virus

“Omicron” “Delta” qədər yoluxucu, “Ebola” qədər təhlükəli ola bilər – Təlaşa isə əsas yoxdur

Baxış sayı: 637
Hələ koronavirusun yeni varinatının – “Omicron”un aşkar olunmasından günlər öncə xarici mətbuatda gedən xəbərlərə görə, rəsmilər və mütəxəssislər qış aylarında epidemioloji vəziyyətin pisləşəcəyi barədə proqnozlar səsləndirir, dünya ölkələrini yenidən daha ciddi addımlar atmağa səsləyirdilər. 26 noyabrda Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammı aşkarlandı. ÜST-nin “Omicron” adı verdiyi ştamm artıq bir neçə Avropa ölkəsində də yayılıb. Artıq dünyada yeni bir həyəcan təbili çalınmaqdadır.“Omicron” ştammı haqqında danışan alimlər bildiriblər ki, bu variant əvvəlki bütün variantlardan çox fərqlidir. Cənubi Afrika Epidemioloji Mərkəzinin rəhbəri, professor Tulio de Oliveira söyləyib ki, yeni variant “təxminən 50 mutasiyadan keçib”. Qeyd edib ki, virusun üzərində yerləşən proteinlər sayəsində o, insan hüceyrələrinə daxil ola bilir ki, yeni variantın ən narahatedici xüsusiyyəti də budur. Çünki əksər peyvəndlər həmin tikanvari proteinlərin zərərsizləşdirməsini hədəfləyir.Hətta mütəxəssislər qeyd edirlər ki, “Omicron” Çinin Vuhan şəhərində ortaya çıxan və pandemiyaya səbəb olan variantdan köklü şəkildə fərqlənir. Bu isə o deməkdir ki, hazırkı peyvəndlər bu varianta qarşı effektli olmaya bilər. Ümumilikdə isə alimlərin sözlərinə görə, mutasiyalar bu virusun insan orqanizmindəki anticisimlər tərəfindən tanınmasını xeyli dərəcədə çətinləşdirir.“Omicron” variantı haqqında fikir bildirən Cənubi Afrikalı həkim Angelique Coetzee deyib ki, bu günə qədər izlənilən xəstələrdə “son dərəcə yüngül simptomlar” müşahidə edilib, lakin həssas insanlar üçün xəstəliyin ciddiliyi haqqında danışmaq hələ tezdir, bu haqda fikir söyləmək daha çox zaman alacaq.

Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri bildirib ki, “Omicron” bəşəriyyəti “Ebola” virusu ilə eyni dərəcədə təhdid edə bilər: “Mənim ən böyük qorxum odur ki, bu ştamm “Delta” qədər yoluxucu və “Ebola” qədər təhlükəli ola bilər”.

Montqomerinin sözlərinə görə, pandemiyanın lap əvvəlində dünya onun miqyasını lazımi səviyyədə qiymətləndirməyib: “Mən də o vaxt düşündüm ki, bu, qripin bir növüdür. Sonra qərara gəldik ki, biz kütləvi immunitetə nail ola bilərik, lakin sonra son dərəcə yoluxucu bir ştamm “Delta” ortaya çıxdı”. O, COVID-19 üçün təkrar peyvəndin hər il həyata keçirilməli olacağını da istisna etməyib.

Cənubi Afrika Respublikası Tibb Assosiasiyasının sədri Anjelik Kutze COVID-19-un “Omicron” ştammına yoluxmanın ilk əlamətlərini açıqlayıb. Həkim qeyd edib ki, yeni SARS-CoV-2 koronavirus ştammı olan xəstələrinin heç biri qoxu itkisi kimi xəstəliyin ümumi əlamətindən şikayət etməyib. Kutzenin sözlərinə görə, COVID-19 xəstələri arasında əsasən müxtəlif etnik mənsubiyyətdən olan gənclər var. Onlar həddindən artıq yorğunluqdan şikayətləniblər. Onun praktikasında altı yaşlı uşağın yoluxması halı da olub. Həkim açıqlamasında şəkərli diabet kimi xroniki xəstəlikləri olan, eləcə də yaşlılarda “Omicron” mutasiyasının ciddi fəsadlar yarada biləcəyini ehtimal etdiyini deyib. O qeyd edib ki, peyvənd olunmamış qocalar bu varianta yoluxma riski altındadırlar.

Laboratoriya testləri davam edərkən ÜST ölkələri epidemioloji təhlükəsizlik tədbirlərini gücləndirməyə və “Omicron”un yayılması ilə bağlı statistikanı müntəzəm təqdim etməyə çağırıb. ÜST qeyd edib ki, yeni variantın təhlükə dərəcəsi barədə daha dolğun məlumat almaq üçün bir neçə həftə vaxt lazım ola bilər.

Bu əsnada britaniyalı ekspertlər isə hazırda mövcud olan peyvəndlərin “Omicron”unun qarşısını tam şəkildə ala bilməyəcəyini deyiblər. Artıq peyvənd şirkətləri bu varianta qarşı işləməyə başlayıblar. Amerikanın “Moderna” şirkəti də bu günlərdə yayımladığı press-relizdə bildirib ki, “Omicron” kimi SARS-CoV-2 koronavirusunun yeni mutasiyalarından orqanizmi daha yaxşı qoruya bilən güclü peyvənd üzərində işləyirlər.

Hələlik əhalinin peyvəndlənmə faizi yüksək olan ölkələrdə “Omicron”un  özünü necə aparacağı isə bəlli deyil. Bununla yanaşı, virusun “Delta” variantı ilə müqayisədə nə qədər yüngül və ya ağır keçdiyi də hələlik aydınlaşmayıb. Artıq bir sıra dövlətlər Afrika ölkələrindən səfərlərə məhdudiyyət qoymağa başlayıb.

Azərbaycanda isə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev yerli mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə hələlik “Omicron” ştammı aşkarlanmayıb. O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb. Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Bəs bu ştammın bizim ölkəyə də gəlib çıxacağı gözləniləndirmi? Əgər bizdə də aşkarlanarsa, hansı addımlar atılmalıdır? Yenidən sərt qapanmalar ola bilərmi?

Həkim- farmakoloq Müşfiq Hüseynov deyir ki, heç bir halda daha sərt qapanmalara ehtiyac yoxdur: ““Delta” ştammı barədə də eyni fikirlər səsləndirilirdi. Bizdə də aşkarlandı və gördüyümüz, bildiyimiz kimi ciddi bir problemlə üz-üzə qalmadıq. Bu saatdan sonra heç nəyə gərək yoxdur. Təkrar qapanmaları nə büdcə qaldırar, nə də insanlar. Gözlənilən odur ki, ola bilsin, yanvarın biri bitəcək karantin rejimi daha üç ay da uzadılsın”.

Həkim onu da qeyd edir ki, yeni ştamların yaranması normal haldır: “Təbiətdə bu proses dayanmadan gedir. Yeni ştamlar daim yaranır və yaranmağa da davam edəcək. Bu, həmişə belə olub və belə də olacaq. İndi yeni ştamlar yaranır deyə hər dəfə karantin sərtləşməsi elan etmək, yeni peyvənd yaratmaq üzərində çalışmaq və s. daha yersizdir. Bundan sonra hər kəs öz həyatına baxmalı, normal yaşayışını davam etdirməlidir”.

Həkim bu istiqamətdə ÜST-nin açıqlamalarına da münasibət bildirdi: “Bu təşkilat çoxdan dünyanın ən çox korrupsiyaya batmış qurumudur və çoxdan “rudiment” kimi kimi ləğv olunmalı idi”.

Peyvəndlərin sonuncu variant aşkar olunanana qədər istənilən effekti verməməsi və buna görə də “Omicron” varinatının hazırkı peyvəndlərə qarşı müqavimətli olması fikrinin bilərəkdən yayılması ilə bağlı insanların səsləndirdiyi iddialara isə həkimin münasibəti belə olub: “İstənilən halda peyvəndlərin əvvəlki ştamlarda yüz faiz effektiv olduğu deyilməmişdi. Bu peyvəndlər ona görə var ki, peyvənd olunmuş insanlar yoluxsalar xəstəliyi daha yüngül formada keçirsinlər. Bir daha qeyd edim ki, əsas məsələ immunitetdir. İmmuniteti isə zədələyən birinci faktor stresdir. Bu cür gedişatla, xəbərlərlə insanları stressə salmaq və COVID-19-dan qorumaq mümkün deyil”.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir