Əgər bir kişidə potensiya, cinsi zəiflik başlayarsa, o, özünə qapılıb, dərdini heç kimə deməz, yaxın dostundan başqa.
Adətən kişilər bununla barışmaz, etiraf etməz, hətta müalicədən də imtina edər. Sadəcə aptekə girib, mövcud olan dərmanları atmaqla guya düzələcəyinə ümid edər.
Latıncadan “potentia” – güc, qüvvə kimi tərcümə olunur. Daha dəqiq desək: normal ereksiya, ereksiyanın sürəti, vaxtı, cinsi aktın müddəti və normal davam etməsi nəzərdə tutulur.
40 yaşından sonra müasir kişilərin potensiya ilə problemləri başlayır. Lakin bu hamıda belə deyil. Normal sağlam kişinin 60 yaşda belə intim, cinsi aktivliyi qala bilir.
İlk əlamətlər:
-Cinsi istəyin azalması və ya konkret vaxtlarda ara-sıra yaranması
-Səhərlər ereksiyanın olmaması
-İntim həzz almamaq
-İntim əlaqənin qısa sürməsi və ereksiyanın itməsi
Səbəblər:
-Gec və qeyri-müntəzəm cinsi akt. 30 yaşdan sonra intim əlaqənin azalması. Müntəzəm intim əlaqə kişi potensiyasına müntəzəm təsir göstərir
-Kişi cinsiyyət xarici və daxili orqanlarının xroniki xəstəlikləri: uretrit, prostatit, vazikulit, infeksiyalar
-Sinir, psixonevroloji səbəblər, ailədaxili münaqişələr, işdə stress, yuxusuzluq, daimi yorğunluq
-İçki, tütün, siqaret, narkotik, xüsusən keyfiyyətsiz növlərindən istifadə
-Oturaq iş, azhərəkətlilik, sükan arxasında çox olmaq, qeyri-düzgün, keyfiyyətsiz qidalanma
-Ürək-qan damar sisteminin xəstəlikləri
-Hormonal disbalans. Endokrin sistem birbaşa potensiyaya cavabdehdir
-İdman zallarında anaboliklərin, protein və digər qidaların, maddələrin qəbulu, ilk başda əzələ ilə yanaşı cinsi aktivliyi də artırır, amma bu aldadıcıdır. Sonradan azalma və sönmə başlayır.
-Yataqda seksual uyğunsuzluq, partnyorların bir birini anlamaması, fiziki narazılıq
-Uğursuz əməliyyatlar, ayaq və çanaq orqanlarında travmalar
Diaqnostikası:
Kişilər hətta özlərində bir problem görməsələr də, ildə bir dəfə uroloq və androloq, həmçinin endokrinoloq qəbulundan keçməlidirlər.
Müayinə metodları: əllə yoxlama – palpasiya, USM, hormonal analizlər, doppleroqrafiya, testlər, nevropatoloqun qəbulu.
Necə qorunmalı?
Stressdən uzaq, uzaq. Potensiya emosional vəziyyətdən çox asılıdır. Hormonları da oynadan stressdir. Ailədə qarşı tərəfdən narazılıq və ürəksiz cinsi əlaqələr zamanla sizin bütünlükdə qadınlara marağınızı azalda bilər.
Potensiyanı artıran ərzaqlar:
Fast-food, energetik, qazlı içkilərdən imtina edin. A, E, B vitaminləri çox olan meyvə-tərəvəzi bol edin: banan, nar, üzüm, ərik, soğan, sarımsaq, qoz, fıstıq. Mixək, nanə, zəfəran, zəncəfilli çaylar için.
Piyada çox gəzin, həyətdə evdə iş görün. Fiziki aktivliyi artırın. Yuxu rejiminə riayət edin, doyunca yatın.
Ən vacibi: özünüzə fiziki baxımdan uyğun partnyor seçin, tapın. Yataqda kişiyə özünəgüvənlik bəxş edən qüvvə qadındır. O, elə bir qadın olmalıdır ki, potensiya ilə bağlı bütün sirlərini onunla bölüşə biləsən. Yalnız düzgün partnyorla kişi emosional baryeri aşa bilər.