Boşluq, sevgisizlik, yarımçıqlıq sindromu, qərarsızlıq, yaxud da elə özünlə bağlı qərar vermək səlahiyyətinə sahib olmamaq bir çox hallarda insanları uçuruma yuvarlayır. Bu uçurum isə ən pis halda narkotik asılılığı ilə nəticələnir.
İçindəki boşluğu ani həzzlə doldurmaq üçün bu yolda ilk addımlarını atanlar əvvəl həyatı daha rəngarəng görməyə başlasalar da, sonradan ümumiyyətlə həyatın dadını, zövqünü, rəngini, rənglərin çalarlarını belə unudurlar. Düşüncəsizlik, mənəvi boşluq, təklik, özünəqapanma, özünü cəmiyyətə yad hissetmə, özünüifadədə problem yaşayanlar, yaşamaq üçün heç bir məna tapa bilməyənlərin getdiyi yoldur bu yol. Bir çoxları üçün geriyə dönüşün olmadığı bir yoldur bu yol. Söhbət “ağ ölüm” adlandırdığımız narkotiklərdən gedir.
Beləliklə, “Narkotikə yox deyək!” şüarı ilə yola çıxıb daha bir “qəhrəman”ın acı dolu həyat hekayəsini dinlədik.
Mərdəkanda yerləşən “Həyat Naminə” reabilitasiya mərkəzinin 22 pasiyentindən biri olan 32 yaşlı həmsöhbətimiz Amin Quliyev artıq 6 ildir ki, ağır narkotik isitfadəçisidir. İlk dəfə olaraq 18 yaşında Astarada hərbi xidmətdə qulluq edərkən narkotikin dadına baxıb.
Öncə Amin haqda qısa məlumat verək. Böyüdüyü ailədə 3 bacının bir qardaşı olub: “Hərbi xidmətə gedənədək çöl-bayır görməmişdim, el dili ilə desəm, ev uşağı olmuşam. Əsgərlikdə olanda kənd camaatına odun verirdik, onlar da bunun qarşılığında bizə narkotik verirdilər. Xidmət müddətim bitəndən sonra da narkotik axtardım. Onu tapmaq mənim üçün heç də çətin deyildi”.
Digər narkotik istifadəçiləri kimi, o da ailə qurmaqla hər şeyin düzəldəcəyini düşünsə də, ailə qurduqdan sonra daha böyük depressiya yaşayıb: “Həyat yoldaşım öncədən narkotik istifadəçisi olduğumu bilirdi. 24 yaşımda ailə qurduqdan bir müddət, təxminən 1 il sonra yenidən, bu dəfə daha ağır narkotik istifadə etməyə başladım. Təzə ailə quranda imkanımız yaxşı idi, gəzib əylənirdik, ona maraqlı deyildi ki, mən nə istifadə edirəm”.
O uşaqlıqdan içində bir boşluqla, yadlıqla, ögeyliklə böyüyüb, lakin uzun illər bu münasibətin cavabını axtarmağa çalışsa da, buna nail ola bilməyib. Günlərin bir günü isə hər şey gün üzünə çıxır. O övladlıq olduğunu anlayır: “Böyüdüyüm ailədə soyuqluğu hiss etsəm də, həqiqəti 18 yaşımda öyrənmişəm. Universitetə imtahan vermək üçün doğum haqda şəhadətnaməm tələb olunurdu. İmtahana sayılı günlər qalmışdı, çıxılmaz bir vəziyyət yaranmışdı. Doğma valideynim hesab etdiyim şəxslər artıq mənə həqiqəti demək məcburiyyətində qalmışdılar. Dedilər ki, get doğum haqda şəhadətnaməni doğma valideynlərindən istə”.
İyulun 21-i doğum gününə təsadüf edən Amin bundan bir gün öncə həqiqəti öyrənir, imtahana da sənəd verməkdən imtina edir və iyulun 22-də hərbi xidmətə yollanır.
Bəs, əsl hqiqət nə idi? Amin niyə atılmışdı, yaxud da övladlığa götürülmüşdü? Bu sualların da cavabında bir tərəfin oğul valideyni olmaq sevdası, digər tərəfdə isə doğma valideynlərin laqeydliyi, öz övladını bir əşya kimi tərk etməsi durur. Aminin dilindən də bunları eşitmək çətin idi: “Doğma olaraq 2 qardaşım və bir bacım var. Bibimin isə 3 övladı olsa da, oğul övladı olmayıb. Bu səbəbdən atama deyib ki, məni ona övladlığa versinlər”.
Beləcə bir körpənin gələcək həyatı məhv olur. Doğma olmadığından ögey anası olan bibisindən hər zaman yad münasibət görür, incidilir, sevgisiz böyüyür. Bibisi Aminlə doğma valideynləri arasında bağın yaranmaması üçün hər zaman onları pisləyir. Beləcə, doğma valideynləri sağ olarkən Amin onlarla 3-4 dəfə görüşmüş olur, doğma övladları olduğunu bilmədən. Yarımçıqlıq sindromu, boşluq isə onu sonu, ucu-bucağı olmayan bir yola – uçuruma yuvarladır: “Həyatımdakı boşluğu heç nə öldürə bilmirdi. Heç bir şeydən zövq almırdım. Ögey atam mənə yaxşı davranırdı. Gömrükçü idi, imkanımız normal idi. Maddi olaraq heç nədən korluq çəkməmişəm. Amma nəsə edirdilər, sonra başıma vururdular ki, sən filankəsə oxşamısan, pissən. Ümumiyyətlə, sovet dövrünün adamlarını bəyənmirəm. Sanki hamısı özünü ağıllı hiss edir. Ögey anam, yəni, bibim pis adam olmasa da, amma pis xarakterli biri idi. Onun üçün həmişə düz özü idi, başqasının da fikrinə hörmətlə yanaşmazdı. Mənim heçş bir fikrim onun üçün önəmli deyildi”.
Doğma valideynləri dünyalarını dəyişib, Amini də elə ən çox narahat edən həqiqəti vaxtında öyrənməməsidir, deyir ki, həqiqəti zamanında öyrənsəydi, onları sorğu-sual edərdi, niyə həyatı ilə bir əşya kimi oynanıldığını, niyə əşya kimi bağışlanıldığını soruşardı: “Anamla əlaqəmin olmamasına çox peşmanam, onu görmək istəyərdim sağ ikən. Özümə təsəlli vermək üçün dünyasını dəyişən valideynlərimə məktub yazmışam. Elə bilirəm ki, qabağımdadırlar, oturub yazdığım məktubu oxuyurlar. Məktubda ən çox atamı qınamışam, demişəm ki, kaş ki, mənim həyatım belə olmazdı. Məktubumla atama xüsusən onu vurğulamaq istəyirdim ki, bəlkə də onların yanında qalsaydım, həyatım da başqa cür olacaqdı. Bu həyatı yaşamayacaqdım”.
Narkotikə aludə olduqdan sonra ailədəki münasibətlər daha da gərginləşdiyindən Amin ögey valideynlərindən ayrı, kirayədə yaşamağa qərar verir: “Ögey validyenlərim narkotik isitfadəçisi olduğumu biləndə artıq kirayədə qalırdım, onlarla yola gedə bilmirdim. Yaxşı işim vardı, FHN-də çalışırdım, maaşım normal idi. Xaricdə təhsil almışdım. Ailə qurduqdan bir müddət sonra isə yoldaşımla münasibət daha da pisləşdi. Yoldaşım deyirdi ki, yalançısan. Demişəm ki, sənə 20 dəqiqə vaxt verirəm, nə sual versən, düz cavab verəcəm, amm mənə yalançı demə, təmkinli ol, sakit davran, kömək etməyə çalış, qışqır-bağır salma. 20 dəqiqə nədir ki, ikinci sualdan səs-küy salıb aləmi dağıdırdılar. Deyirdim ki, kömək edəcəksənsə, məndən sözün düzünü soruş, bunu bacarmayacaqsansa, məni qapazaltı eləmək üçün niyə düzünü bilməyə çalışırsan. İndi ətrafımda heç kimim yoxdur, doğma bacılarımdan, 1 ildir ki, tanıdğım qardaşlarımdan savayı. Narkotik məni yalnız qoydu”.
Bir müddətdir ki, həyat yoldaşından boşanıb: “Başqasından asılı olmağı bacaran adamam. Biri özünü mənə istətdisə, başıma oyun da aça bilər. Ona görə keçmiş həyat yoldaşımla barışmaq, yenidən onunla birgə olmaq istəmirəm. Ögey anam, həyat yoldaşıma görə qadın görəndə maksimum dərəcədə ondan qaçmağa çalışıram. Düşünürəm ki, təkbaşına düzəlməyi, doğru yola qayıtmağı bacarıramsa, o zaman tək qalsam daha yaxşıdır. İndi başa düşürəm ki, onlar mənə mane olurdu. 4 aydır düz yoldayam, nə içki içirəm, nə də ki, narkotikə aludə olmuşam. Hərdən də fikirləşirəm ki, mən narkomanamsa, kimdəsə niyə günah axtarmalıyam. Qadının pozğunu var, düşünün ki, narkoman da elə kişinin ən pozğunudur”.
Bu gün 8 yaşlı qızı Ahunun varlığı onu mübarizə aparmağa, bu yoldan geri dönməyə vadar edir: “Bir biləsiniz ki, onun üçün necə darıxıram….Qızım Ahu üçün buradayam. Həftədə bir dəfə onunla telefonda danışıram, arada gedib görürəm. Onun üçün hər şey edəcəyimə əminəm”.
Artıq bir müddətdir ki, özü ilə bağlı bütün qərarlar onun öz əlindədir: “29 yaşımadək mənimlə bağlı bütün qərarları ailəm verirdi. Artıq özümlə bağlı qərarlar verməyə başlamışam. Məsələn, tutaq ki, mən deyirdim ki, bu fotoaparatı almaq istəyirəm, evdən deyirdilər ki, yox sənə o deyil, bu telefon lazımdır. Bununla da razılaşırdım. Özümü dərk edəndə idmançı olmaq istəyirdim, dedilər ki, yox belə olarsa deyəcəklər ki, filankəsin oğlu savadsızdır. Yəni, belə deyim, istəklərimin üzərindən xətt çəkilib. Belarusda mühəndislik təhsili almışam, dövlət hesabına. Ali təhsil almışam, amma nə olsun, bunun mənə nə faydası var? Ağıllı olmaq lazımdır. İnsan çətinliyə düşməyincə ağlı başına gəlmir”.
Onun yaşadığı ən böyük travmalar elə övladı Ahu ilə bağlı olub: “Bir dəfə qaynatamgil, ögey valideynlərim yığışaraq bizə gəldilər, mənə də zəng etdilər ki, səni evdə gözləyirik. Evdə bir iclas təşkil etmişdilər. Məqsəd qızımı məndən almaq idi. Dedim “belə etməyin, mənə kömək olun”. Onları başa salmağa çalışırdım ki, bir neçə gün dərmanla müalicə olunmaq, bu yoldan xilas olmaq deyil. Başa salmağa çalışırdım ki, yanımda olsalar, mənəvi dəstək olsalar, bu yoldan uzaqlaşaram. “Məni eşidin, başa düşməyə çalışın”, deyirdim. Mülayimliklə, mehribanlıqla mənə deyilən hər şeyə əməl edirəm. Amma nə fayda, dinləyən yox idi, məcbur qalıb evin qapısını arxadan açarla bağladım ki, uşağı aparmasınlar. Gördüm, söz-söhbət bitmir, dediklərimin xeyri yoxdur, gedib otaqda uşağın özünə dedim ki, get ağla, de ki, atamdan ayrı qalmaq istəmirəm. Uşaq ağlayandan sonra onlar çıxıb getdilər”.
Digər narkotik isitfadəçiləri kimi küçə həyatı ondan da yan keçməyib: “Olub ki, boşandıqdan sonra narkotik asılılığıma görə 1 ilə yaxın küçə həyatı yaşamışam. Yola çıxırdım, bir isitqamət tutub gedirdim, amma gediləcək yerim olmadığından hara gedəcəyimi bilmirdim. Küçələrin o qədər tin, bucağında acı xatirələrim qalıb ki, hansından danışım, bilmirəm”.
Amin deyir ki, övladların bu yola düşməməsi üçün öncə onlara sevgi vermək lazımdır, qərarlarına hörmətlə yanaşmaq lazımdır, çalışmaq lazımdır ki, övlad özünü cəmiyyətə yararlı hiss etsin, arzularını reallaşdırsın.
Artıq qəhrəmanımızın səs tonu da dəyişib, boğuq bir səslə, sanki bizdən imdad diləyən kimi, gözü dola-dola səslənir: “Mən Ahunu çox istəyirəm axı… Ona görə buradayam, ona görə ayaq üstdə durmağı bacaracağam. Yox, mən bunu bacaracağam”.
Həqiqətən də “qəhrəman”ımız bunu bacaracaq, ya bacarmayacaq, təbii ki, bunu da zaman göstərəcək. Qeyd edək ki, hazırda Aminin müalicə aldığı “Həyat Naminə” reabilitasiya mərkəzinin direktoru Kənan Pirizadə də uzun illər narkotik isitfadəçisi olub və Belarusda reabilitasiya kursu keçdiyi üçün artıq uzun müddətdir ki, həyatda sağlam, ayıq addımlayır. Və belə misallar çoxdur.
İllərdir belə insanların həyatda sağlam addımlaması, öz dilləri ilə desək, “ayıq” olması o deməkdir ki, hər kəs bu qədər iradəli olaraq geriyə dönüş edə bilər.
Son qənaət olaraq reportajımızı elə “qəhərman”ımızın fikri ilə bitirək: “Narkotikdən asılı həyatın sonu bomj həyatı, oğurluq, narkotacirlik, yaxud da elə həbsxanadır.
Elə isə narkotikə yox deyək!
Nigar İsgəndərova