mekteb

Pandemiya dövründə məktəblər: “Oturmaq olmaz”, tibbi maska, spirt və… – REPORTAJ

Baxış sayı: 943

Fevralın 1-dən orta məktəblərin qapıları şagirdlərin üzünə açıldı. Pandemiyanın uzun sürən onlayn təhsil formatı əyani dərs prosesi ilə əvəzlənməyə başladı.

Sosial şəbəkələrdə açılmış müzakirələrdə şagirdlərin uzun fasilədən sonra tədris ocaqlarına geri qayıtması geniş müzakirə mövzusuna çevrilib. Dərslər hansı formada təşkil olunur, pandemiya qaydalarına riayət edilirmi kimi suallar ətrafında fikir mübadilələri aparılır.

Tədris prosesinin hansı formada təşkil olunduğunu öz gözlərimizlə görmək, siz oxuculara çatdırmaq üçün paytaxtın Yasamal rayonunda yerləşən 13 saylı tam orta məktəbə üz tutduq.

 

“Şagirdlərə giriş qadağandır”

Bizi giriş qapısında məktəbin təsərrüfat işlərinə məsul olan şəxs qarşıladı. Daha doğrusu, əlində bir kağız vardı. Üzərində tarix qeyd olunmuşdu. Qeyd edilirdi ki, məktəblilərin 1 fevral tarixinə qədər adıçəkilən təhsil ocağına girişi qadağandır. Səbəb? Səbəb təbii ki, pandemiyadır. Yəni, məktəb rəhbərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın, bundan irəli gələrək Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarları ilə hərəkət ediblər. Elə 13 saylı məktəbin təsərrüfat işlərinə baxan şəxs də artıq həmin lövhəni sökürdü. Əlavə etdi ki, dünənə qədər məktəblilərin bu qapıdan içəri girməsinə icazə verilməyib.

Bu dəfə şagirdlər olar, valideynlər yox…

Səhərin alaqaranlığında məktəblilərin təhsil ocağına gəlişini gözlədik. Giriş qapısında iki nəfər dayanmışdı. Onlardan birinin əlində istilikölçən və spirt vardı, digəri isə hələ gözləyirdi…

Saat 8-ə beş dəqiqə qalır. Artıq uşaqların çoxu gəlib. Valideynlər uşağı qapıda gözləyən digər pedaqoqa təhvil verir, özləri giriş qapısından geri qayıdırdılar. Digər şəxs isə məktəblilərin istiliyini ölçür, əllərini spirtləyir, sonra siniflərə getməsinə icazə verirdi. Söhbət əsnasında məlum olur ki, hazırda ikinövbəli tədris sistemi ilə işləyən tədris müəssisəsində səhər növbəsində məktəbəqədər yaşlı uşaqlar üçün dərslər təşkil olunur.

Bizi də məktəbin həyətindən içəri buraxmaq üçün əvvəlcə istiliyimizi ölçdülər, sonra əllərimizi spirtlə dezinfeksiya etdik.

Direktor bizi qapıda qarşılayır…

13 saylı məktəbin direktoru Yaqut xanım Sadıqova bizi qapıda qarşılayır. Xoş gəlmisiniz – deyir. Məktəbin həyətində yerə çəkilmiş kvadrat lövhələrə gözümüz sataşır. Direktordan bunun nə olduğunu soruşuruq. Cavab verir ki, bunlar pandemiyanın davam etdiyi bu günlərdə şagirdlərin təhlükəsizliyi üçündür: “İki metrlik məsafəsi var bu kvadrat lövhələrin. Şagirdlər pandemiya qaydalarına uyğun olaraq burada düzülürlər. Himnimizi oxuduqdan sonra siniflərə bölünərək otaqlara daxil olurlar. Əgər bir sinifdə 20 şagird varsa, onlar yarı bölünür və 10 +10 formatında şagirdlərə dərs keçilir. Əgər bir sinifdə 15 şagird təhsil alırsa və sinif böyükdürsə, o zaman onlar bir otaqda tədris prosesinə cəlb olunurlar. Uşaqlar partalarda tək otururlar. Pandemiya qaydalarına uyğun olaraq yanaşı oturmağa icazə verilmir”.

 

“Məsafə saxla” nişanları…

 

Direktor iki gündür dərslərin pandemiya qaydalarına tam uyğun şəkildə keçirildiyini qeyd edir. İçəri daxil olanda da səliqəliliyi görürük. Direktor bizə foyedə yerə vurulmuş “məsafə saxla” nişanlarını göstərir. Deyir ki, bu nişanlara hər kəs məktəb daxilində əməl edir, pedaqoqlar da, şagirdlər də…

Foyedə pandemiya ilə əlaqədar quraşdırılmış məlumat stendlərini də görürük. Burada pandemiya ilə mübarizə qaydaları şagirdlərə aşılanır. Maarifləndirici lövhələrin Təhsil Nazirliyi tərəfindən hər bir məktəbə göndərildiyi vurğulanır. Stendlərdə gigiyena qaydalarından tutmuş, dövlətin bu istiqamətdə aldığı qərarların hamısı əks olunub. Yaqut xanım söyləyir ki, bəzi məlumatlandırıcı lövhələr və stendlər onun öz təşəbbüsü ilə quraşdırılıb.

Burada valideynlər üçün məlumat vərəqəsinin də divarlara vurulduğunu görürük. Əgər koronavirusla bağlı hər hansı problem varsa, valideynlərə “146-2” qaynar xəttinə müraciət etmələri məsləhət görülür.

 

COVID-19 zibil qutusu

Üzərinə “COVID-19” zibil qutusu yazılmış zibil qutularının hansı işi “gördüyünü” soruşuruq. Müəllimlər bildirirlər ki, dərsdən çıxan, iş sonrası evə getməyə hazırlaşan pedaqoqlar tibbi maskalarını, əlcəklərini həmin qutuya atırlar. Sonra evə gedirlər. Direktor isə söyləyir ki, müəllimlər tibbi və şəffaf-plastik maska – üz sipəri olmadan siniflərə girmirlər. Siniflərin giriş divarlarında, foyelərdə addımbaşı maarifləndirici lövhə və stendlər şagirdlərə pandemiya dövründə məktəbdə necə hərəkət etməli olduqlarını aşılayır.

Sinifdə 5 dəqiqə…

Direktor Yaqut xanım müəllimdən icazə alıb bizimlə sinifə daxil olur. Məktəbəqədər yaşlı şagirdlər yeni ildə ikinci dərs gününün ilk saatını yaşayırlar. Müəllim ölkəmiz haqqında məlumat verir. İnteraktiv üsulla dərs keçir. Sinevizyonla işləyir. Mən isə gələcək şagirdləri müşahidə edirəm. Hamısı tək oturub.

 

“Oturmaq olmaz” xəbərdarlığı…

Sinifdə temperatur və temperament normaldır. Birdən gözüm şagirdlərin yanındakı stula vurulmuş lövhəyə sataşır: “Oturmaq olmaz”. Direktordan bu işarənin məqsədini soruşuram. Söyləyir ki, şagirdlərin yadına bir daha salırıq ki, yanaşı oturmaq olmaz. Bəzi uşaqların ağzında tibbi maskanın olmamasının səbəbini də soruşuruq, deyirlər ki, 12 yaşa qədər şagirdlər üçün tibbi maska məcburi deyil, bu uşaqlar isə məktəbəqədər yaş qrupuna aiddirlər. 12 yaşdan yuxarı şagirlərə isə tibbi maska taxmaq mütləqdir.

Məktəbdən xoş təəssüratlarla ayrılırıq.

(“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir