usaq

Öyrədirik, söydürürük, gülürük…

Baxış sayı: 368

Səhv tərbiyə metodlarından biri, həm də ən dəhşətlisi uşaqlara söyüş öyrətməkdir. Öyrədirik, sonra söydürürük və gülürük. Həm də bununla o qədər fəxr edirik ki, kənardan necə gülünc doğurduğunu əsla görə bilmirik. Bu tərbiyə metodunda deyərdim ki, valideynlərdən çox baba, əmi-dayıların rolu olur. Guya ki, uşağı çox istəyirlər, dil açar-açmaz başlayırlar ona söyüş öyrətməyə. Həm də çox ağır söyüşlər. Evdə qonaq olanda və yaxud uşaqla birlikdə dost-tanışla görüşməyə gedəndə onu vadar edirlər ki, həmin söyüşlərdən söyləsin. Uşaq da utanıb çəkinəndə müxtəlif hədiyyələr alacaqlarını vəd etməklə onun ağzından həmin söyüşlərin çıxmasına nail olurlar. Hədiyyəsini alan uşaqda isə artıq ikinci bir xüsusiyyət də formalaşmağa başlayır: hədiyyə, rüşvət almaqla öz iradəsi əleyhinə iş görmək.

Uşağa söyüş öyrətmək nə dərəcədə düzgündür, bu barədə danışaq…

 

Uşaq təqlidçidir

Ailədə uşaqların tərbiyəsində iki şəxs dayanır: uşaqlar və böyüklər. Böyüklər tərbiyəni təqdim, uşaqlar təqlid edəndir. Düşünəndə ki, uşaq gözünü açır, valideynini görür, onun danışdığını, ona yanaşmasını eşidir, hiss edir, bəli, bir uşağın ilkin təməli də elə həmin ailədə-valideyni və ya nənə-babası, digər yaxın qohumları ilə qoyulur. Belə isə uşaqların tərbiyə prosesindən çətin, məsuliyyətli bir iş yoxdur, desəm, yanılmaram. Bu məsələyə, dərindən düşünəndə, o qədər həssaslıqla yanaşılmalıdır ki, sonu gözəl nəticə versin.

Nə üçün yuxarıda uşaqlar təqlid edəndir, dedim. Çünki, sözün həqiqi mənasında, uşaqlar valideyni, onlarla birlikdə yaşayan digər böyükləri təqlid edirlər. Başqa cür ola da bilməz, ona görə ki, uşağı bir ağ vərəq olaraq düşünürüksə, o vərəqdə ilk mürəkkəb böyüklərin tərbiyəsi əsasında görünür, daha sonra yazılanlar isə sözsüz, ətrafdakıların dəsti-xətti ilə olur.

 

Gələcək üçün təhlükə

Biz böyüklər- ata-ana, nənə-baba, əmi-dayı, xala-bibi olaraq uşağımızın tərbiyəsinə cavabdeh şəxslərik. Çünki aydın şəkildə anlamaq lazımdır ki, onların təməlini necə qoyuruqsa, tərbiyəsinə necə başlayırıqsa, gələcəklərini də o cür görəcəyik.

Ailələr var ki, orada uşağın tərbiyəsinə tək ana-atanın deyil, həm də digər ailə üzvlərinin də təsiri var. Baba öz istədiyini, əmi öz ürəyindən keçəni, bibi öz xoşladığını uşaq üzərində tətbiq etməyə çalışır. Biri söyməyi öyrədir, biri ərköyünlüyün təməlini qoyur, o biri bəlkə də istəməyərək eqoistliyi aşılayır. Düşünəndə ki, bunlar övladlarımızın gələcəyi üçün nə qədər təhlükəlidir, vallah, bu gündən dəsmal götürüb ağlamaq lazımdır. Lakin biz bəzən düşünmədən, bəzən qayın-qardaşımıza hörmətsizlik olar deyə, bəzən qayınana-qayınata qınağından uzaqda qalmaq üçün susuruq. Bilə-bilə ki, bunun gələcəyi heç də yaxşı olmayacaq, susuruq. Lakin ətrafdakı çoxsaylı yaxınlarımızın heç biri bu barədə düşünmür. Düşünmür ki, biz bu uşağı cəmiyyət üçün şəxsiyyət kimi böyütmürük, öz istəklərimizin təqlidçisi olaraq böyüdürük. Ona istədiyi an oyuncaq, şirniyyat almaqla, pul verməklə öz iradəmizdən asılı edirik. Ağzını söyüşə öyrədirik.

valideyn

Budur, səhvlərimizin qurbanı uşaqlar

İllər ötür, övladımız bağçaya, məktəbə gedəndə artıq dünən söydürüb güldüyümüz, uğunduğumuz uşaqlarımız bizim üçün problemə çevrilirlər. Hər gün onların söyüşlərinə görə müəllimlərdən giley gəlir. Biz də uşağımıza, filankəs, söyüş söymək olmaz ha, səni bağçadan, məktəbdən qovarlar, deyib onu qorxuduruq. Bu dəfə isə uşağa daha yeni bir səhv tərbiyə növünü tətbiq etməklə onda qorxu hissini formalaşdırmağa başlayırıq. Beləliklə uşağımız olur söyüşkən, hədiyyələrə boyun əyən və qorxaq.

Budur, bizim səhvlərimizin qurbanı olan uşaqlar. Böyüdükdən sonra da kimləsə bir sözü olarkən onu söyüb biabır edəndə, hətta bu söyüşləri bacı-qardaşına, ata-anasına qaytaranda onu günahkar sanırıq. Başlayırıq tərbiyəsinə görə ona nifrət etməyə. “Sən niyə belə oldun, niyə bizim başımızı aşağı edirsən, adam da valideynə söyüş söyər?”,- deyir, onu qınayırıq ki, qınayırıq.

Ötən günləri xatırlamırıq ki, axı bu uşağı biz bu günə gətirmişik. Onun söyüş söyməsində də, hədiyyə, pul qarşılığında düşdüyü çıxılmaz yollarda da, qorxaqlıq edib yalan danışmasında da özümüz günahkarıq. Bir zaman söydürüb gülüb-şənləndiyimiz uşaqlarımız bir tikə çörəyimizi zəhərə çevirir, düzgün tərbiyə verə bilmədiyimiz övladlarımız narahat həyatımızın səbəbkarları olurlar.

 

Nə əkərsən, onu da biçərsən…

Belə bir qənaətə gəlmək olur ki, bugünkü tərbiyə sabah öz bəhrəsini verəcəkdir. Nə əkərsən, onu da biçərsən, nə tökərsən aşına, o da çıxar qaşığına misalları kimi. Odur ki, uşaqlarımızı bir toxum, bir ting, bir gül fidanı kimi təsəvvür edək. Düşünək ki, o toxumu münbit torpağa əkməklə yaxşı məhsul əldə edə bilərik. Uşağımızı bir ting bilək. O tingi əlverişli bir mühitdə böyüdə, bar üstündə olan ağaca çevirə bilərik. Uşağımızı bir gül fidanı zənn edək, düşünək ki, o fidana necə baxsan, elə də görünüş ilə qarşılaşacaqsan. Ya həmin gül kolu gündən-günə gözəlləşəcək, ətrafa gözəl rayihə saçacaq, ya da ki, quruyub məhv olacaq, varlığından əsər-əlamət qalmayacaq.

Tərbiyə bir zəhmət növüdür. Sonda nəticəsi olan zəhmət növü. Zəhmətimizin hədər getməməsi üçün illərlə çalışırıq. Yuxarıda da vurğuladığım kimi, bir ağac tingini, gül fidanını torpağa əkməklə, toxumu torpağa səpməklə onun nəticələrini səbrsizliklə gözləyirik. Lakin gəlin, görək o ting, o toxum su içməzsə, müxtəlif aqrar qayğılarla əhatə olunmazsa, bizim gözlədiyimiz nəticəni verə bilərmi? Əsla yox. İnsan da təbiətin bir parçasıdır. Bu canlılar oxşar xüsusiyyətlərə malikdirlər. Sən onunla necə davranırsansa, o da səninlə elə davranır. Əllərimizin boş qalmaması, zəhmətimizin hədər getməməsi, illərimizin boş yerə xərclənməməsi naminə, gəlin, doğrunu, düzgünü səhvlərimizə qurban verməyək. Yoxsa çox əziyyət çəkməli olarıq. Rahatlığımız, övladlarımızın xoşbəxt gələcəyi naminə onlara düzgün tərbiyə verək ki, bəhrəsini dadanda zəhər tamında olmasın…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir