Bu gün Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.
Maraqlı olacağını nəzərə alıb, od çərşənbəsi haqqında unudulmuş məqamları təqdim edirik:
Əslində, Torpaq çərşənbəsi olmalı imiş
Bu gün Boz ayın ikinci – Od çərşənbəsini qeyd edirik. Qədim türk coğrafiyasında çillələrdən sonra gələn Boz ay bitincə yeni ilin başlanğıcını, təbiətin oyanışını təmin edirmiş. Boz aydan əvvəl isə bir neçə yalançı çərşənbələr də zaman-zaman qeyd olunub. Amma ilk əsas çərşənbə olan Su çərşənbəsindən sonra sovet dövründən etibarən Od çərşənbəsi qeyd olunmağa başladı. Lakin Azərbaycanın, türk dünyasının mifoloji qaynaqlarını araşdıran folklorçu Mirəli Seyidov, həmçinin, folklor və etnoqrafiyamızı bir çox təhriflərdən xilas edən Məhəmmədhüseyn Təhmasib ikinci çərşənbəni birmənalı şəkildə od deyil, Torpaq çərşənbəsi adlandırıblar. Bu mifoloji ənənəyə uyğun olaraq yaradılışın məzmununu özündə əks etdirir:
Əvvəlcə, hər yer su idi, sonra su üzərində torpaq yarandı, su ilə torpağın qovuşuğu odu meydana gətirdi. Yel isə bu ünsürlərə həyat verdi. Beləcə, 4 müqəddəs ünsürün- su, torpaq, od və havanın qarşılıqlı həyat yaratma mexanizmi Sovet dövrünün təhriflərinə əsasən, pozuldu. Bu isə Novruz bayramının mahiyyətini aşağılamaqdan başqa bir şey deyildi.
Oda və Od çərşənbəsinə inam
Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. M.Təhmasibin qeydlərinə görə, xalq, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.
Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən.
Mifoloji dünyagörüş xalqın şüuraltısında hər zaman yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, onların məhvi baxımından vacib ritual sayılıb: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, deyilir, bu çərşənbədə…
Etnoqrafiya və folklorumuzun dərin bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Od çərşənbəsi ilə bağlı bunları deyib:
“Od çərşənbəsində su ilə yuyulub-yaxalandığımız kimi, odla da yuyunardıq. Odun-ocağın bizdən aşağıda, ayaqlarımızın altında olması lazım gəlir. Üzərindən atlanırıq, üstümüzün ağırlığını oda tökürük. Sonrasa oda arxa çeviririk. Hamısı ona görədir ki, biz həmin anda başlanğıcı, böyük doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, arınması dönəmini yaşayırdıq”.
Qədim zamanlarda Od çərşənbəsi
Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.
Od çərşənbəsinin unudulmuş adətləri
Ayı oynatma – Burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə göstərilən tamaşadır. Bir adama ayı dərisindən kürk geyindirilir. Başqa bir adam onun boynuna zəncir salıb tamaşaçıların toplaşdığı meydana aparır. Burada ayı onların üzərinə atılmaqla guya, adamları qorxutmaq istəyir. Meydanda kimlərisə yamsılayır və insanların alqışını qazanır. Ayının yamsıladığı adamların arasında cütçü mütləq olmalıdır. Bu da ayılan torpağa olan münasibəti əks etdirir. Bu oyuna oxşar dəvəoynatma oyunu da var.
Açar falı: Çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.
Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.