derman

Dərmanların qəribə yan təsirləri

Baxış sayı: 581

Müasir tibb möcüzələrlə doludur. Penisilin və insulindən xərçəng müalicələrinə qədər mövcud olan dərmanlarla hər il xilas edilən həyatların sayı durmadan artır. Bilirik ki, bir çox dərmanın yan təsirləri var və bəziləri olduqca qəribədir.

 

Fournier qanqrenası

“Jardins” 2014-cü ildə ABŞ Qida və Dərman İdarəsi tərəfindən 2-ci tip diabetin müalicəsi üçün təsdiq edilmişdir. Reklamlarda Amerika qanunlarının tələb etdiyi kimi yan təsirlərin siyahısı verilir, ancaq onlar haqqında tez-tez sakit səslə danışılır ki, aparıcı “perineal nekrotizan fassiitə” çatanda tamaşaçıların şoka düşmə ehtimalı az olsun.

Fournier qanqrenası olaraq da bilinən bu vəziyyət anus və cinsiyyət orqanları arasında olan toxumaların qaralması və çürüməsi ilə xarakterizə olunur.

Maya göbələkləri “Jardins”in ən çox görülən yan təsirlərindən biridir. Bu dərmanı qəbul edən həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Dəqiq mexanizm məlum deyil, lakin bəzi diabet xəstələri yüksək qan şəkərinə görə sidik yolları infeksiyalarına və maya göbələklərinə daha çox meyillidirlər və Fournier qanqrenası da eyni səbəbdən inkişaf edə bilər.

Göy qurşağı kimi sidik

Bəzən görüb baş çıxara bilmədiyimiz, təəccüb və qorxu yaradan səhhət problemləri yaşayırıq.

Bu, bir çox şəkildə özünü göstərə bilər, məsələn, sidiyin göy qurşağı rəngində olduğunu görsəniz, əlbəttə ki, həyəcan keçirəcəksiniz.

Sidiyin rənginə təsir edə biləcək bir sıra qidalar var.

Bununla yanaşı, Thorazine və Ex-Lax kimi dərmanlar ona qırmızı rəng verir. Xlorokin sidiyi tünd qəhvəyi, Amitriptilin yaşıl və ya mavi, Varfarin narıncı və ya qırmızı edir. Həddindən artıq B vitaminləri sidiyi neon sarı mayeyə çevirir. Bəzi dərmanlar hətta sidiyin qaralmasına səbəb ola bilər.

Əslində, rəngin dəyişməsi özlüyündə təhlükəli deyil; bu yan təsir dərman qəbul edilmədikdə yox olur.

 

Genital bölgədə qaşınma

Qaşınma bütün növ dərmanların qəbulu nəticəsində yarana biləcək yan təsirdir. Dərmanın hər hansı bir komponentinə qarşı allergiya özünü belə göstərir. “Floxin” dərmanında isə bu, çox qəribə yerdə
yaranır.

Selülit, pnevmoniya və ya taun xəstəliyi olduqda həkimlər müalicə üçün ofloksasin təyin edə bilər. Bir çox infeksiyaya qarşı mübarizə aparan bir antibiotikdir. Əksər antibiotiklər kimi, mədə narahatlığına, ishal və ya baş ağrısına səbəb ola bilər. Bununla belə, genital bölgədə qaşınmaya da səbəb olur.

Bundan əlavə, ofloksasinin yan təsirləri sırasına anemiya, gecə kabuslar görmək, toksik psixoz və günəş işığına həssaslıq daxildir. Bunlar ümumi yan təsirlər deyil, lakin potensial olaraq qeyd olunur.

 

Boyun qısalması

Prednizon preparatı Amerikada 1955-ci ildən istifadə edilir. Astma, allergiya, vərəm, dağınıq skeleroz, ürək çatışmazlığı, hətta xərçəngin bəzi növlərinə qarşı effektivdir. İstifadə spektri çox geniş olsa da,yan təsirləri də az deyil.

Çəki artımı, başgicəllənmə, baş ağrısı və əhval dəyişikliyi Prednizon qəbulunun ümumi yan təsirləridir. Lakin onlardan ən qəribəsi boyun azalmasıdır.

Gənc pasientlərin bu dərmanı qəbul etməsi boyun qısalmasına səbəb ola bilər. Söhbət 1-2 santimetrdən getsə də, buy an təsir təsdiq olunub.

 

Qara tüklü dil

Ürək bulanması, həzmsizlik və ishala qarşı istifadə edilən Pepto Bismol dərmanı  dillə əlaqəli maraqlı bir yan təsirə malikdir. Qara tüklü bir dil görünüşünə səbəb ola bilər. Bu, əslində ümumi bir yan təsirdir. Adətən bir neçə gündən sonra yox olur.

Pepto Bismolun aktiv maddəsi olan vismut subsalisilat ağızdakı kükürdlə reaksiyaya girərək dilə qara rəng verir (hər kəsdə olmur), papillada kükürd və vismut qarışığının toplanması səbəbindən dilin səthi tüklü görünür.

 

Yaşıl qan

Sumatriptan miqreni müalicə etmək üçün istifadə edilən bir dərmandır. 1990-cı illərin əvvəllərindən etibarən satışdadır. Hal-hazırda altı milyondan çox insan tərəfindən istifadə edilən bu dərman olduqca populyar və effektiv olduğunu sübut edib. Yorğunluq və qusma insanların bu dərmanı qəbul edərkən qarşılaşdıqları ən ümumi yan təsirlərdən bəziləridir.

Kükürd “Sumatriptan” əmələ gətirən maddələrdən biridir və çox nadir hallarda sulfhemoqlobinemiyaya səbəb ola bilər. Bu, qandakı hemoqlobin molekulları kükürd atomları ilə birləşdikdə baş verir və qan yaşıllaşır.

Qanınız həqiqətən kükürdlə necə davranacağını bilmir, buna görə də bu vəziyyət təhlükəli ola bilər. Bununla belə, qırmızı qan hüceyrələri daim yenilənir, buna görə də Sumatriptan qəbul etdikdən sonra qanınızın yaşıl rəngə çevrildiyini hiss edirsinizsə, sadəcə olaraq dərman qəbul etməyi dayandırıb hər şey normallaşana qədər gözləyə bilərsiniz.

 

Saç rənginin qayıtması

Qlobal saç rəngi sənayesi ildə 30 milyard dollar gəlir əldə edir. Bu çox böyük bir məbləğdir.Bir çox insan saç rəngini daha çox estetik məqsədlə dəyişdirsə də, bəzi insanlar ağ saçlarından bu yolla xilas olmaq üçün edirlər.

Qocalmaya qarşı mübarizə davam edir və çoxları üçün bu asan deyil. Ancaq məlum olub ki, gözlənilməz yan təsiri olan bir dərman var – ən azı saç rəngi baxımından zamanı geri çevirir.

İmatinib, qan xərçəngi olan insanlar üçün tez-tez təyin olunan bir xərçəng dərmanıdır. Onun qeyri-adi yan təsirini ilk dəfə fransız həkimləri hiss etdilər: ağ saçlı bir neçə kişi və qadında dərmanı qəbul etdikdən təxminən beş ay sonra saç öz təbii rəngini bərpa etməyə başladı.

 

Çox yüksəlmiş İQ səviyyəsi

Yodlaşdırılmış duz nədir? Bu o deməkdir ki, duza yod əlavə olunub. Dişlərin çürüməsinin qarşısını almaq üçün suya əlavə edilən flüor kimi, yod çatışmazlığının qarşısını almaq üçün duza yod əlavə edilir.

1980-ci illərdə populyarlaşdı, lakin 1920-ci illərdə bunu etməyə başlamışdılar və nəticələr heyrətamiz idi. Yod çatışmazlığının qalxanabənzər vəz problemləri və ciddi doğuş qüsurlarına səbəb olduğu bilinir. İnkişaf ləngiməsinin və əlaqəli pozğunluqların əsas səbəblərindən biri yod çatışmazlığıdır.
Tədqiqatlar müəyyən edib ki, yod çatışmazlığının geniş yayıldığı ərazilərdə yodlaşdırılmış duz tətbiq edildikdən sonra İQ balları bütövlükdə təxminən 15 bal artıb. Duzun tərkibindəki yod sayəsində bir insan nəsli daha ağıllı oldu!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir