Omikron

“Omikron” öldürücü deyilsə, ölüm sayları niyə artır?

Baxış sayı: 643

Ölkədə koronavirusa yoluxma və ölüm sayları sürətlə  artır. İddialar var ki, covidə yoluxanların əksəriyyəti xəstəxanalara deyil, evdə müalicəyə olunur, bu səbəbdən də yoluxma sayı artır. Ölüm saylarının artması isə evdə müalicə olunanların ağırlaşması ilə bağlıdır. Ekspertlər qeyd edir ki, sərt qapanmalara gedilməsə, yaxın günlərdə daha da təhlükəli vəziyyət yarana bilər. 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin instaqram hesabında “COVİD-19″ mövzusunda çıxışı zamanı deyib ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma sayının artması əsasən ”Omikron” ştamı ilə əlaqədardır. T.Eyvazov əlavə edib ki, son yoluxmaların 90 faizinin əlamətləri “Omikron” ştamı ilə üst-üstə düşdüyünə görə xüsusi yoxlamalara ehtiyac duyulmur: “Ona görə də demək olar ki, son yoluxmaların 90 faizi ”Omikron”la əlaqəlidir. Lakin xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı çox deyil. Ambulator müalicə alan xəstələrin sayı isə çoxalıb. Xəstəlik yüngül keçsə də, yoluxmaların sayının artması müvafiq olaraq səhiyyə yükünün də müəyyən qədər artmasına gətirib çıxarıb”. Həkim-mütəxəssisin dediyinə görə, hazırda ölkədə uşaqların “Omikron” ştamı ilə yoluxması barədə rəsmi statistik göstərici yoxdur.

Ortaya təbii sual çıxır: yoluxmalar əsasən “Omikron”la bağlıdırsa, niyə ölüm sayları da artır. Evdə müalicə alanların sayının artması müvafiq qurumlar qarşısında hansı yeni məsuliyyət qoyur?

Fərrux Sədirov: ÜST koronavirusun AY.4.2 növünü tədqiqat altında olan variant olaraq qiymətləndirir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov isə mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb və bu, çox təhlükəlidir. “İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. ”Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”, – o vurğulayıb.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omikron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır: ““Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

Sürətlə yayılır, amma öldürücü deyil...

Mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli bunları deyir: “Koronavirusun ”Omikron” variantının yüksək yoluxuculuq xüsusiyyəti və digərləri ilə müqayisədə daha az öldürücü olması daima vurğulansa da, bu o demək deyil ki, “Omikron” öldürmür. “Omikron” nə qədər yüngül gedişli olsa da, risk qruplarında olan şəxslərdə ağırlaşmalar, bəzən də ölümlə nəticələnə bilir. Xüsusilə hiperkontaqioz infeksiya olduğu üçün yüksək sayda gündəlik yoluxmalar içində belə ağırlaşma hallarına daha çox rast gəlinir”.

N.Əzimli ölkəmizdə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı verilən suala da cavab verdi: “İndiki halda buna ehtiyac olduğunu düşünmürəm. Qarşıdakı həftələrdə isə yoluxma sayları 5 rəqəmli həddə yaxınlaşsa, bu zaman bunun cari vəziyyətə təsiri və digər məqamlar nəzərə alınaraq bu haqda düşünülə bilər”.

İnfeksionist evdə müalicələrlə bağlı sual isə belə  cavablandırdı: “Hazırda xəstələrin əksəriyyətinin yüngül, bəzən isə orta-ağır vəziyyətdə xəstəliyi keçirdiyini nəzərə alsaq, evdə ambulator müşahidə və müalicənin aparılması daha da aktual olur. Bəzən bu müalicələr yanlış tərtib olunduqda nəticədə xəstənin ağırlaşması hallarını da görürük. Burada diqqətə almaq lazımdır ki, hər bir ağırlaşmış xəstənin taleyi ilk günlərdə, evdəki müalicələr zamanı həll olunur. Çünki xəstəlik başlanğıcda daha asan müalicə olunur, nəinki ağırlaşmalar baş verdikdən sonra. Buna görə də evdə müalicələr düzgün tərtib olunmalı, dərmanlar düzgün seçilməlidir. Son olaraq bir daha vurğulamaq lazımdır ki, hazırda danışdığımız ”Omikron” variantında ağırlaşmalar daha az rast gəlinir”.

 

Afaq MİRAYİQ

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir