intihar

Övladlarımızın imtahanlarda uğursuzluq üzündən ölməməsi üçün nə etmək lazımdır?

Baxış sayı: 465

Yaz və yay orta məktəb məzunları və onların valideynləri üçün asan vaxt deyil – əvvəlcə buraxılış, sonra qəbul imtahanları. Bəzən onların nəticəsi, sözün əsl mənasında, ölüm-dirim məsələsinə çevrilir. Və hamısı ölkədə ali təhsil kultu səbəbindən baş verir. Aşağı bal toplayıb, qəbuldan keçə bilməyib – bu, o deməkdir ki, o, yaxınlarını məyus edib, yaxın-uzaq çevrəsinin, bəzən də özünün gözündə uduzan adama çevrilib. Gözləntilər və təzyiqlər böyükdür, hər kəs bunun öhdəsindən gələ bilmir. Nəticədə imtahanlarda uğursuz nəticə göstərən uşaqlar arasında intiharlar baş verir.

Məsələn, bu günlərdə Xırdalan şəhərində faciəli hadisə baş verib. Yerli mətbuat 11-ci sinif şagirdinin bir neçə gün əvvəl buraxılış imtahanından keçdiyini və aşağı bal topladığını yazır. İmtahanın nəticələri elan edildikdən sonra yeniyetmə Heydər Əliyev prospektindəki evin 15-ci mərtəbəsindən özünü atıb və yerindəcə keçinib. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Belə hallar həmişə cəmiyyətdə narahatlıq doğurur, sosial şəbəkələrdə fəal müzakirə olunur, amma vəziyyətin yaxşılaşdırılması üçün heç bir iş görülmür.

“Hər il belə hallar olur. Uşaqlar üçün qorxuludur. Nəyisə dəyişmək lazımdır. Oğlum iki ildən sonra buraxılış və qəbul imtahanı verəcək. Yalan deməyəcm, uşağımın ali təhsil almasını istərdim. Onsuz bir çox işlərdə uğur qazanmaq çətindir. Mən ona repetitor tuturam və onların pulunu ödəmək üçün iki işdə işləyirəm. Amma buraxılış imtahanından aşağı bal toplayarsa, universitetə daxil olmazsa, bundan faciə yaratmayacam. Əsas odur ki, o, sağ-salamatdır və həyatda öz yolunu tapa bilsin”, – deyə 9-cu sinif şagirdinin anası AYNA-ya danışır.

Başqa bir həmsöhbətimiz deyir: “Qızım ali məktəbə qəbul olmaq üçün çox çalışır – səhər məktəb, sonra repetitorlar. Çünki məktəbdə verilən bilik səviyyəsi imtahan üçün bəs etmir. Evə gəlir və yenidən kitablara üz tutur. Hətta idmandan da imtina etdi – vaxt yoxdur. Hərdən uşağa yazığım gəlir, amma bunlar bizim təhsil sisteminin reallıqlarıdır. Mən nəinki ona təzyiq etmirəm, həm də həmişə deyirəm: əgər bir şey planlaşdırıldığı kimi getmirsə, problem deyil, dünyanın sonu gəlməyib, istənilən məsələni həll etmək olar. Amma mən elə valideynlər tanıyıram ki, övladlarına bunun nə ilə nəticələnə biləcəyini düşünmədən təzyiq göstərirlər”.

Psixoloq Azad İsazadə son illər buraxılış və qəbul imtahanları zamanı abituriyentlər arasında intihar hallarının yaşandığını təhlükəli tendensiyas kimi dəyərləndirir: “Problem ondadır ki, onlar səbəblər və faciə baş verəndə nə etməli olduqları barədə danışmağa başlayırlar, amma bunu əvvəlcədən etmək lazımdır. Onda bunun qarşısını almaq olardı. Məktəbi bitirmək və universitetə qəbul üçün hazırlıq proqramı o qədər qeyri-adekvatdır ki, heç də bütün uşaqlar psixoloji gərginliyə tab gətirə bilmirlər. Uşağın təkcə dərsə deyil, həm də asudə həyata da vaxtı olmalıdır. İndi qəbula hazırlaşan gənclər səhərdən axşama kimi məşğuldurlar. Və bu, iki il davam edir. Söhbət çətin keçid dövrünü yaşayan yeniyetmələrdən gedir”.

“Bəzən gücü bərpa etmək üçün qısa bir istirahət kifayətdir və sonra uşaq daha yaxşı nəticələr əldə edir. Kimsə imtahandakı uğursuzluğa sadə yanaşır: “Bu il qəbul olmamışam, gələn il olaram”. Bəziləri üçün isə bu, bir ömür boyu faciəyə çevrilir. İndi çoxları üçün bilik əldə etməkdənsə, universitetə daxil olub diplom almaq vacibdir. Valideynlər tez-tez övladlarına deyirlər: “Əgər bunu etməsən, bizi biabır edəcəksən. Repetitorların pulunu ödəmək üçün çox işləyirik, amma siz yaxşı qiymət ala bilmirsiniz”. Universitetə daxil olan qohumlar, tanışlar, qonşular nümunə kimi göstərilir. Bütün bunlar isə abituriyentlərin başının üstündən “Domokl qılıncı” kimi asılır”, – deyə mütəxəssis söyləyir.

Bəs uşaqların imtahanda uğursuzluğa düçar olmasının qarşısını almaq üçün nə etmək olar? Psixoloqun fikrincə, təhsil sistemini, qəbula hazırlıq sistemini, qiymətləndirmə sistemini dəyişmək lazımdır: “Ən əsası isə o şərait yaratmaq lazımdır ki, ali təhsili olmayan insanın nəyəsə nail olması üçün sosial yüksəliş imkanları olsun. İndi belə hesab olunur ki, ali təhsil diplomu olmadan karyera qura bilməzsən, yaxşı iş tapa bilməzsən”.

“Əgər mümkün qədər tez tədbir görülməsə, uşaqlar ölməyə davam edəcək. Çoxları əmindir ki, sovet dövründə belə faciəli hekayələr yox idi, deyirlər ki, o vaxt gənclər daha dözümlü ididlər. Lakin o zaman da oxşar hallar var idi, çünki sovet dövründə də universitetə qəbul sosial yüksəlişin və karyera uğurunun ən vacib amillərindən biri hesab olunurdu”, – deyə İsazadə vurğulayır.

Əlavə edir ki, valideynlərlə işləmək lazımdır: “Çünki onlar uşağın davranışında narahatedici dəyişiklikləri vaxtında hiss edə bilərlər. Məsələn, uşaq birdən özünə qapanarsa – bu, həyəcan siqnalıdır. İntihar etmək fikri, bir qayda olaraq, birdən-birə gəlmir. Bir yeniyetmə istədiyi nəticəni əldə etməsə, daha tez-tez bunu edəcəyini düşünür. Uşaqlarını ali məktəblərə hazırlayan valideynlər çox vaxt öz ambisiyalarını “yedirdirlər”. Uşaqların isə onların dəstəyinə ehtiyacı var, əmin olmalıdırlar ki, istənilən halda ana və ata ona dəstək olacaq”.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir