usaq

Ögey analar üçün tövsiyələr

Baxış sayı: 676

Ögey analıq həm həssaslıq, həm də səbir tələb edən bir işdir. Çünki bütün təzyiqlərə və ya sərt reaksiyalara baxmayaraq (istər uşaq tərəfindən, istərsə də başqaları tərəfindən), məqsəd qayğıya ehtiyacı olan bir varlığa kömək etməkdir. Bu prosesdə ögey ananın həyat yoldaşının, yəni uşaqların atasının üzərinə də çox ciddi vəzifələr düşür. Belə ki, evliliyə qədər ata uşaqları ilə danışmalı və uşaqlarının fikirlərini öyrənməlidir. Razılıq əldə edildikdən sonra isə evliliyə qədər bir tanışlıq mərasimi təşkil etmək olar. Bu tanışlıq mərasimində əsas şərtlərdən biri də uşaqlara qarşı təbii davranmaqdır. Əgər uşaq qarşı tərəfdə hər hansı bir qorxu və ya həyəcan hiss etsə, gələcəkdə bundan öz xeyrinə istifadə edə bilər. Bu mərasimi təşkil etməkdə əsas məqsədlərdən biri də uşaqlara ögey anaya ana demək məcburiyyətində olmadıqlarını, həmçinin onu böyük bacı kimi qəbul edə biləcəklərini aşılamaqdır. Digər tərəfdən, belə mərasimləri təşkil etmək uşağı bu prosesə hazırlamaq üçün də vacibdir. İndi isə ögey ana rolundakı analar nə etməlidirlər?

üvey Anne Stok Fotoğraf, Resimler ve Görseller - iStock

– Hər şeydən əvvəl qarşı tərəfin, yaşından asılı olmayaraq, uşaq oluğunu və ana qayğısına ehtiyac duyduğunu unutmayın. Buna görə də, uşaqdan gələn hər hansı mənfi reaksiyanın şəxsinizlə yox, uşağın düşdüyü vəziyyətlə bağlı olduğunu düşünün.

– Hər hansı bir addımı atmazdan əvvəl empatiya qurun və ya başqa sözlə, özünüzü qarşı tərəfin yerinə qoyun.

– “Qohum-qonşu nə deyər?” deyə düşünərək ifrat dərəcədə yaxşı olmağa çalışmayın. Çünki bu, gələcəkdə həm uşağa, həm də anaya ziyan verə, həmçinin uşaqda avtoritet boşluğunun meydana gəlməsinə səbəb ola bilər.

– Əgər hər hansı bir problem varsa, şikayət etmək məqsədi ilə yox, həll etmək məqsədi ilə ata ilə danışmalı, ya da bir mütəxəssisdən kömək almalısınız.

– Uşağın sizi qəbul etməsi bir qədər vaxt ala bilər, buna görə də, ruhdan düşməməli və geri addım atmamalısınız.

– İlk vaxtlar qarşılıqlı sevgi olmasa belə, qarşılıqlı hörmət olmalıdır. Əgər uşağınızın sizə hörmət etməsini istəyirsinizsə, siz də ona hörmət etməlisiniz.

– Yaşından asılı olmayaraq uşağınızdan qayğınızı və ya sevginizi əsirgəməyin. Bunun üçün ona nağıl oxuya, ən sevdiyi yeməkləri hazırlaya (həm də gözləmədiyi bir vaxtda) və ya hədiyyə ala bilərsiniz.

– Heç vaxt ata ilə uşaq arasına girməyin. Əgər bir köməyinizin olacağını düşünürsünüzsə, bunu uşağın olmadığı vaxtlarda edin.

– Səbirli olun, səbirli olun və yenə də səbirli olun!..

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir