boshanma

Ölkədə boşanmaların əsas səbəbləri açıqlandı

Baxış sayı: 1. 523

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Trend”ə deyib ki, Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb.

E.Səfərovun bildirdiyinə görə, Azərbaycanda boşanma səbəbləri arasında “xasiyyətlərin uyğunsuzluğu” ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailədaxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.

Səfərov deyib ki, uşaqların olmaması səbəbindən boşananların sayı azalıb: “Əvvəlki illərdə uşaqlarının olmaması səbəbindən boşananların sayı daha çox olub. Belə boşanmaların sayı 1000-ə yaxın olub”.

Komitə rəsmisi bildirib ki, ötən il ərzində xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.

Onun sözlərinə görə, boşanmalar daha çox 25-35 yaş arası insanlar arasında olur.