərində isə ildə 1 dəfə baş verir. Nərminə xanımın sözlərinə görə, Miqren tutmaları istənilən yaşdan başlaya bilər. Ancaq əksər hallarda onlar 20-30 yaşlarında başlayaraq 50 yaşından sonra keçib gedir:
“Miqren əsasən qadın xəstəliyi hesab olunur. Qadınlarda bu xəstəlik kişilərə nisbətən bir neçə dəfə çox təsadüf edilir.
Müşahidələrimizə görə, miqrendən əziyyət çəkənlər üçün bir sıra ümumi xüsusiyyətlər var: streslərə qarşı dözümlülüyün zəif olması, həyəcanlılq, tez hirslənmək, depressiyalara və əhvalın dəyişməsinə meyillilik”.
Miqrenin inkişaf etməsinin səbəblərinin indiyə qədər müəyyən edilmədiyini vurğulayan həkim bildirdi ki, bunun hormonal sfera və immunitetlə əlaqəli olmasına “şübhə” olsa da, sübüt olunmuş nəticələr hələ ki, əldə edilməyib:
“O da məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, çox yəqin ki, siz də bu xəstəliyi irsi olaraq onlardan “alacaqsınız”.
Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir. Həmçinin, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır”.
N.Abbasova bildirdi ki, Miqren tutmasını törədən 2-ci dərəcəli səbəblər kimi parlaq işıq və ya güclü səs, kəskin iylər, havanın kəskin şəkildə dəyişilməsi, maqnit fırtınası, qadınlarda hormonal dəyişikliklər, yuxunun kifayət qədər olmaması, güclü fiziki və əqli gərginliklər, uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş, aclığı göstərmək olar. Eyni zamanda, bəzi qida növlərindən şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri, paxlalı bitkilər, pomidor, kərəviz, pendirlər, alkoqol, xüsusən də qırmızı çaxır, şampan şərabı, pivə, kofein və bəzi dərman preparatları məsələn, arterial təzyiqi aşağı salan dərmanlar, hamiləliyin qarşısını alan hormonal kontraseptivlər və sair Miqren tutmasını törədən 2-ci dərəcəli səbəblərdəndir:
“Buna görə də miqrendən əziyyət çəkən adamlar profilaktik məqsədlə tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxdında olmaqla düzgün qidalanmalıdırlar. Ümumiyyətlə götürüldükdə isə onlar tam sağlam həyat tərzi sürməli, bədən tərbiyəsi, üzgüçülük, uzun müddət ərzində açıq havada gəzməli və digər bu kimi sağlamlaşdırıcı üsullardan istifadə etməlidirlər”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)