nigah muqavilesi

Oğlanlar niyə gec evlənir?

Baxış sayı: 1. 654

Son illər oğlanlar arasında gec ailə qurmaq halları artıb. Belə ki, Azərbaycanda orta nikah yaşı artıq 28-ə çatıb. Bununla əlaqədar olaraq gec ailə quran qızların da sayı artır.

Qeyd edək ki, ölkədə son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.

Ümumilikdə son illər ərzində Azərbaycanda rəsmi nikaha ilk dəfə daxil olan həm qadın, həm də kişilər arasında orta nikah yaş həddi nisbətən artıb.

2003-cü ildə kişilərin nikaha daxilolma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub (“Trend”). 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.

2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.

Azərbaycanda qadınlar arasında ötən il qeydə alınan orta nikah yaşı son 27 il üçün ən yüksək olan göstəriciyə (Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qeydə alınıb) yaxınlaşıb. 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub.

Son 27 il ərzində kişilər arasında ən yüksək nikah yaşı ötən il qeydə alınıb. Bundan əvvəl ölkədə kişilər arasında ən yüksək nikah yaşının olduğu il 2002-2003-cü illər (28,6) olsa da, 2017-ci ildə evlənən kişilərin orta yaşı 28,8 olub.

evlenmek

Psixoloq Aydan Nəzərova  bildirir ki, hal-hazırda ailə qurmaq qlobal problemlərdən birinə çevrilib: “Ailə kiçik bir dövlətdir. Kişi ailənin prezidenti, qadın baş naziridir. Ümumiyyətlə, ailə qurmaq çox məsuliyyətlidir. Bəzilərinə bu, asan görünə bilər, bəzilərinə isə çox çətin. Evliliyə məsuliyyətlə, diqqətlə yanaşsalar, nə ailələr dağılar, nə də ailələrdə davalar olar. Elə ailələr var ki, qızlarını oğlanla görüşməyə qoymurlar. Amma düşünmürlər ki, bəlkə onlar ailə quranda heç bir-birini başa düşmədi, xasiyyətləri tutmadı. Buraxaq cavanların öhdəsinə qərarları özləri versinlər. Biz məsləhət görərdik ki, gənclər ailə qurmamışdan öncə görüşməli, oturub danışmalıdırlar. Heç vaxt insanı məcbur etmək olmaz ki, sən filankəslə ailə qurmalısan. Bu, düzgün istiqamət deyil”.

Nəzərova qeyd edir ki, orta nikah yaşı artmaqdadır, hətta 30-35-ə gəlib çatıb: “İndi daha çox avropalaşmağa doğru gedirik. Oğlanlar düşünür ki, niyə ailə qururam? Özüm üçün sərbəst şəkildə yaşayıram. Hara istəyirəm, kimlə istəyirəm, gedirəm. Ailə məsuliyyətini daşımaq istəmirlər. Üstəlik indi texnologiyalar da inkişaf edib, qabyuyan maşın, paltaryuyan maşın və s. hər şey var deyə, həyat tərzləri rahatdır. Heç kimə ehtiyac duymurlar. Amma düşünmürlər ki, yaşlanmağa doğru gedirlər. Sabah ailələri, övladları olmalıdır ki, yaşlananda onlara dəstək olan olsun, övladları onlara baxsın. Bunu cavanlıqda düşünmürlər. Ona görə də 30-35 yaşa çatanda fikirləşirlər ki, mən niyə ailə qurmamışam?”

Həmsöhbətimizin fikrincə, oğlanlar iş tapmaqda çətinlik çəkirlər, evləri yoxdur, maşın ala bilmirlər və belə halda da ailə qurmağı gecikdirirlər. “İstəyirlər ki, hər şəraitini düzəldib sonra ailə qursunlar. Bu problemlər də onların ailə qurmağını gecikdirir. Keçmiş zamanlarda belə deyildi. Əvvəllər ailə qurarkən gəlin qayınata və qayınana ilə rahat şəkildə qalırdı. İndi qayınana ilə yaşamaq ən böyük problemimizə çevrilib. Qıza elçi düşəndə qız baxır ki, oğlan atası və anası ilə qalır və nikaha daxil olmağa razılıq vermir. Elə qadınlar var ki, ailə qurduqdan sonra həyat yoldaşına dəstək olmur. Hazıra nazir olmaq istəyirlər. Bu da nikah yaşının artmasına səbəb olur”.

Onun dediyinə görə, gənclər, əgər ailənin təməlinin möhkəm olmasını istəyirlərsə, bir-birinə kompromisə getməlidirlər: “Qadınlar arasında da gec ailə quranların sayı artır. Bunun da səbəbləri müxtəlifdir. Səbəblərdən biri də oğlanların gec ailə qurmaq fikrinə düşməsidir. Nəticədə qızların da nikaha daxil olan yaş həddi artır. Başqa bir səbəb qızların karyera qurmaq istəyidir. Karyera qurur və 40-45 yaşına gəlib çıxır. Bu yaşda artıq ailə qurmaq istəyirlər. Bu da gec olur.

Elə qızlarımız da var ki, ailə quranda xaricilər kimi yaşamaq istəyir. Daha sərbəst şəkildə yaşamağı seçirlər. Azərbaycan mentalitetindən çox fərqli yaşamağı arzulayırlar. Xarici ər axtarırlar. Valideynləri xarici vətəndaşla ailə qurmağa icazə vermədikdə subay qalmağa üstünlük verirlər”.

Kişilərin orta nikah yaşının artmasının əsas səbəbinin maddiyyat olduğunu deyən psixoloq Ruhiyyə Rüstəmova “Ekspress”ə bildirib ki, oğlanlar ailəsini saxlaya bilməyəcəklərindən qorxurlar: “Gənc oğlanlar sərbəst yaşaya bilmir, çətinliklərə çətin adaptasiya olurlar. Özgüvən azlığı onlara ailə qurmaq problemini yaradır”.

evlenmek

Psixoloq Tahiba Quliyevanın isə dediyinə görə, kişilərin gec yaşda ailə qurmağının əsas səbəbi işsizlik, maliyyə problemləri, ailə quracaq tərəflərin bir-birinə tələbləridir: “Zaman dəyişir, insanların dünyagörüşü artır. Xaricə meyl getdikcə daha da güclənir və bütün bunlar fikirlərimizə təsir edir. Evlənmə yaşı da əvvəlki illərə görə artıb”.

Əvvəllər oğlan ailə quracaqdırsa, bunun məsuliyyətini tək daşımırdı, oğlanın valideynləri də bu məsuliyyəti daşıyırdı. Məsələn, evlənəcək oğlanın seçimi ilə bağlı valideynləri də öz sözünü deyirdi. “Bir çox hallarda oğlanın hansı qızla evlənməsinə valideynlər özləri qərar verirdilər. Misal üçün, qonşu Fatmanın qızı ağıllıdır və s. kimi fikirlərlə ailələr qohum olurdu. Maddi yük də bölüşdürülürdü. Oğlanın evi yox idisə, valideynlərilə birgə qalırdılar. İndisə belə deyil, hər kəs qərarını özü vermək istəyir. Ailə quracaq hər iki tərəf düşünür ki, ailə quracağıqsa, evimiz və sabit bir gəlirimiz olmalıdır. Gənclər ailə qurarkən ayrıca evdə qalmaq istəyirlər. Bunun üçün də təhsil alıb, karyera qurduqdan sonra ailə həyatı barədə düşünürlər”.

 

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir