Artıq 2-ci ildir ki, davam edən qlobal COVİD-19 pandemiyası bəşəriyyətin sözün əsl mənasında düşməninə çevrilib. İndiyədək dünyada 150 milyondan çox insanda koronavirus aşkarlanıb, virusdan 3 milyondan çox xəstə isə dünyasını dəyişib. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 983 695 nəfər), Hindistan (18 376 524 nəfər), Braziliya (14 523 807 nəfər), Fransa (5 565 852 nəfər) və Rusiyadır (4 787 273 nəfər).
Təkcə Azərbaycanda koronavirusa yoluxan 316 mindən çox insanın 4400-dən çoxu xəstəliyin qurbanına çevrilib.
Bu gün artıq məlumdur ki, koronavirus yalnız ağciyərlərə deyil, beyin, böyrəklər, ürək və qan damarları da daxil olmaqla bir çox başqa orqana hücum edir. COVID-19-un uzunmüddətli simptomlarının və təsirlərinin araşdırılması hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritetdir.
Hamımız azadlığımızı və bu ölümcül virusun yayılmasını məhdudlaşdıran tədbirlərə ehtiyac qalmadığı vaxtları, normal həyata qayıtmağımızı gözləyirik. Lakin insanların arasında COVID-19 xəstəliyini keçirmiş və bunun sayəsində yanaşı xəstəliklər qazananlar var ki, nə vaxt sağalacaqlarını bilmirlər.
Söhbət “uzun müddətli COVID” yaxud “post-koronavirus sindromu” kimi müxtəlif adlara malik vəziyyəti yaşayan minlərlə xəstədən gedir.
Koronavirus həqiqətən müəyyən müddətdən sonra orqanizmdə fəsadlar yaradırmı? Post-koronavirus sindromu nədir?
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, bu xəstəliyi keçirən bəzi insanlarda iy və dadbilmə uzun müddətdən sonra bərpa olunur: “Elə insanlar var ki, onlarda 1 ay sonra, bəzi insanlarda isə 3-6 ay ərzində iy və dadbilmə bərpa olur. Amma elə şəxslər olur ki, iy və dadbilmə bərpa olunmur. Bu, olduqca acınacaqlı haldır, psixoloji sarsıntıya gətirib çıxarır. İnsan iyləri bilmir, həyat keyfiyyəti azalır. Burada sinir aparatı zədələnir ki, çox az sayda insanda bərpası mümkün olmur və uzun müddət davam edir”.
Həkim bildirib ki, xəstəliyi keçirən bəzi insanlarda uzun müddət halsızlıq, diqqətsizlik, yuxusuzluq, bədən ağrıları, 37.1-37.2 temperatur qala bilər.
Həkim Xəyyam Eyvazov isə deyir ki, koronavirus təkcə ağciyərləri zədələmir, bütün daxili orqanlarda fəsad yaradır: “Bu xəstəlik beyini, qaraciyəri, böyrəkləri zədələyə bilir. Bir sözlə, koronavirusun fəsad yaratmadığı daxili orqan yoxdur”.
Avropa Sağlamlıq Sistemlərinin Araşdırması üzrə professor Martin McKee deyir ki, pandemiyanın başlanğıcında on minlərlə ağır xəstənin həyatını qurtarmaq üçün hər cür səy göstərilirdi. Simptomları uzun müddət keçməyən insanlar isə mütəxəssislərin diqqətindən kənarda qalırdılar. McKee xəstəliyi ağır keçməsə də, sağalmayan xəstələrin müraciəti sayəsində vəziyyətin dəyişdiyini bildirib: “Məlum olub ki, COVID-19 xəstələrinin təxminən dörddə biri virusun yaratdığı digər xəstəliklərlə mübarizə aparır. Onlarda daha çox sinə və əzələ ağrısı, yorğunluq, nəfəs darlığı və “dumanlı şüur” kimi bir neçə simptomlara rast gəlinir. Biz tədricən bu simptomların səbəblərini anlamağa başlayırıq. Bu səbəblərdən biri də virusun bədənin immun sistemi ilə qorunmayan hissələrinə, məsələn
beyinə daxil olmasıdır. Bəzən şəkərli diabet və tromba yol açır, ürək, ağciyər kimi orqanlara birbaşa hücum edir. Bu da infarkt və ya insulta səbəb ola bilər”.
Mütəxəssislər hesab edir ki, uzun müddət davam edən COVID-19 xəstəliyi insanların həyatını kökündən dəyişir. Belə ki, çoxları işləyə bilmir, passivləşir, ünsiyyət qura bilmirlər. Xəstələr psixoloji vəziyyətin daim dəyişməsi ilə ağırlaşmadan şikayət edirlər. Özlərini yaxşı hiss edən kimi simptomlar yenidən qayıdır.
ÜST-ün regional direktoru Dr. Hans Klugenin sözlərinə görə COVID-19-un uzunmüddətli təsirini və bərpa prosesini başa düşmək istəyiriksə, post-kovid vəziyyətindən əziyyət çəkənləri dinləməliyik: “Mütəxəssislərin hələ bir çox suala cavabı yoxdur. Əhalinin neçə faizinin uzun sürən koronavirus infeksiyasından əziyyət çəkdiyi məlum deyil. Biz bunu araşdırırıq”.
Xəstələrin təxminən 100 faizində nevroloji fəsadlar aşkarlanıb
Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin tibbi reabilitasiya üzrə baş mütəxəssisi Galina İvanova COVID-19 xəstələrinin təxminən 100 faizində nevroloji nəticələrin aşkarlanması barədə məlumat verib. Bunlar baş ağrısı, həssaslığın pozulması, depressiyaya kimi bir çox fəsadlardır: “Koronavirus infeksiyasının nevroloji təzahürləri getdikcə daha çox ağırlaşır. Şiddətli baş ağrısı, həssaslığın, qoxubilmənin pozulması, paresteziya, iflic, müxtəlif dərəcəli idrak pozulması, narahatlıq və depressiyaya səbəb olur. Bu simptomlar koronavirus infeksiyasını keçirmiş xəstələrin təxminən 99 faizində müşahidə olunur”.
İvanova tibbi nəşrlərə əsasən, koronavirus infeksiyasının nəticələrini dörd qrupa ayırır. Birinci qrupa mütəxəssislər hipoksiya, bronxial klirensin pozulması, sinə ağrısı, ürək ağrısı, ritm pozğunluğu və kardiorespirator xəstəlikləri aid edilər. Digər qrupa nevroloji nəticələr daxildir. Üçüncü qrupa ilk günlərdən etibarən bir çox xəstədə müşahidə olunan oynaq ağrısı, iltihab, əzələ ağrısı, elastiklik azalması, skelet əzələlərində yaşla bağlı atrofik degenerativ dəyişikliklər, əzələlərin itkisinə tədricən səbəb olan əzələ-skelet sistemi xəstəlikləri daxildir: “Əlbəttə ki, koronovirus ishal və iştahın azalmasında, ürək bulanmasında, qaraciyərdə ağrı, şəkər səviyyəsinin artmasında da özünü göstərir”.
Həkimlərin sözlərinə görə, xəstəlikdən sağalan insanlar üçün müvafiq fəsada uyğun reabilitasiya təyin olunmalı və müalicə ixtisaslaşmış bir müəssisədə başa çatdırılmalıdır. Mütəxəssislər xəstəliyin şiddətindən asılı olmayaraq COVID-19 xəstələrinin 80 faizi üçün reabilitasiya tələb olunduğunu söyləyir.
Məşhur həkim və teleaparıcı Yevgeny Komarovski koronavirusun yarada biləcəyi ən təhlükəli nəticədən danışıb. Onun sözlərinə görə, bir çox insan koronavirus xəstəliyindən sonra davamlı yorğunluq hiss edir: “Virusun bədəndə çoxaldığı müddətdə, təkcə ciyərlərdə deyil, demək olar ki, bütün digər daxili orqanlarında ciddi dəyişikliklər baş verir. Virus qan damarları, sinir sistemi və beyin hüceyrələrinə təsir edir, bu isə daxili mikro qanaxma və qan təchizatı zəif olan bölgələrin yaranmasına səbəb olur”.
Komarovski post-kovid simptomlarını üç qrupa bölür. Birincisi, tənəffüs sistemində yaranan simptomlardır ki, bütün göstəricilər normallaşdıqdan sonra yenidən öskürək, nəfəs darlığı və hava çatışmazlığı şəklində özünü göstərir. İkinci qrupda, zəiflik hissi – demək olar ki, sağalanların hamısının şikayət etdiyi bir simptomdur. Həkim bunun sadəcə yorğunluq olmadığını qeyd edir. Üçüncü qrupun simptomları isə sinir sisteminin zədələnməsidir. Buna zehni pozulmalar, yuxu pozulmaları ciddi yaddaş pozulmaları və hərdən tamamilə asan görünən işləri görə bilməmək kimi simptomlar aid edilir.
Həkim əlavə edib ki, koronavirusu yalnız tənəffüs sisteminə təsir edən bir infeksiya kimi qəbul etmək səhvdir: ” Bu, ilk növbədə damarlara və sinir sisteminə təsir edən bir virusdur. COVID-19 fəsadlarından azad olmaq aylar çəkə bilər və bu əziyyəti çəkən insanlara bu nəticələrin öhdəsindən gəlmələrinə yaxınları kömək etməlidir”.
Aygün ƏZİZ