Novruz bayramının adətlərindən biri, qurşaq atmaq – torba atmaq, şal atmaq ənənəsidir…Həmin dövrdə evlərin bacalarından, qapılarından qurşaq, şal, yaylıq və s. atardılar ki, pay yığsınlar. Amma papaq atmazdılar. Papaq qədim Türkün, Azərbaycan xalqının qeyrət rəmzi olduğu üçün heç vaxt papaq ayaq altına atılmayıb. Bayramda icra olunan vasitələr xurcun, torba, qurşaq, şal, yaylıq və s. olub.
Bu barədə danışan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Ulu Şəhriyarın “Heydər babaya salam” şerindən də misal gətirdi.
“Bu bayram günündə xalq arasıdna icra olunan adətlərdən idi. Əslində aparılan pay ruhun payıdır aparılır. Çünki şal atanların üzü görünməməli idi. Bu şəxslər həm də ruhu imitasiya edirdi. Həmin il dünyasınını dəyişmiş insanların ruhunu imitasiya edirmişlər kimi pay yığan qapıya gəlib o payı aparırdı. O dövrdə yığılan pay dənli bitkilərdən ibarət idi. İndiki kimi bişintilərdən ibarət deyildi. Həmin dövrdə “kasa çaldı” ritualı da var idi. Ölən şəxslərin adına kasa gətirərdilər. O mərasimə də “kasa çaldı” mərasimi deyərdilər. Kasa zınqırovlu kasa idi. Onun səslənməsindən bilərdilər ki, “kasaçaldı” mərasimidir və pay vermək lazımdır. Pay həmin kasaya yılğılardı. Buğda, arpa çovdar və s. qoyulardı. Burada iki məsələ var idi. Həm ruhun payını götürmək, həm də təbiətin, qışın payını götürmək idi. Bu dənli bitkilər əkin sahələrinin ətrafına səpilərdi. Bu həm də qurban vermə aktı kimi də qəbul edilərdi”-deyən Atəş Əhmədli bildirib ki, bugün “papaq atdı” mərasimi əslində qurban vermə ritualıdır. Ruhun payını vermək, təbiətə qurban vermək…
“Bayram səhəri məzarlığa ziyarət edilən zaman müəyyən bişintilər aparılır. Bəzi insanlar elə başa düşür ki, bu aparılan bişintilər kasıb-kimsəsiz uşaqlar üçündür ki, onlar onu götürsünlər. Əslində, bunun da kökündə qurbanvermə aktı var. O da ruhun, təbiətin payıdır”-deyən alim qeyd edib ki, unutmamaq lazımdır ki, bayram dini bayram deyil, dünyəvi bayramdır.
İradə Cəlil