Onların ailəsinin təməli səmimiyyət üzərində qurulub. Yalansız, saf münasibətlər onları möhkəm bağlarla bir-birinə bağlayıb. Hətta valideyn ola bilməmək qorxusu belə, xoşbəxtliklərinə kölgə sala bilməyib. 11 illik ailə həyatlarında hər zaman qəbul ediblər ki, onların bir-birindən başqa heç kimləri yoxdur. O qədər gözəl münasibət qurublar ki, valideynlərinin yanında belə, iki tərəfdən biri olmayanda özlərini kimsəsiz kimi hiss edirlər…
Rubrikamızın bu dəfəki qonaqları 11 ildir eyni həyatı bölüşən mikrobioloq Ülviyyə Hüseynova və jurnalist Nicat Dağlar cütlüyüdür. Həmişəki kimi, müsahiblərimizin tanışlıq tarixçəsindən başlayaq…
Talenin oyunu
Nicatla Ülviyyə eyni şəhərdə yaşayıb, hətta qonşu olsalar da, bir-birinin fərqinə varmayıblar. Taleh onları doğulub boya-başa çatdıqları şəhərdə yox, Bakıda birləşdirib. Nicat deyir ki, Ülviyyəni gördükdən sonra məhlədə bir neçə dəfə ona söz atdığını xatırlayıb: “Tanışlığımız 2003-cü ildə olub. Mən o vaxt “Hürriyyət” qəzetində işləyirdim. Bir gün redaksiyamızın işıqları söndü və qəzetin işi gecə saatlarına qədər uzandı. Operator xanımlar da bizimlə axşam saatlarına qədər redaksiyada qaldılar. İş bitəndə bizə tapşırıldı ki, xanımları evlərinə aparaq. Operatorlardan biri “Memar Əcəmi” metrostansiyasının yanında tələbə qızlarla qalırdı. Blok qaranlıq olduğu üçün xanımı evinə qədər apardım. Ülviyyə xanım həmin operatorun otaq yoldaşı olduğundan qapını o açdı. İş yoldaşım nəzakət xatirinə məni çaya dəvət etdi. Etiraz etmədim. Ülviyyə bizə çay gətirdi. Həmin vaxt məlum oldu ki, Ülviyyə ilə yerliyik və Gəncədə evlərimiz də yaxındır. Hətta mən bir neçə dəfə məhlədə ona söz atmışam. Amma tale bizi Gəncədə yox, Bakıda birləşdirdi”.
Ülviyyə deyir ki, Nicat onu tanısa da, o, qonşusunu xatırlaya bilməyib: “Biz söhbət edərkən Nicat məni tanıdığını dedi, amma mən yadıma sala bilmədim. Aradan bir qədər vaxt keçəndən sonra televizorda fitnes aparatının reklamını gördüm. Mən o aparatı çox istəyirdim. Otaq yoldaşım dedi ki, həmin aparatdan Nicatda var, mən işdə ona deyərəm, aparatını sənə verər. Həmin aparata görə Nicat mənə zəng etdi. Mehriban danışdıq və dedi ki, aparatı bizə göndərəcək. Bir-iki gün keçdi, aparat gəlib çıxmadı, amma biz o müddətdə aparat haqqında telefonda tez-tez danışırdıq. Beləcə, mövzular bir-birini əvəz elədi… Biz evləndik də, uşaqlarımız da oldu, amma aparat gəlmədi. Sonradan məlum oldu ki, o aparat heç Nicatda yox imiş”.
“Ana ola bilməyəcəm”
Ülviyyəyə evlilik təklifi etmək üçün hazırlaşan Nicat gələcəkdə onları gözləyən bütün çətinlikləri əvvəlcədən açıqlayıb: “Ülviyyə Gəncəyə tətilə getmişdi. Səbirsizliklə gözləyirdim ki, ona sevgi etirafı edim. Biz görüşdük. Ülviyyəyə onunla ailə həyatı qurmaq istədiyimi, amma həyatımızın o qədər də rahat olmayacağını dedim. Bizi gözləyəcək çətinliklərdən də danışdım. Dedim ki, mən jurnalistəm, müxbirin gəliri azdır. Mən sənə tam rahat həyat bəxş edə bilməyəcəm, müəyyən məhrumiyyətlər səni gözləyəcək. Nəyisə tapanda, nəyisə tapa bilməyəcəksən. Evim yoxdur, kirayədə yaşayacağıq və bəlkə də tez-tez mənzilləri dəyişəcəyik. Başıma nə iş gələcək, bilmirəm. Özümə borc bilirdim ki, bunları əvvəlcədən ona deyim. İstəmirdim ki, gələckdə xoşagəlməz suallarla qarşılaşım. Vəziyyəti detallarına qədər izah etdim və dedim ki, sən belə çətin həyatı qəbul edirsənsə, mən məmnuniyyətlə, səninlə ailə qurmaq istəyirəm. İstəmərəm ki, ailə qurana qədər gözləntilərin başqa olsun, sonra xəyalların suya düşsün. Ülviyyə də həmin vaxt konkret olaraq münasibətini bildirdi və dedi ki, sən harda, mən də orada. Beləcə, biz ailə qurduq”.
Nicatın bütün şərtlərini qəbul edən Ülviyyənin etirafı isə daha sərt olub: “Ülviyyənin etirafı münasibətlərimiz daha da istiləşəndən sonra oldu. Aramızda sözün həqiqi mənasında sevgi yaranmışdı. Ülviyyə mənə dedi ki, sənə bir etiraf edəcəm, amma bu, çox ciddi məsələdir. Ola bilər ki, bu etirafdan sonra birgə həyatımız baş tutmasın. Çox ciddi qərar verməlisən. O, mənə heç vaxt ana ola bilməyəcəyini dedi. Ülviyyənin yeniyetmə yaşlarında müəyyən problemləri olub, 14 yaşında həkim ona bu diaqnozu qoyub. O, bu diaqnozu qəbul edib və bununla da yaşayıb. Mənim də cavabım konkret oldu və mən fikrimdən dönmədim”.
“Mənə sən lazımsan”
Amma onlar bu sınaqdan da üzüağ çıxıblar. Heç vaxt valideyn ola bilməyəcəyini düşünən cütlüyə Allah övlad payı verib. Bunu öyrəndikləri anlar isə çox təsirli olub. Ülviyyə deyir ki, Nicatın “Mənə sən lazımsan, bütün hallarda sənin yanındayam” fikirləri onu ailə qurmağa sövq edib: “Mən bu problemimə görə heç vaxt ailə qurmaq istəməmişəm, xəyallarım belə, olmayıb. Təsəvvürünüzə gətirin, mənə o diaqnoz qoyulanda 14 yaşım var idi. Bir qız üçün bu hisslə böyümək asan deyil. Nicata qədər ailə qurmaq fikrimdən keçməyib. Çünki hər dəfə görürdüm ki, uşağa görə ailələr dağılır, qayınanalar narazılıq edir. Nicata izah etdim ki, sən evin ilk oğlusan, valideynlərin nəvə istəyəcək. Onları bu hissdən məhrum edə bilmərəm. O, dedi ki, “narahat olma, onların hamısı mənim problemimdir. Səninlə mən ailə qururam və mənə sən lazımsan”. Dediyim problemi sevdiyin oğlana açıqlamaq qız üçün o qədər də asan şey deyil. Sevdiyim adamı itirməyi gözə alıb o etirafı etdim. Düşündüm ki, ailə qurub ayrılmaqdansa, bu başdan yollarımızı ayıraq. Biz taleyimizlə barışdıq, ailə qurduq. Amma Allah bizi sevindirdi. Adi günlərdən biri idi, ürəyim bulanırdı. Bir həftə özümü pis hiss etdim. Özümü narahat hiss etdiyim üçün həkimə getdim. Hamilə olduğumu öyrəndikdə şok oldum. İnana bilmirdim, həmin gün səhərdən axşama qədər ağladım… Təsəvvür edin, mən 12 il çox ağır hisslərlə yaşamışam. Həkimin sözləri heç vaxt qulaqlarımdam getməyib: “Heç vaxt ana ola bilməyəcəksən…” İndi isə başqa bir həkim deyir ki, sən ana olacaqsan! Nicata zəng vurdum ki, evə tez gəl. O, qapıdan girən kimi vəziyyətimi gördü. Çox ağlamışdım, özümdə deyildim. Həyəcanlı səslə soruşdu ki, nə olub? Özümü saxlaya bilmədim, Nicatı qucaqlayıb ağladım. Dedim ki, bizim uşağımız olacaq. Nicat qapıda donub qaldı və o da mənə qoşulub ağladı. Qızımız Aycan bizim üçün möcüzə idi”.
Nicat deyir ki, bu gün övladın olmamasına görə ayrılan ailələri başa düşə bilmir: “İndi eşidəndə ki hansısa ailələr uşağa görə dağılır, bu, bizə qəribə gəlir. Çünki biz övladımızın olmayacağını bilə-bilə ailə qurduq. Ailənin meyvəsi-barı olmayacağını bilə-bilə də xoşbəxt yaşayırdıq. Bəlkə də biz biz-birimizi sevindiridiymiz üçün Allah da bizi sevindirdi”.
Nicat düşünür ki, təməli sevgi ilə qurulan ailələrdə tərəflərin bir-birinə qarşı hissləri bütün problemlərin öhdəsindən gəlir: “Desəm ki uzun müddət danışmışıq, bir-birimizin bütün xüsusiyyətlərini analiz etmişik, yalan olar. Biz hisslərlə hərəkət etmişik. İçimdə hiss yaranıb ki, mən bu xanımla ailə həyatı qurmaq istəyirəm. Düşünə bilmirəm ki, təməli sevgi ilə qurulan ailədə hansısa götür-qoylar, xarakter təhlili olsun. Sevgi hissi xarakterdə olan bütün problemləri üstələyir. 11 ildir ki, ailə həyatı qurmuşuq və heç vaxt ciddi problemimiz olmayıb”.
Cibimdə pulum yox idi…
Nicat ilk elçiliyini özü edib. Qayınanasının saqqızını elə oğurlayıb ki, bu günə qədər də ən çox sevilən kürəkən olmağın zövqünü yaşayır: “Valideynlər elçiliyə gedəndə mən artıq bütün məsələləri həll etmişdim. Sadəcə, adət formal olaraq həyata keçirilsin deyə, elçiliyə gedilmişdi. İlk dəfə qayınanamla görüşəndə cibimdə pulum yox idi. Ülviyyə, anası və mən bir kafedə oturmuşduq. İşdən qaçıb gəlmişdim, müxbirin də nə pulu olur ki… Ülviyyədən 10 manat borc aldım ki, anasının yanında biabır olmayam. O pulu hələ də Ülviyyəyə qaytarmamışam (Gülürlər – A.Ə.).
Müsahiblərimiz çox çətin günlər keçirib. Bəzən ac qalıblar, bəzən işə getmək üçün pulları belə olmayıb. Amma xoşbəxtliklərini, üzlərindəki gülüşü, xoş münasibəti bir-birlərindən əsirgəməyiblər: “Bütün işimizi özümüz görmüşük. Ailə quranda kirayə ev tapdıq. Ev ucuz olduğu üçün çox pis vəziyyətdə idi. Evi düzəltdirməyə də imkanımız yox idi. Əl-ələ verdik, getdik bazara, “kraska-şotka” aldıq və evi təmir edib yaşanılası hala saldıq. Mənim əlimdə fırça, Ülviyyənin əlində şpaker, əynimizdə də “dava paltarı”… Beləcə, özümüzə yuva düzəltdik. Onu da qeyd edim ki, həmin dövrdə biz özümüzü artıq ona hazırlamışdıq ki, bu ocaqdan uşaq səsi gəlməyəcək. Amma bu, bizim həvəsimizə xələl gətirməmişdi. Təsəvvür edin, toydan sonra işləmirdim. Evdə televizorumuz, radiomuz, soyuducumuz yox idi. Hər axşam Ülviyyəyə canlı konsert verirdim. Bir gün Rəşid Behbudov gecəsi, bir gün xalq mahnıları gecəsi olurdu. Hər günümüz maraqlı keçirdi. “Aclıq olsun, kef olsun” misalı bizə aid idi (hamımız gülürük – A.Ə.). İndi gənclər ev olmadığına görə ailə qurmaq istəmirlər. Onları inandırmaq istəyirəm ki, həyatda hər şey mümkündür. Eybi yox, evsizlik də, pulsuzluq da olar, bunlar problem deyil. Yetər ki, sevgi, məhəbbət, istiqanlılıq, bağlılıq olsun”.
Anamın, atamın yanında yetiməm…
Ülviyyə Nicatı itirmək qorxusu ilə ikinci dəfə də üzləşib. Nicatın keçirdiyi ağır xəstəlik onların həyatında növbəti sınaq olub. Nicat danışır: “Ailə olaraq ağır mərhələdən keçdik. Mənim xəstəliyim həyatımızda növbəti sınaq idi. Ülviyyə ilə birlikdə bütün çətinliklərə necə sinə gərmişdiksə, bu mərhələni də arxada qoyduq. Dövlətimizin dəstəyi ilə bu mərhələni keçdik. Cənab Prezident dəstək olmasaydı, deyə bilmərəm, nələr baş verərdi. Allahın izni, dövlət başçısının qayığısı nəticəsində şükürlər olsun ki, kəfəni cırdım və ailəmə qovuşdum”.
Ülviyyə çətin günləri belə xatırlayır: “Çox pis günlər idi. Allah heç kimi sevdiyini itirmək qorxusu ilə sınağa çəkməsin. Həyatda çox ciddi çətinliklərimiz olub, addım-addım, cırmaqlaşa-cırmaqlaşa, yeri eşə-eşə özümüzü müəyyən səviyyəyə çatdırdıq. Təbii, sonrakı mərhələlərdə həyatımız yüngülləşdi. Amma bu günlərə gəlmək üçün çox əziyyət çəkdik. Təsəvvür edin, elə günlərimiz olub ki, qarşı-qarşıya oturmuşuq, yeməyə bir tikə çörəyimiz olmayıb. Bəzən səhər işə getməyə pulumuz olmurdu, yola çıxıb piyada gedirdik. Bu mərhələləri keçə bilmişik. Bunlar bizim nə ailəmizi, nə də sevgimizi zədələdi. Çünki biz bütün bunları əvvəlcədən danışmışdıq və bunlara hazır idik. Bir-birmizi az müddət tanımığımıza baxmayaraq, çox güclü bağlarla bağlandıq. Ana, ata, bacı öz yerində, bunu həmişə düşünmüşəm ki, mənim Nicatdan başqa kimsəm yoxdur. Buna görə də Nicatın xəstələnməyi məni çox sarsıtmışdı. Onu itirəcəyimdən qorxurdum. Allah heç bir bəndəsinə bizim çəkdiyimizi gəstərməsin. Uşaqlarımız çox sarsıntı keçirdilər. Ataları gözlərinin qarşısında əriyirdi. Şükür bu günümüzə. Şükür ki, Nicat yanımızdadır. Prezidentimiz sağ olsun ki, ən kritik anda kömək əlini uzatdı”.
Ata, Azərbaycan oxu…
Uşaqların tərbiyəsinə gəldikdə isə, müsahiblərimiz öhdəliklərini öz aralarında yarı bölüblər: “Uşaqların tərbiyə məsələlərini öz aramızda bölüşdürmüşük. İkimiz də uşaqlara görə məsuliyyət daşıyırıq. Qızımla bağlı müəyyən məsələlər var ki, onlar Ülviyyənin ixtiyarındadır. Oğlumla bağlı məsuliyyət də mənim üzərimdədir. Uşaqlarımıza öyrətmişik ki, bizdən nəsə gizlətməsinlər, bütün problemlərini bizimlə bölüşsünlər. Uşaqları milli ruhda böyüdürük. Dövlətə məhəbbət, torpağa sevgi, xalqa ehtiram, bayrağa sayğı – bu şeylər haqqında az qala hər gün evdə söhbət aparılır”.
Həmsöhbətlərimiz deyir ki, uşaqların ilk “layla”sını ataları oxuyub: “Onların ilk laylası Azərbaycan Himnidir. Qulaqları təzə səsə öyrəşirdi. Körpə idilər. Nicat onların yanında uzanıb qulaqlarına astadan Azərbaycan Himnini oxuyurdu. Elə bir mərhələ çatdı ki, onlar bunu eşitmədən yatmırdılar. Hər dəfə deyirdilər ki, ata, Azərbaycanı oxu…”
Xoşbəxtliyin sirrinə gəldikdə isə, Nicat düşünür ki, ən böyük sirr səmimiyyətdir: “Bizim ailənin təməli səmimiyyətlə qurulub. Bir evdə, bir ocaqda yalan oldusa, orada ruzi-bərəkət olmur. Kişi və yaxud qadın nə etmək istəyirsə, həyat yoldaşına deməlidir. Bir evdə ki səmimiyyət, isti münasibət, bir-birini başa düşmək varsa, hər şey yaxşı olacaq”.
Ülviyyə düşünür ki, xoşbəxt olmaq üçün sevgi bəs etmir: “Səmimiyyət, düzlük, etibar, hörmət də olmalıdır. Hesab edirəm ki, sevgi hər şey demək deyil. Gərək həm də can yandırasan. Bir-birimizə nəsə olarsa, sözün həqiqi mənasında canımız yanır. Hər qohum əzizdir. Amma bütün hallarda ərə arvad, arvada da ər qalır. Bu iki insan bir-birinə can yandırmasa, kimsə onlara dəstək olmaz. Doğrudan da, zaman keçdikcə insan anlayır ki, mənim ən doğma adamım həyat yoldaşımdır. Elə söz var ki, insan bacı-qardaşına deyə bilmir, amma həyat yoldaşına deməmək olmur. Biz də məhz bu prinsiplərlə addımlayırıq”. (kaspi.az)