USAQLAR

Övladlığa götürülən uşaqlar ögey olduqlarını bilməlidirlər?

Baxış sayı: 1. 589

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

Mərhum şairimiz Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox…” başlıqlı şeirindən nümunə gətirdiyimiz bu bənddə qeyd olunduğu kimi, həyatda hər uşağa atalı-analı böyümək nəsib olmur. Elə körpələr vardır ki, ana nəvazişinə, ata qayğısına ən çox ehtiyac duyduğu anda ömründən bir boran gəlib keçir. Elə bir boran ki, onun şaxtası dəyən ürəyin kimlərinsə ocağına, oduna qızınmağı çox çətin olur. Həmin şəxslərin bir təsəllisi vardır ki, hamımızın bu həyatda hər şeyimiz olmur. Bu dünyada varımız olan şeylərlə olduğu kimi, yoxumuz olan, həvəsində, arzusunda olduğumuz şeylərlə də sınağa çəkilirik.

Bildiyimiz kimi, bu və ya digər səbəblər ucbatından valideynlərindən uzaq düşən körpələr ya internat evlərində, ya da ögey valideynlərinin himayəsi altında böyüyürlər. Təcrübə göstərir ki, ögey valideynlərin əksəriyyəti körpə yaşlarından övladlığa götürdükləri uşaqlarından bu barədə həqiqəti gizlətməyə çalışırlar. Ögey valideynlərini doğma ata-anası bilən uşaq isə müəyyən müddət keçdikdən sonra istər-istəməz bundan xəbər tutur. Təbiidir ki, bu xəbər həmin insan üçün çox böyük psixoloji zərbədir. Ona görə də bu yazımızda araşdırmağa çalışdıq ki, körpəlikdən övladlığa götürülən uşaqlara bu barədə məlumat verilməlidirmi? Verilməlidirsə, uşaq həqiqəti kimdən, necə və hansı yaş dövründə eşitsə daha yaxşı olar?

övladlığa götürmə üçün şəkil nəticəsi

“Ögey valideynlər tərk edilməkdən qorxurlar”

Mövzumuzla bağlı suallarımızı cavablandıran sosioloq Rəfail Həsənov bildirdi ki, belə uşaqlar övladlığa götürüldüyünü bilməlidirlər: “Uşaq özünü dərk etdikdən sonra uyğun şəkildə ona övladlığa götürüldüyü deyilməlidir. Ümumiyyətlə, bu məsələ heç kimdən gizli saxlanılmamalıdır”. R. Həsənovun sözlərinə görə, övladlığa götürülən uşaqlar kənar şəxslərdən, xüsusən də həmyaşıdlarından həmin məsələ haqqında nəsə öyrəndiyi təqdirdə, ciddi psixoloji sarsıntılar yaşayırlar: “İnsanlar əziyyət çəkib, doğma balası kimi böyütdükləri uşaqlardan həqiqəti ona görə gizlətməyə çalışırlar ki, tərk edilməkdən qorxurlar. Amma bütün hallarda övladlığa götürülən uşaqdan bunu gizlətmək mümkün deyil. Gec-tez bu uşaqlar övladlığa götürüldüyünü kimdənsə eşidəcəklər. Məlumat üçün bildirirəm ki, uşaqlarda liderlik, həmyaşıdlarından fərqlənmək istəyi güclü olur. Bu səbəbdən də övladlığa götürülən uşaqlar əksər hallarda həmyaşıdları ilə aralarında nəsə bir narazılıq yarandığı təqdirdə, qarşı tərəfdən bu xəbəri eşidir. Nəticədə də onların özünə inamı itir. Cəmiyyətə qaynayıb-qarışması, dostları, eləcə də onları övladlığa götürən şəxslərlə münasibətlərinin normallaşması çətin olur”.

övladlığa götürmə üçün şəkil nəticəsi

Uşaq 5 yaşına çatdıqdan sonra ögey olduğunu bilməlidir. Amma necə?..

Psixoloq Elnur Rüstəmov isə söylədi ki, ögey valideynlərlə övladlığa götürülən uşaq arasında münasibətlərin düzgün qurulması çox önəmlidir: “Övladlığa götürülən uşaqların valideynləri ilə problemləri daha çox yetkinlik yaşlarında olur. Çünki bu yaşlarında olan uşaqlar fikirləşirlər ki, doğma valideynlərini tapsalar, bütün problemləri həll olunacaq. Belə uşaqların bir qismi isə doğma valideynlərini tapıb nə üçün atılması, günahlarının nə olması və s. kimi onları narahat edən suallarına cavab almaq istəyirlər. Çünki bu yaşda onları narahat edən çox sayda cavabsız sualları olur”. E. Rüstəmovun sözlərinə görə, ögey valideynlərə, həmçinin övladlığa götürülən uşaqlara psixoloji dəstək mütləq lazımdır: “Övladlığa uşaq götürən şəxslər daimi narahat olurlar. Onlar düşünürlər ki, övladları valideynlərinin ögey olmasını öyrəndiyi təqdirdə, evi tərk edəcəklər. Təcrübə göstərir ki, övladlığa götürülən uşaqlarla ögey valideynlər arasında problem daha çox kənardan yaradılır. Belə ki, uşaq valideynlərinin ögey olmasını əksər hallarda kənar şəxslərdən eşidir. Biz belə ailələrlə işləydimiz zaman uşağı bu xəbərə hazırlayırıq. Övladlığa götürülən uşaq 4-5 yaşlarına çatdığı zaman mütəxəssis tərəfindən bu xəbərə hazırlanmalıdır və eşitməli olduğu məlumatı ondan öyrənməlidir. Belə olan halda, bu xəbəri eşidən uşaq heç vaxt düşünmür ki, valideynləri onu aldadıblar”

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir