yasemen HUSEYNOVA 1

Milli Qəhrəmanın qızı: “Əsirlikdən qayıdan qohumlarımız, qonşularımız deyirdi ki…”

Baxış sayı: 606

Bu gün ermənilər tərəfindən törədilən və 20-ci əsrin ən böyük faciələrindən olan Xocalı faciəsinin baş verməsindən 30 il ötür. Həmin faciəli günü bir daha xatırlamaq üçün  Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova ilə həmsöhbət olduq.

Tofiq Hüseynov Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra həmin taborun komandiri təyin edilib; “Mixaylo” ləqəbiylə tanınırdı.

Şahidlərin danışdığına görə, T.Hüseynov fevralın 26-da çox sayda dinc sakini Xocalıdan çıxara  bilib, 3 gün sonrasa sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı silahlı erməniləri də partladıb. O həlak olanda 37 yaşı vardı.

Xocalı hadisələri vaxtı həyat yoldaşı, qardaşı, ata-anası da qətlə yetirilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Qızı Yasəmən Həsənova 1980-ci ilin mart ayının 8-də Xocalıda anadan olub. O, faciənin canlı şahidlərindəndir.

Xocali 1

–  Yasəmən xanım, Xocalı ilə bağlı yadınızda qalan xatirələrinizi bölüşə bilərsinizmi?

–  12 yaşına kimi uşaqlığım Xocalıda keçib. Çox gözəl təbiəti, tərtəmiz havası vardı. Qar yağanda soyuğu hiss etmirdik. Qonşu uşaqlarla yığışıb çaya getdiyimizi, kəklikotu yığdığımızı xatırlayıram. Çox xoş günlərimiz keçib Xocalıda. 12 yaşına kimi xoşbəxt uşaqlıq illərimi yaşamışam, valideynli illərimi yaşamışam. İndi çox ağırdır o günləri xatırlamaq.

 

–  Xocalıdan Bakıya gəlmə hekayəniz necədir?

–  Faciə baş verdikdən sonra Ağcabədinin Hindarx kəndinə gəldik. Orda qohumlarımız vardı. Onlar bizə qucaq açdılar. O evdə – Şahin əmigilin evində atamın yas mərasimi verildi. 40 gün biz o evdə qaldıq. Təkcə biz qalmadıq o evdə. Bir neçə ailə – 40 böyük, 25-26 uşaq vardı. Ailəmizdən sağ qalan bircə əmim idi. O biri əmim də şəhid olmuşdu. Onun iki övladı da yanımızdaydı. Əmim bizi Bakıya gətirdi, sahə müvəkkili idi. Özünün 3 qızı vardı, biz də 3 uşaq idik, bir də  şəhid olan əmimin 2 övladı – hamımıza əmim dəstək oldu. Onun həyat yoldaşı Şəfiqə xanım bizə ana nəvazişi göstərdi, öz övladlarından ayırmadı. Biz böyüdük, ailə qurduq. Daha sonra Leyla Əliyevanın təşəbbüsüylə bizə – hər iki valideynini itirənlərə ev verdilər. Hazırda həmin evdə yaşayıram. Həyat öz axarı ilə davam edir… Mən öz torpağımıza getmək istəyirəm, Xocalıya getmək istəyirəm. Düzdür, bizim üçün hər cür şərait yaradıblar. Amma mən yenə də mən öz torpağımıza qayıtmaq istəyirəm.

 

– Yasəmən xanım, itkin düşən, taleyindən xəbərsiz olduğunuz doğmalarınız çoxdurmu? Sizdə hər hansı məlumat varmı, ermənilər kütləvi məzarlıqları hansı şəraitdə qazırdılar?

– 30 ildir ki, mənim doğmalarımın, əzizlərimin məzarı yoxdur. Onların taleyindən hələ də xəbərsizik. Hamı kimi mən də istəyərəm ki, anamın, ən əziz doğmalarımın məzarı olsun. İstəyərəm ki, mən də hamı kimi öz torpağıma, Xocalıma qayıdım. 30 il bundan əvvəl erməni vandallarının, barbarlarının törətdiyi Xocalı soyqırımı zamanı anamla bərabər kəndimizin sakinlərinin bir çoxunu qətlə yetirdikdən sonra quyuya, xəndəklərə doldurub üzərlərini örtüblər. Özü də həmin kütləvi məzarlıqların hamısını azərbaycanlı əsirlərə qazdırıblar. Əsirlikdən qayıdan qohumlarımız, qonşularımız deyirdi ki, kütləvi məzarlıqlar qazılandan sonra insanları öldürürdülər. Sonra quyuya, xəndəklərə atırdılar. Bununla da ermənilərin ürəkləri soyumurdu. Əvvəlcə meyitlərin üzərinə benzin töküb cəsədlərə od vururdular, bundan sonra həmin quyuların üzərini torpaqla örtürdülər. Bunlar sözlə ifadəsi hallar deyil. Sanki yenidən o günlərə qayıdıram, o dəhşətləri yaşayıram. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm.

 

– Bəs ananızın, digər itkin düşən şəxslərin meyitlərinin, nəşlərinin qalıqlarının tanınması üçün sizdən də nümunələr götürülübmü?

– Bəli. Bir neçə il bundan əvvəl ağız suyundan və saçımızın telindən nümunələr götürülüb. Götürdülər ki, heç olmasa, anamın sümüklərini tapa bilək. Onları kütləvi məzarlıqlardan çıxararaq müsəlman adət-ənənələri ilə dəfn edək. Bunun özü mənə, mənim kimi 30 ildir doğmalarının yolunu gözləyən, kütləvi məzarlıqlarda basdırılan, taleyindən xəbər alınmayan insanların qohumları üçün böyük təsəllidir. Əsas arzum Xocalımıza qayıtmaqdır. İkinci bir arzum isə Quba Soyqırımı Məzarlığı kimi Xocalıda da o cür soyqırımı məzarlığının yaradılmasıdır. Biz ermənilərin bu vəhşiliklərini dünyaya çatdırmaq, ölkəmizə gələn turistlərə, xarici qonaqlara göstərmək üçün bu cür soyqırımı memorial kompleksini Xocalıda da yaratmalıyıq.

 

– Ermənilərin kütləvi məzarlıqları zorla qazdırdıqları keçmiş əsirlər, girovlar bu barədə nələr danışırdılar?

– Həmin dəhşətləri, işgəncələri görənlərin çoxu əsirlikdən, girovluqdan azad olunduqdan sonra burada çox yaşamadılar. Ermənilər təkcə dirilərə yox, ölülərə də işgəncə verirdilər. Barmağında üzüyü olanların üzüklərini çıxarmaq üçün barmaqlarını kəsiblər. Ağızlarında qızıl dişi olan meyitlərin dişlərini vəhşicəsinə söküblər. Yəni, meyitlərimizi elə hala salırdılar ki, onları tanımaq olmurdu. Hətta əsirlikdən qayıdanların bəziləri danışmırdılar. Çünki ağlagəlməz vəhşiliklər ediblər və dillə deyiləsi şeylər deyil. Allah ermənilərin kökünü kəssin, mənim əzizlərimə, doğmalarıma da o cür işgəncələr veriblər. Görmüşük ki, kişi gedər döyüşə, vətən yolunda şəhid olar. Bəs günahsız qadınların, mənim anamın, 20 yaşlı xalam qızı Çinarənin günahı nə idi?! Onun meyitinin fotosu da var, ermənilər onu öldürəndən sonra qolunun birini kəsiblər. Dizindən də güllə yarası almışdı. Üzü tanınmaz halda idi. Xalam oğlu Çingizin də üzü tanınmırdı. Biz güclə onu müəyyənləşdirə bilmişdik. Xocalı soyqırımında çəkilən fotoların hamısı sübutdur.

 

– Əsirlikdən qayıdanlar Xocalıdakı kütləvi məzarlıqların yerini deyirdilərmi?

– O haqda heç nə deyə bilmərəm. Mən əsirlikdə olmamışam. 12 yaşım var idi. Kəndimizi tanıyıram. Ağacları, həyətləri indi də yadımdadır. Təbii ki, ağaclar, tikililər indi qalırsa… Əsirlikdən qayıdanların çoxu isə indi dünyada yoxdur. Yəqin ki, həmin məzarlıqlar Xocalının içərisində ola bilməz. Dəqiq bilməsəm də, düşünürəm ki, kənddən bir az aralı yerlərdə ola bilər, məsələn, bizim evin yuxarı hissəsində yoncalıq vardı. Eləcə də “Kontor” deyilən başqa bir məkan… Yəqin ki, kütləvi məzarlıqlar da açıqlıq ərazilərdədir. Hər halda, evlərin həyətində, məhəllələrdə, küçələrdə kütləvi məzarlıqlar, quyular qazıb meyitləri oraya tökəsi deyildilər. Bizim evin eyvanından baxanda yoncalıq var idi, çay axırdı. Mənə elə gəlir ki, kütləvi məzarlıqları da ermənilər orada qazdıraraq meyitləri basdırıblar. Onu da öz xeyirləri üçün etməyiblər. Kəndin içindəki meyitləri ona görə yığıb quyularda basdırıblar ki, xarici jurnalistlər gəlib onları görməsinlər. Hətta mənim anamın şəklini ermənilər internetə özlərinin başına gətirilən “soyqırımı” fotosu kimi təqdim edirdilər. Sonradan mən sübut etdim ki, bu, mənim anamın fotosudur. Çünki anamın evdə geyindiyi paltarlara qədər hamısı yadımda qalıb. Xocalı soyqırımında ermənilərin azərbaycanlılara qarşı hansı vəhşiliklər törətdiyini fotoların yaddaşına köçürən rusiyalı fotojurnalist Viktoriya İvleva mənim anamın meyitinin də şəklini çəkmişdi. Həmin qadın Bakıya gəlib o fotoları təqdim edəndə bildirdi ki, bu fotoları çəkmək üçün ermənilər onun qarşısında şərt qoyurlar. Deyirlər ki, bu fotoları çəkəndən sonra bütün dünyaya car çək ki, fotodakılar ermənilərdir və ermənilər “soyqırımına” məruz qalırlar. Şəkillərin çəkilməsinə ona görə izn veriblər.

 

Soyqırımıdan sonra kimlərinsə meyitləri tapıldımı?

– Bizim qohumlardan yalnız anamın anasının, nənəmin meyitini gətirdilər. Onun da üzü tanınmaz halda idi. Biz tanıya bilməmişdik. Bircə xalam tanıdı ki, o mənim Zeynəb nənəmdir. Onun da meyitini aparıb Ağdərədə dəfn etdik. Sonra Ağdərə işğal olundu. O da erməninin əlində qaldı. Ermənilər məzarları da dağıdıblar. Gedib nənəmin məzarını tapa bilmirik. Mənim xalam erməni əsirliyində olub. 3 gün onların əlində qalıb. Onun sağ qalması da möcüzədir. Yanında yaşlı qadın olub, xalam o vaxt təzə ailə qurmuşdu, cavan idi. Ermənilər içəri girib ki, xalam kimi cavan qızları, gəlinləri yığıb aparsınlar. Xocalıdakı Əntiqə xala xalamın üzünə, gözünə, qollarına qoyun peyinindən sürtüb, belinə şal bağlayıb ki, xalam yaşlı görünsün, onu aparmasınlar. O vaxt ermənilər girovları mal-qoyun tövlələrində saxlayırdılar. Nə qədər cavan qızı, gəlini yığıb aparıblar. Xalamı 3 gün sonra Azərbaycan tərəfinə təhvil vermişdilər. Xalam elə şeylər danışır ki, onu ifadə etmək mümkün deyil. Deyir ki, gördüklərim mənimlə qəbrə gedəcək… Ermənilər atamın əmisi oğlu Mehman əminin dilini kəsiblər. Boğazına zəncir salıb darvazaya bağlayıblar. Çoxlarının dərisi soyulub, başları qoparılıb ermənilər tərəfindən.

Milli qehreman Tofiq Huseynov

–  Atanız Tofiq Hüseynov Milli Qəhrəmandır. Onu necə xatırlayırsınız?

–  Atam mənim qürur yerimdir. Mən fəxr edirəm ki, Milli Qəhrəman Tofiq Hüseynovun qızıyam. Uşaq olsam da, yaxşı xatırlayıram atamın keçdiyi döyüş yolunu. Döyüş əməliyyatlarının birində körpə uşağı xilas etmişdi. Bəlkə də o uşaq indi sağdır, yaşayır. Onlar 3 gün meşədə suyun içində qalmışdılar. Evə gələndə uşağı evdən necə çıxarmasından, necə xilas etməsindən danışırdı. Elə həvəslə, fərəhlə danışırdı ki, sanki nağıla qulaq asırdım. Mənim üçün çox maraqlıydı. Həmin döyüş əməliyyatına 21 nəfər könüllü də qoşulmuşdu. Onlar da atamla getmişdilər. Atam bir çox əməliyyatda iştirak edib. “Mixaylo” ləqəbini ona Bozdağ əməliyyatından sonra vermişdilər. Hamı mənim atama inanırdı… Atama hərbi geyim çox yaraşırdı. Biz bilirdik ki, atam sağ qalmayacaq. Çünki atam həmişə deyirdi ki, hamı Xocalısız yaşasa da, mən yaşaya bilmərəm… Həmin il fevral 29 gün idi. Fevralın 29-u meşənin sıx yerinə çəkilərək özünü qumbara ilə öldürmüşdü. Şəhid oldu. Bunu ermənilərə əsir düşməmək üçün etdi. Çünki bilirdi ki, əsir düşsə, onu sağ buraxmayacaqlar. Ermənilər onu axtarırdılar. Martın 19-u anamın doğum günü idi. Elə bir gündə, yəni martın 19-u atamın meyitini Bakıya gətirdilər və onu Şəhidlər Xiyabanında dəfn etdilər. Bayram axşamı idi. Mənim yaşıdlarım tonqal üstündən atlanıb şənlənəndə mən atamı son mənzilə yola salırdım. Xocalı faciəsində mən hər iki valideynimi, babamı, hər iki nənəmi, əmimi, xalamı, xalamın iki övladını itirdim.

Biz qohumların, tanışlarım köməyi ilə o gecədən sağ-salamat qurtula bildik. Bacımın 10, qardaşımın 8 yaşı vardı. Biz bu gün özümüz valideynik, amma yenə də ürəyimiz valideyn həsrətiylə döyünür, ürəyimiz valideynlərimizi istəyir. Fevralın 25-dən 26-na keçən şəhid verdiyimiz əzizlərimizdən bir tək atamın məzarı var. O da Şəhidlər Xiyabanında dəfn olunub. Hər il fevralın 26-da biz atamın məzarı üstünə gedirik, eyni zamanda “Ana harayı” abidəsini də ziyarət edirik. Həmin günü hər zaman xatırlayırıq. Çox çətindir həmin gündən danışmaq. Elə bir dəhşətli gecə idi ki, heç kimə – nə qocalara, nə uşaqlara, nə cavanlara aman verdilər, hamısını vəhşicəsinə qətlə yetirdilər. 29 il keçsə də, biz yenə də o gecəni  xatırlayırıq. Bu gecə qar yağıb. Sanki həmin günləri yaşayıram mən. Tək mənim üçün yox, bütün Xocalılar üçün ağırdır.

 

–  44 günlük müharibə zamanı yəqin digər rayonlar kimi siz də Xocalının azad olunacağını gözləmisiniz.

–  Bütün işğal olunmuş torpaqlar – bütün Qarabağ mənim üçün əzizdir. Ermənilərin ayağının altından qurtarıldı o torpaqlar. Mən Xocalının iki kəndinin işğaldan azad olunduğu xəbərini eşidəndə bilmirdim ağlayım, yoxsa gülüm. Övladlarım da mənə dedilər ki, ana, biz bilmirik ki, sən ağlayırsan, yoxsa gülürsən. Çox sevinirdim. Ümidim var ki, mən o sevinc hisslərini bir daha yaşayacam. Mən bilirəm. Mən dövlətimizə inanıram, prezidentimizə inanıram. Mən əsgərlərimizə inanıram.

 

–  O cür ağır hadisələrdən sonra Xocalıya qayıtmaq haqqında düşünürsünüzmü?

–  Mənim bir arzum var – Xocalıma getmək. Anamın şəhid olduğu yerə getmək istəyirəm. Xocalıya gedib torpağı qucaqlamaq istəyirəm. Özü orda yoxdur, amma ruhunun orda olduğunu bilirəm. Ruhu məni duyacaq, hiss edəcək ki, mən gəlmişəm. Xocalıdakı  evimizə getmək istəyirəm. 12 yaşıma kimi yaşadığım uşaqlıq xatirələrimi yenidən yaşamaq istəyirəm. Düzdür, mən uşaqlığımı, gəncliyimi yaşaya bilmədim, amma yaşlılığımı Xocalıda yaşamaq istəyirəm. Mən cənab prezidentimizə, igid əsgərlərimizə güvənirəm. 44 günlük müharibə mənim üçün ümid doğurdu ki, Xocalıya gedəcəm. İnanıram ki, gedəcəm. Atam Xocalıda hərbi müəllim idi. Mən ibtidai sinif müəlliməsiyəm. Bir arzum var ki, Xocalıda atamın işlədiyi məktəbdə işləyim.

 

–  Xocalıya qayıda biləcəyiniz haqda nəsə bir məlumat verilibmi sizə? Əlaqə yaradılıb sizinlə?

–  Sorğu keçirilib. Biz də onlara müsbət cavab vermişik. Necə məsləhətdirsə, biz də onunla razıyıq. Amma vəziyyət belədir ki, əgər orada ermənilər yaşayacaqsa, mən gedib Xocalıda ermənilərlə birlikdə yaşaya bilmərəm. Mən anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya blmərəm. Ümumiyyətlə, Xocalıda heç vaxt ermənilər olmayıb, yaşamayıblar. Xocalı mənim torpağımdır. Mən orada ermənilərlə birlikdə necə yaşaya bilərəm?

yasemen HUSEYNOVA 1

– Şagirdlərinizə Xocalı faciəsi haqda nə danışırsız?

–  Mən hazırda 4 nömrəli Xankəndi məktəbində işləyirəm. Əvvəl Xocalı məktəbində işləyirdim. Hər il tədbirlər keçirirəm. Ondan əlavə, hər gün 5 dəqiqə də olsa, təkcə Xocalıdan yox, bütün Qarabağdan danışıram şagirdlərimə. Onlara Xocalıdan, orada keçən uşaqlıq xatirələrimdən danışıram. Şagirdlərimin bir neçəsi Xocalı haqqında şəkillər çəkirlər, mətnlər hazırlayırlar. Sanki oranı görüblər. Hətta şagirdlərim deyirlər ki, müəllimə, biz sizinlə Xocalıya gedəcəyik. Mən də onlara söz vermişəm ki, inşallah, Xocalı alınsın, sizi ora ekskursiyaya aparacam. Onlara uşaqlıqda gəzdiyim yerləri göstərəcəm. Həmişə qiyabi gördükləri yerləri əyani görsünlər deyə.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir