NIYAZI EMINOV

“Ölkəmizdə insanlar xəstəxanaya deyil, həkimə gedirlər” – MÜSAHİBƏ

Baxış sayı: 799

Otağına daxil olmamışdan öncə deyir: “Maskaları yaxşı taxmağa diqqət edək”, “Müsahibə prosesində sosial məsafəni gözləyək”. Müsahibə zamanı yalnız şəkil çəkilən məqamda bir müddətlik maskanı çıxardı, qalan vaxtlar maskada oldu. Bu tədbirləri təbii ki, COVID-19-a yoluxmamaq, daha doğrusu, təkrar yoluxmamaq üçün görür. Çünki virusu daha ağır, ağciyərlərində buzlaşma faizi 90-a qədər yüksələn formada, reanimasiyada, süni tənəffüs aparatı ilə keçirənlərdəndir.

 

Söhbət ümumi və onkoloji cərrahiyyə mütəxəssisi, həkim Niyazi Eminovdan gedir. Hazırda işinin başında olan həkimlə elə virus, pandemiya dövrü ilə bağlı söhbətləşdik.

 

– Həkim dostunuz paylaşmışdı ki, reanimasiyada gözünüzü açandan sonra ilk etdiklərinizdən biri xəstəlikdən az müddət əvvəl xətrinə dəydiyiniz insanlara zəng edib könlünü almaq olub. Həm o söhbətdən, həm də koronavirusdan sonra, necəsiniz?

– Özümü daha yaxşı hiss edirəm. Təşəkkür edirəm. Virusa yoluxmağımdan təxminən 5 ay keçir. Tam bərpa olunmuşam. İşimin başındayam.

 

– Koronavirusa yoluxub sağalanlarda müəyyən yan təsirləri qalması halları da çoxdur. Hər hansı yan təsiri qaldımı?

– Reanimasiyadan ayılanda hərəkət məhdudiyyəti var idi. Zamanla öz-özünə bərpa olundu. Şükür ki, hər hansı qalıq əlamət yoxdur.

 

“Bir yaxın dostumun xətrinə dəymişdim”

 

– Xətrinə dəydiyiniz, reanimasiyadan ayılan kimi könlünü aldığınız kim idi?

– Koronavirusa yoluxmamışdan öncə bir yaxın dostumun xətrinə dəymişdim. Onunla əlaqə saxlayıb, könlünü almağı özümə borc bildim. Deyəsən, heç onun xətrinə də dəyməmişdi, yadına düşmədi.

 

– O inciməsə də, sizin ürəyinizdə qalıbmış.

– O, unutmuşdu, amma mən unutmamışdım. Bir də ki, hadisələrə fərqli tərəflərdən baxmaq vacibdir. Məsələyə elə yanaşarsan ki, ancaq özünü haqlı görərsən. Həmişə özünü həm də qarşıdakının yerinə qoyaraq düşünməyin tərəfdarı olmuşam. Yəni qarşımızdakını da anlamağa çalışmalıyıq. Ölüm, həqiqətən də, gözlə qaş arasındadır. Ona görə insanların könlünü qırmamağa çalışmalı, xoş söz demək istəyiriksə, özəl günləri gözləməməli, hər şeyi ürəyimizə yaxın götürməməliyik. Birinin xətrinə dəyiriksə, bu, həm ona, həm də bizə mənfi təsir göstərir. Bir az həyatı çətinləşdirmədən daha sadə yaşamağa, daha xoşbəxt olmağa çalışmalıyıq.

 

– Reanimasiyada olduğunuz müddətdə sizinlə bağlı çox paylaşım edildi. O paylaşımlarda pasiyentlərinizin sizinlə bağlı çoxsaylı rəylərini oxuduq. Onların bu rəyini yaxşı həkim olmaqla qazanmısınız?

– Yaxşı həkim olmaq vacibdir, amma pasiyentlərin həkim haqqında yaxşı söz deməsi üçün yetərli deyil. Hər bir həkim həm də yaxşı insan olmalıdır. Çünki pasiyentlərimiz yaxşı tibbi xidmətlə yanaşı, bizdən xoş münasibət də gözləyir. Pasiyent içəri daxil olanda, onu necə qarşılamağımız, suallarını necə dinləməyimiz, cavablandırmağımız və s. amillərə də önəm verirlər. Məsələn, pasiyenti dinləyən zaman gələn zənglərə uzun-uzun cavab veririksə, bu da onlarda rəy yaradır. Səliqəli geyinmiriksə, şəxsi gigiyenamıza diqqət etmiriksə, bunu da qiymətləndirirlər. Hamısına fikir verərək öz beyinlərində həkimi dəyərləndirirlər. Qeyd etdiyim məsələlərə hər zaman diqqət etmişəm. Xəstə olanda da pasiyentlərimin mənim üçün narahat olduqlarını gördüm. Zəng etdilər, mesaj yazdılar, rəyləri də hər kəs gördü.

 

“Anladım ki, insan pisliyi də, yaxşılığı da unutmur”

 

– Düşünürdünüz ki, pasiyentləriniz sizin üçün bu qədər narahat olar?

– Dediklərimi işim gərəyi edirdim. “Korona” olanda isə anladım ki, xəstələrimizə qarşı nə qədər xoş münasibətdə olsaq, vicdanla çalışsaq, bir o qədər onların fikrində pozitiv insan kimi qalarıq. Reanimasiyada olduğum zaman minlərlə insan mənim üçün dua etdi. Mənim yaşamağımı, sağlamlığımı istəyən bu qədər insan olduğu üçün çox xoşbəxtəm. Yəqin ki, məni sevməyənlər də var, amma onların çox olduğunu zənn etmirəm. Əvvəllər düşünürdüm ki, yaxşılıqlar unudulur, pisliklər yox. Mənə elə gəlirdi ki, yaxşılığı yalnız yaxşı insanlar unutmur. Xəstələnəndə anladım ki, insan pisliyi də, yaxşılığı da unutmur.

 

“Əvvəlki qədər ciddi qorunmadığım üçün yoluxdum”

 

– Pasiyentlərinizi, eləcə də insanları maraqlandıran bir məsələ var idi. “Bir həkimin ağırlaşması necə oldu?, “Peyvənd olunmuşdu?” kimi suallar yazırdılar.

– Xəstələnmək səbəbim özümdən qaynaqlanırdı. Əvvəlki qədər ciddi qorunmadığım üçün yoluxdum. Ağırlaşmaya gəlincə, peyvəndlərimi vaxtında etdirirdim. İki peyvəndi etdirmişdim, 6 ayın tamamında üçüncü doza üçün “Pfizer” etdirmək qərarına gəlmişdim. Çünki aparılan tədqiqatlar onun daha qoruyucu olduğunu göstərirdi. “Pfizer” üçün müraciət etdim. 1 ay sonraya növbə ala bilmədim. Təqribən 2 ay sonraya yazdılar. Əslində, həkimliyimi istifadə edib yaxın dostlarımın vasitəsilə “Pfizer”i növbəsiz də vurdura bilərdim. Düşündüm ki, özümü qoruyuram, heç kimdən də artıq deyiləm, həkimliyimi istifadə etməməliyəm. Növbəm çatana qədər isə yoluxdum və peyvənd də olmadığım üçün ağırlaşma getdi.

 

– Sonra “Gərək həkimliyimdən istifadə edib növbəsiz vaksin vurdurardım” kimi peşmanlıq oldumu?

– Bir tərəfdən hə, bir tərəfdən yox. Peşmanam ona görə ki, sahəm etibarilə bu virusa yoluxmaq ehtimalım çox böyük idi. Bu səbəbi əsas gətirib növbəsiz vurdura bilərdim. Peşman deyiləm ona görə ki, həyat fəlsəfəmi heçə saymadım. Heç vaxt özümü heç kimdən üstün görmədim. Sıradan vətəndaş kimi növbəmi gözləmiş oldum.

 

“Sonuncu analizlərdə gördüm ki, nə isə yolunda deyil”

 

– Koronavirusa yoluxan xəstələr çox vaxt boğulma kimi əlamətlərlə ağırlaşma olduğunu hiss edirlər. Ancaq həkimlərdə yəqin ki, elə deyil. Nə zaman ağırlaşma baş verdiyindən əmin oldunuz?

– 5-6 gün ev şəraitində müalicə aldım. Həkim ev şəraitində lazım olan bütün müalicələri tətbiq edirdi. Sonuncu analizlərdə gördüm ki, nə isə yolunda deyil. Xəstəxana şəraitində müalicə lazım bilindi. Xəstəxanada ilk gün yaxşı oldum, ikinci gün artıq hiss etdim ki, vəziyyət pisdir. Həkimlərin davranışlarından, dedikləri sözlərdən, tətbiq etdikləri üsullardan, analizlərdən və s. artıq vəziyyətimin nə yerdə olduğunu müəyyənləşdirirdim. Hər şey yadımda deyil, amma bir neçə epizodu xatırlayıram. Bir neçə həkim yanıma gəldi. Dedilər ki, səni daimi spapa götürəcəyik. Mən onsuz da daimi spap alırdım. Spap təzyiqlə oksigen verilməsidir. Həkimlərin üz ifadəsindən anladım ki, vəziyyətim pisdir, reanimasiyaya aparırlar. Məndən telefonumu da istədilər. Onda dedim ki, icazə verin ailəmlə vidalaşım. Yüksək təzyiqli oksigen verirdilər deyə səsli mesaj ata bilmədim, amma ailə üzvlərim olan qrupa yazı şəklində mesaj göndərdim. Ölməkdən qorxmurdum, istədiyim çox şeyi etmişəm. Amma uşaqlarıma görə narahat idim. Sağalmağa ümidim az idi. Sağalanda düşündüm ki, necə oldu sağ qaldım? İnanmağım gəlmirdi.

 

“Ölkəmizdə insanlar xəstəxanaya deyil, həkimə gedirlər”

 

– Klinikadan çıxma videonuzda sağlamlığınıza qovuşmağınızda səhiyyəmizin rolunu xüsusi vurğulayırdınız. Dostlarınız isə yazırdılar ki, Türkiyədə təhsilinizi başa vurandan sonra Azərbaycana qayıtmağınızın səbəbi də ölkəmizin səhiyyəsi üçün zərrə qədər də olsa bir şeylər etmək istəyi olub.

– Məncə, sivil cəmiyyətlərdə hər kəs üzərinə düşən borcu yerinə yetirməlidir. Mən yaxşı həkim olmaq üçün çalışmalıyam, siz vicdanlı jurnalist olmaq üçün əlinizdən gələni etməlisiniz. Müəllim cəmiyyətin gələcəyini düşünməli, yetərli təhsili verməlidir ki, uşaq məşğələyə getmək məcburiyyətində qalmasın. Fərd səviyyəsində problemlər həll olunanda, ümumi sistemdə də düzəlmələr olur. Cəmiyyətlər bu şəkildə qurulur. Türkiyədə özümü yad hiss etmirdim, rahat şəkildə orda işləyə bilərdim. Birincisi, düşündüm ki, orda sıradan həkim olacağam. Azərbaycanda isə yüksək ixtisaslı həkimlərə ehtiyac var və burda tanınmış həkim ola bilərəm. İkincisi, Türkiyədə həkim çoxdur, onların səhiyyəsində, bəlkə, də mənə ehtiyac yoxdur, amma Azərbaycanda mənə ehtiyac var. Bir də ki, məni bu vətən yetişdirib. Bu vətən üçün hər birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Azərbaycanın səhiyyəsi inkişaf etməkdə olan səhiyyədir. Bu səhiyyədə mən, Əli, Vəli iştirak etməsə, inkişafı çətin olacaq. Türkiyədə təhsil alanda yoldaşlara “Qayıdaq, Azərbaycanda fəaliyyət göstərək” deyirdim. Yoldaşlar da onu yazıblar. Onsuz, həmin yoldaşların 80-90 faizi də qayıtdı, burda çalışdı. Xaricdə fəaliyyət göstərən həkimlərimiz var, onlar da ölkəmizi təmsil edirlər, onlar da bizə lazımdır. Amma inkişaf etməkdə olan səhiyyə sistemi olduğu üçün Azərbaycana daha çox lazım olduğumuzu düşünürəm.

 

– Pandemiya dövrü səhiyyəmizlə bağlı nələri ortaya qoymuş oldu?

– Texniki şəraitimiz yaxşıdır. Lazım olan avadanlıqlarımız, xəstəxanalarımız var, amma yüksək ixtisaslı həkim potensialımız lazımi səviyyədə deyil. Pandemiya dövründən almağımız gərəkən dərs ondan ibarətdir ki, səhiyyəmiz kütləvi hallara hazır olmalıdır. Hazırda Azərbaycanda səhiyyə pərakəndə səviyyədədir. Ölkəmizdə insanlar xəstəxanaya deyil, həkimə gedirlər. Səhiyyədə bir sistem qurulmalıdır. Təhsil burda ən öndə görülməli işlərdəndir. Azərbaycanda cərrahiyyə üzrə klinik ordinatura təhsili almışdım. Amma o təhsil məni qane etmədi. Yenidən imtahanlara hazırlaşıb Türkiyədə cərrahiyyə üzrə rezidentura təhsili alıb qayıtdım. O təhsili burda verməliyik. Tibb təhsilinə akademik fəaliyyətə həvəsi olan, Türkiyə, Avropa təhsilli həkimlər cəlb edilməlidir. Onlar rezident təhsilində iştirak etməlidirlər, yüksək səviyyəli mütəxəssislər özümüzdə də yetişməlidir. Tibb təhsili üçün başqa ölkələrə getməməliyik. Bu faiz azalmalıdır. Yüksək ixtisaslı həkimlərin sayı artmalıdır ki, dövlət klinikalarında da həmin həkimlər yerləşdirilsin. Hazırda daha yaxşı tibbi xidmət verən həkimlərin əksəriyyəti özəl klinikalarda işləyirlər. Az faizi dövlət klinikalarındadır.

 

“5-6 yaşımdan cərrah olmaq istəmişəm”

 

– Belə sistemdə ağır xəstələrlə işləmək asan deyil. Sizin isə daha çox ağır, çətin cərrahi əməliyyatları üzərinizə götürdüyünüzü deyirlər. Niyə?

– Mən bu sahəyə həvəsi olan adamam. 5-6 yaşımdan cərrah olmaq istəmişəm. Həkimlərlə söhbət edəndə, bəzən “Bir daha dünyaya gəlsəm, həkim olmaram” deyənlər də olur. Mən yenə cərrah olardım. Onkoloji cərrahiyyəyə isə xüsusi həvəsim var. Bunun o qədər də maddi qarşılığı yoxdur, amma seçim məsələsidir. Azərbaycanda ağır xəstələri götürüb o işlə məşğul olmaq ciddi məsuliyyətdir. Ancaq mən işimi sevdiyim üçün o məsuliyyəti üzərimə götürürəm.

 

– Bu cür xəstələrlə işləmək həkimdən nələri tələb edir?

– Avropada sənəd, Qafqaz ölkələrinin insanları üçün isə söz önəmlidir. Avropada əməliyyatın ağırlaşma ehtimalları ilə bağlı insanlara sənəd imzalatdırılırsa, bizdə xəstənin özü və yaxını ilə danışmaq çox önəmlidir. Əməliyyatla, əməliyyatdan sonrakı dövrlə bağlı məlumat verirəm, əmələ gələcək bütün ağırlaşmaları izah edirəm. Öncədən xəstəyə, yaxınlarına yetərli qədər məlumat verdiyim üçün sonra hər hansı problem yaşamırıq. İstisna durum var. Məsələn, xəstə yaxınının intellektual durumu mənim dediklərimi anlayacaq səviyyədə deyilsə, yaxud çox kobud ünsiyyət qurursa və s. O zaman biz onlara başqa həkimlərlə görüşmək, onların da fikrini dinləmək seçimini də məsləhət görürük. Çünki biz bu yola tək deyil, xəstə və xəstə yaxınları ilə bir yerdə çıxırıq. Onlar da bu yola hazır olmalıdırlar.

 

“Tanrı nə qədər icazə verirsə, xəstələrə o qədər kömək edə bilirik”

 

– Klinikada ağır xəstə kimi yatandan sonra işinizə, xəstələrə yanaşmanızda dəyişən nə isə varmı?

– Klinikada yatanda anladım ki, tibb işçiləri olaraq nə qədər müqəddəs işi icra edirik. Gördüm ki, hər bir xəstənin içində öz tibb bacısına, həkiminə qarşı bir borclu qalma hissi yaranır. Məsələn, yemək yemirdim, tibb bacıları zorla yedirirdilər. “Sonuncu qaşığı da ye”, “Bu yumurtanı da ye” deyə qulluq edirdilər. Onların hamısına bir ömür borcluyam. Çox xoşbəxtəm ki, həkiməm və bu cür müqəddəs peşənin sahibiyəm. Hər peşə gözəldir, hamısının rolu böyükdür. Amma xəstə yatağında olanda öz peşəmizlə bağlı düşündüm ki, işimizi düzgün gördüyümüz halda nə qədər böyük iş görmüş oluruq. Həmişə ağır xəstənin həyatını xilas edəndə düşünürdüm ki, xəstənin həyatını xilas etdim. Xəstələr “Göydə Allah, yerdə siz” deyəndə qəbullana bilmirdim, amma indi onu qəbul edirəm. Biz tanrının yer üzündəki əli-qoluyuq. Tanrı nə qədər icazə verirsə, xəstələrə o qədər kömək edə bilirik.

 

– Yenə də virusun pik dövrdür. Bu günləri necə keçirirsiniz?

– Virusdan sağaldıqdan sonra ilk aylarda ciddi immunitetim olduğu üçün, dostlarımla, bir neçə yaxınımla görüşdüm. Sağ qalmağımda çoxunun böyük rolu var idi. Onlara təşəkkür etdim. Bir dostumuzun toyuna da getmişdim. Sonra kütləvi yerlərə getməyi yığışdırdım. Ən yaxın dostum Türkiyədən gəldi, görüşmədim. Çünki qorunma tədbirlərinə riayət edirəm. Maska taxıram, sosial məsafə saxlayıram, əlimi tez-tez sabunla yuyuram, dezinfeksiya edirəm. Gigiyenik tədbirlərin son dərəcədə qoruyucu olduğuna inanıram. Bir neçə həftə əvvəl peyvənd də olundum. Bu xəstəlik bitəcək, səbirli olmaq lazımdır. Virus yeni başlayan vaxtı “Facebook”da status yazmışdım ki, bütün pandemiyalar kimi bu da bitəcək, amma bunu hər kəs görməyəcək. Az qalsın özüm də o görməyənlərin içərisində olacaqdım. Çalışmaq lazımdır ki, görənlər siyahısına düşək. Çünki çox şey öz əlimizdədir.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir