Nermine  Abbasova

Dərmanları soyuducunun qapısında saxlamayın – Terapevt vacib xəbərdarlıq edir

Baxış sayı: 512

Evdə saxladığımız dərmanların düzgün istifadə olunması qədər, onların düzgün şəraitdə saxlanılması da böyük əhəmiyyət daşıyır. Təəssüf ki, bir çox insan dərmanların yalnız son istifadə tarixinə diqqət yetirir, saxlanma qaydalarını isə ikinci plana keçirir. Halbuki yanlış temperatur, yüksək rütubət və ya günəş şüaları bəzi preparatların təsir gücünü azalda, hətta onları istifadəyə yararsız hala sala bilər.

Ən çox rast gəlinən səhvlərdən biri dərmanların soyuducunun qapısında saxlanılmasıdır. Bir çox ailədə bu artıq vərdiş halını alıb. İnsanlar düşünürlər ki, soyuducunun qapısı dərmanlar üçün xüsusi nəzərdə tutulub. Əslində isə bu hissə temperaturun ən çox dəyişdiyi sahələrdən biridir.

Soyuducunun qapısı hər açılıb-bağlandıqda isti hava içəri daxil olur və temperatur qısa müddət ərzində dəyişir. Gün ərzində soyuducunun dəfələrlə açılması nəticəsində bu dəyişiklik təkrarlandığı üçün bəzi dərmanlar sabit saxlanma şəraitini itirir. Xüsusilə insulin, bəzi hormonal preparatlar, bioloji preparatlar, peyvəndlər və digər xüsusi saxlanma temperaturu tələb edən dərmanlar üçün bu dəyişikliklər onların keyfiyyətinə mənfi təsir göstərə bilər.

Əgər dərmanın təlimatında 2–8 dərəcə temperaturda saxlanılması qeyd olunubsa, onu soyuducunun orta rəflərində yerləşdirmək daha məqsədəuyğundur. Bu hissədə temperatur daha sabit olur. Dərmanları qida məhsulları ilə təmasda saxlamamaq, onları öz orijinal qablaşdırmasında və mümkün olduqda qapalı plastik konteynerdə yerləşdirmək də tövsiyə olunur.

Digər geniş yayılmış yanlışlıq isə dərmanların vanna otağında saxlanılmasıdır. Çoxları onları rahat istifadə etmək üçün dolabda və ya güzgünün arxasında yerləşdirir. Halbuki vanna otağında yaranan yüksək rütubət və temperatur dəyişiklikləri xüsusilə tablet, kapsul və toz şəklində olan preparatların keyfiyyətinə mənfi təsir göstərə bilər.

Dərmanların avtomobildə, eyvanda və ya birbaşa günəş şüalarının düşdüyü yerlərdə saxlanılması da düzgün deyil. Yay aylarında avtomobil salonunda temperatur çox yüksəldiyindən preparatlar qısa müddətdə öz xüsusiyyətlərini itirə bilər.

Evdə dərman saxlayarkən uşaqların təhlükəsizliyi də mütləq nəzərə alınmalıdır. Bütün preparatlar uşaqların əli çatmayan, kilidlənən və ya hündür yerdə yerləşən dolabda saxlanmalıdır. Dərmanları heç vaxt qida məhsullarının və ya şirniyyatların yanında saxlamaq olmaz. Bu, təsadüfi zəhərlənmə riskini artırır.

derman

Bəs evdə hansı dərmanların olması məqsədəuyğundur?

İlk tibbi yardım üçün ev dərman qutusunda hərarətsalıcı və ağrıkəsici preparatlar, həkimin tövsiyəsi ilə istifadə olunan allergiya əleyhinə dərmanlar, antiseptik məhlullar, steril sarğı materialları, termometr və zəruri hallarda istifadə edilən bəzi simptomatik vasitələr saxlanıla bilər. Lakin bütün dərmanların istifadə müddəti vaxtaşırı yoxlanılmalı, istifadə müddəti bitmiş preparatlar dərhal istifadədən çıxarılmalıdır.

Xüsusilə antibiotikləri “ehtiyat üçün” almaq və həkim məsləhəti olmadan istifadə etmək doğru yanaşma deyil. Antibiotiklərin səbəbsiz və nəzarətsiz qəbulu həm antibiotiklərə davamlı bakteriyaların yaranmasına, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Unutmayaq ki, dərman yalnız düzgün qəbul edildikdə deyil, düzgün saxlanıldıqda da faydalı olur. Bəzən sadə görünən bir saxlama səhvi müalicənin effektivliyini azalda və gözlənilən nəticənin əldə olunmasına mane ola bilər. Buna görə də hər bir dərmanın qablaşdırmasında qeyd olunan saxlanma şərtlərinə diqqətlə əməl etmək sağlamlığımızın qorunmasının vacib hissəsidir.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir