Xanımlarla işləmək doğrudanmı çətindir?

Baxış sayı: 1. 316

Bəzən rəhbəri qadın olan kollektivin işçiləri öz aralarında rəhbərlikdən şikayətlənirlər. Nədənsə, hətta psixoloqlar da xanım rəhbərlərlə işləməyin çətin olduğunu deyirlər. Hesab olunur ki, xanım rəhbər işçilər daha sərt və tələbkar olur. Xanım işçilərin çox olduğu kollektivlərdə isə intriqa və mübahisələr qaçılmazdır.

Doğrudanmı, qadınlarla işləmək çətindir? Niyə həyatın digər sahələrində mehriban və qayğıkeş qadınlar, xüsusilə də rəhbər vəzifələrdə işləyərkən qəliz insana çevrilirlər? Psixoloq Jalə Həmidlinin sözlərinə görə, qadın psixologiyasını bildikdə onlarla işləmək daha asandır: “Qadınlarla çalışan kişilər onların rəğbətini qazanmağa çalışmalı, həm də bu zaman öz müstəqilliyini itirməməlidir. Əks halda xanımlarla işləmək onlar üçün işgəncə kimi ola bilər. Sonradan isə həmin kişilər xanımlarla iş fəaliyyətini həyatlarının pis və ən çətin dövrü kimi xatırlayacaqlar”.

Psixoloq bildirib ki, qadınların çox olduğu iş kollektivlərində intriqalar, mübahisələr daha da çox olur: “İşgüzar qadınla dil tapmaq elə də asan deyil. Əgər qadınların çox olduğu iş kollektivində çalışırsızsa, iş yoldaşları ilə yaxşı münasibət qurmağınız vacibdir. Xüsusilə də qadınların çox olduğu iş yerlərində qeybət, intriqa, mübahisələr ara vermir. Bu xüsusiyyətlər qadınların təbiətinə xasdır, ona görə də təəccüb doğurmamalıdır”.

Həmsöhbətimizə görə, qadınların üstünlük təşkil etdiyi iş kollektivlərində də normal çalışmaq və işdə uğurlar qazanmaq olar. Bunun üçün qadınlarla özünü düzgün aparmaq, onların qəzəblərinə və paxıllıqlarına səbəb olmamağa çalışmaq lazımdır. “Məsələn, qadınlarla dil tapmaq istəyirsizsə, özünüzü onlardan zəif göstərin”.

İstər işgüzar bacarıqları, istərsə də istedadı, gözəlliyi, nitq qabiliyyəti, pulu, ağlı və s. ilə digərlərdən üstün olmağa çalışam qadınlar başqalarının xoşuna gəlmir. J.Həmidli deyir ki, həqiqətən də çoxlarından üstünsünüzsə, bunu büruzə verməyin və bacardıqca gizlədin: “Əgər başqa qadınlardan daha üstün olmaq istəyirsinizsə, hesab edin ki, heç vaxt onlarla yaxşı münasibət qura bilməyəcəksiz. Nəzərə alın ki, qadın kollektivində uğursuzluğunuz, səhvləriniz daha arzuolunandır. Bu səbəbdən də hayatdakı uğursuzluqlarınızı gizlətməyin, həyatdan gileylənin. Bunu etməklə siz qadınlarda özünüzə qarşı mərhəmət hissi oyadacaqsız. Çox parlaq və diqqəti çəkənsinizsə, kişilərin üstünlük təşkil etdiyi kollektivdə sizə normal və şüuraltı olaraq yaxşı münasibət göstərəcəklər, qadın kollektivində isə siz ən nifrətəlayiq şəxsə çevriləcəksiz. Ona görə də işdə xarici görkəmi ilə deyil, başqa keyfiyyətlərinizlə yadda qalmağa çalışın. Misal üçün, sadə, şən, başqalarına qarşı qayğıkeş, avam, bacarıqsız obraz sizi qadın kollektivinin sevimlisi edəcək”.

Bəzi xanımlar ilk baxışdan mehriban görünsələr də qarşı tərəfdən söz çəkmək üçün bu cür rəftar edirlər. Bu davranışa aldananlarsa öz ürəklərini o adama açır, sirlərini deyirlər. Həmin adam isə ona lazım olan informasiyaları alandan sonra soyuq münasibət bəsləyir. Öyrəndiklərini isə bir qədər də şişirdərək digər iş yoldaşlarına danışır. Bəzən onlar qurbanına mehriban münasibət bəsləməyi davam edir, bununla yanaşı həmin adamın dalınca da danışırlar. Qadınlar arasında bu cür münasibət həqiqət üzə çıxana qədər davam edir.

Qadınlar səhvləri bağışlamır və uzun müddət kin saxlayırlar. Həmidli diqqətə çatdırıb ki, hansısa qadınla dostluq münasibəti yaradıb ona çox kömək etmisizsə, bir səhvinizə görə yaxşılıqlarınızın üstündən xətt çəkə bilərlər.

“İstənilən qadın kollektivində qeybət etməyi və şaiyə yaymağı xoşlayır. Bunu etməyi sevməyən qadınlar isə adətən başqaları ilə dil tapmaqda çətinlik çəkir. Ona görə ki, digər qadınlara onlarla söhbət etmək maraqlı olmur. Qadınlar şaiyə yayır və buna başqa həmkarlarını da cəlb edirlər. Məhz yayılan şaiyələr üzündən kollektivdə çox vaxt mübahisələr yaranır”.

Paxıllıq hissi qadınlarda daha qabarıq hiss olunur və fəsadları da daha ağır olur. Paxıllıq eyni cinsdən olanların istənilən üstün bacarığına və ya görünüşünə ola bilər. Bəzən də paxıllığın hədəfi ona hansı keyfiyyətinə görə paxıllıq edildiyini başa düşmür. Bunu aydınlaşdırmağa çalışsa da, çox vaxt bu gizli qalır.

Müsahibimizin dediyinə görə, qadınlar kişilərdən daha emosional olur. Kişilər hisslərini gizlətməyə adət etsə də, qadınlar açıq-aydın emosiyalarını göstərirlər. Bu səbəbdən də qadınlar əhəmiyyətsiz problemə görə dalaşır və sonra da barışırlar. “Düzdür, barışmadıqları və uzun müddət bir-birlərinə kin saxladıqları hallar da olur. Hər şey həm də şəxslərin xasiyyətindən asılıdır”.

Psixoloq məsləhət görür ki, başqalarının dalınca danışmayın: “Bunu edərkən başqaları sizə maraqla qulaq assa da, sizin haqqında pis fikirləşəcəklər. Həm də sizin də dalınızca danışıb sizin qeybət etdiyinizi deyəcəklər. Bu da sonunda mübahisələrə gətirib çıxarır”.

Bəziləri işdə şəxsi həyatını müzakirə etməyi sevir. Psixoloq bildirib ki, bunu qətiyyən etmək olmaz. “Belə ki, xoşagəlməz şəxsi problemləriniz qeybətə, xoşbəxtliyiniz isə paxıllıq hədəfinə çevriləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir