ders

Psixoloq: “Uşaqlarınıza kompüter, yarış maşını kimi yanaşmayın”

Baxış sayı: 1. 511

Yeni dərs ilinin başlanması özü ilə birgə xeyli problemlər də gətirib. Bu problemlərin bir çoxu isə elə valideynlərin ucbatından yaranıb. Dərs ilinin başlanmasına günlər qala valideynlər uşaqları hədsiz dərəcədə yükləyirlər: individual məşğələlər, rəqs, idman, rəsm… Günlər bölünür, məşğələ üçün saatlar müəyyənləşdirilir. Axırda isə məlum olur ki, uşağın nəfəs almaq, oyun oynamaq, bir sözlə, özünə vaxt ayırmaq üçün bir dəqiqəsi belə qalmayıb. Müasir dövr uşaqların inkişafı üçün olduqca tələbkardır, doğru. Hər bir valideyn övladının inkişafı üçün əlindən gələni etməyə çalışsa da, bu zaman onu yükləmədən xilas edə bilmir.

 

Valideynlər bəhsə girib, uşaqlar zülm çəkir

Psixoloq Təranə Mehdiyeva hesab edir ki, müasir valideynlər dəb xatirinə, bəhs-bəhsə girib, individual məşğələlərlə, kurslarla uşaqlarını yorurlar: “Uşaq beyninin informasiyanı qəbul etmə potensialı var. Ondan artıq yüklənmə sağlamlığa, qavrama qabiliyyətinə mənfi təsir edir. Gündə ən azı 20 test edən, üstəgəl məktəb yükü, yol gərginliyi ilə yüklənən məktəblidən uğurlu nəticə gözləmək olmaz. Əksinə, uşaq çox tez bir zamanda məktəbdən də, təhsildən də, dəftər-kitabdan bezə bilər”.

Müsahibimizin fikrincə, məktəb illərindəki uşaqlar keçid dövrünü yaşadıqları üçün bu məqama xüsusi önəm vermək lazımdır. Belə ki, həmin dönəmdə olanlar onsuz da qarışıq duyğular, emosiyalar içində olurlar. Bu məqamda valideynlər onlarla daha çox vaxt keçirməli, məktəbdəki, öz dost çevrəsindəki problemlərlə maraqlanmalıdır: “Amma bu halda uşaq bütün gününü məşğələlərdə, belə demək mümkünsə, ”yad adamların” yanında, yolda keçirir. Onlar da uşağa ancaq nəyisə öyrədir, bəzən danlayır, uğurlu nəticə tələb edirlər. Bu halda uşaqlarda ciddi psixoloji yüklənmə baş verir. Onlar özlərini az qala “yarış atı” kimi hiss edirlər: daim uğurlu nəticə əldə etmək, valideynlərinin tərifini eşitmək yarışı. Məktəbli uşaqlar bəzən çox kiçik bir problemi faciə kimi qarşılayırlar. Amma bu məqamda valideyni onun yaşadığı o problemdən daha çox dərsi maraqlandırır. Müasir valideynlərdə elə təsəvvür var ki, əgər uşaq yaxşı dərs oxumursa, uğur qazana bilmirsə, onun gələcəyi məhv olacaq. Halbuki ciddi mənəvi problemi olan, məktəbdə həmyaşıdları ilə ünsiyyət problemi yaşayan uşaqlar gələcəkdə ən pis vərdişlərin daşıyıcısı olurlar. Odur ki, bizim valideynlərə hər zaman bir tövsiyəmiz olur – uşaqlarınıza kompüter, yarış maşını kimi yanaşmayın. Onları yükləməyin, çox tələbkar olmayın. Nəzarəti əldən qoymayın, amma “qamçı”nı əldən qoyun”.

 

Dərsliklərin yükü azaldılmalı idi, amma…

Təhsil Nazirliyi ekspertləri isə dəfələrlə mediaya açıqlamalarında bildiriblər ki, məktəblilərin dərs yükünü azaltmaq üçün dərsliklərlə bağlı islahatlara əl atılacaq. Məsələn, iki il əvvəl nazirliyin 6-cı siniflər üçün nəzərdə tutulan riyaziyyat dərsliyinin səhifələrini 20-25 vərəq azaldacağı ilə bağlı vəd verilsə də, nəticədə dərs proqramı da, kitablar da ağırlaşdı.

 

Məlumat üçün xatırladaq ki, V-VII siniflərdə həftəlik tədris yükü 56 saata qədərdir. Yalnız tədris fəaliyyətinə və onun statistik komponentlərinin öyrənilməsinə məktəblinin sərbəst vaxtının təxminən 68 faizi sərf edilir, yəni əlindən alınır. Bu qədər informasiya yükünün altına girmək isə hər bir yeniyetmə üçün uğurlu nəticə vəd etmir.

Daha bir detal isə bu ağır dərs yükü ilə yanaşı, məktəblilərin çiyninə düşən ağır çanta yüküdür. Mütəxəssislərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.

 

Kompüterdən nə qədər istifadə etsinlər?

Və müasir azərbaycanlı şagirdin vazkeçilməzi, amma ən qatı düşməni olan kompüter… Normativlərə görə, birinci siniflər kompüterlə 10 dəqiqə, II-V siniflər 15, VI-VII siniflər 20, VIII-IX siniflər 25, X-XI siniflər birinci dəfə 30, müəyyən fasilədən sonra 20 dəqiqə məşğul ola bilərlər. I kursda oxuyanlar bir saat, yuxarı kurs tələbələri 2 saat 15-20 dəqiqəlik fasilələrlə kompüterdən istifadə edə bilərlər. Halbuki indi müasir şagirdlərin kompüter qarşısında keçirdiyi vaxtla normativ arasında ikiqat fərq var.

Dünyanın ən inkişaf etmiş ölkələrində ibtidai sinif uşaqlarına ev tapşırıqları verilmir. Kitablar çox vaxt sinifdə qalır. Kurikulumun tələblərinə görə keçilən mövzu elə dərs prosesində öyrədilir.

Dünyanın əksər ölkələrində birinci növbədə gənclərin sosial müdafiəsi üçün 12 və ya 13 illik orta təhsil sistemi həyata keçirilir. Məsələn, Böyük Britaniyada təhsil müddəti 10-13 il, Fransa, İspaniya, Polşa, Yaponiya, Litva, Latviya, Estoniya və Moldovada 12 il, İtaliya, İsveçrə, Almaniyada 13 ildir. Ölkələrin yalnız 25 faizində orta təhsil 10-11 illikdir ki, Azərbaycan da bu qrupa daxildir. Tədris illəri artırılsa, mütənasib olaraq hər ilə düşən yük, hər günə düşən saatlar da azalar. Saat az olduqda, təbii ki, çantaya yığılan dərsliklər, iş dəftərləri, dərs vəsaitləri və ləvazimatlar da ixtisara düşər.

 

Amma tətilimiz də çoxdur….

Amma məsələnin o biri tərəfi də var. Hansı ki, Azərbaycanda uşaqların yay tətili, bayram günləri də dünyadakı digər həmyaşıdlarından daha çoxdur. Dünyada heç bir ölkə tətil günlərinin sayı məsələsində bizimlə rəqabət edə bilməz. Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveç məktəblilərinin dərs ilini iki hissəyə bölür. Yaponiyada ildə iki böyük tətil – martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. “Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya,

İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.

 

Xatırladaq ki, tətillərlə bağlı yeni “Təhsil haqqında” Qanunda heç nə yazılmayıb. İbtidai, ümumi orta və tam orta təhsildə tətillərin nə qədər nəzərdə tutulması qanunda göstərilməyib. Yəni tətillərin müddəti və sayı qanunla tənzimlənmir. Məsələn, İngiltərədə əsas məqsəd şagirdlərin sərbəst bilik qazanması və onun təcrübədə tətbiqidir. Uşaqlar ən çox kitabxana və laboratoriyalarda məşğul olur, tez-tez yoxlama esseləri və layihələr yazır. Azərbaycan məktəbləri isə sovet dövründə olduğu kimi mərkəzləşmiş qaydada idarə olunur. Tətil günləri və dərsin müddəti vahid mərkəzdən müəyyənləşdirilir.

Ekspertlər hesab edir ki, qəbul imtahanları, şagird biliklərini yoxlama proqramları Azərbaycan məktəblilərinin orta məktəb proqramını mənimsəyə bilmədiyini göstərir.

Bu, tətil günlərinin çoxluğu, dərslərin həddən artıq ağır olması ilə bağlı ola bilər. Tətillər o prinsiplə müəyyənləşməlidir ki, uşaqlar tədris olunan fənni mənimsəsinlər. Amma indiki tədqiqatlar göstərir ki, bu sahədə qüsurlar var. Yuxarı sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınır. Azərbaycan təhsilində xaotik bir durum yaranır. Dərslərin 15 sentyabra keçirilməsi ilə əlaqədar 15 gün müddətinin harasa sığışdırılması məsələsi vardı. Dərs ilinin 15 sentyabra keçirilməsi məktəblərimizə yenilik gətirmədi. 1 sentyabr nostaljisini unutmağa gətirib çıxardı. Rasional yanaşsaq, uşaqlar daha çox evlərdə təhsil alırsa, tətillərin sayının azaldılması daha məqsədəuyğundur.

Daha bir detal yay məktəbləri ilə bağlıdır. Belə ki, Qərbdə yay məktəbləri olduğu üçün uşaqlar il boyu mənimsədikləri bilikləri həmin məktəblərdə möhkəmləndirirlər. Ölkəmizdə elə təcrübənin olmaması da uzunmüddətli tətillər zamanı uşaqlarda ətalətin yaranmasına səbəb olur. Necə deyərlər, yay vaxtı məktəblilər yüklənir, yay tətilində isə onların biliyinin təkrarlanması və bu fənni unutmaması üçün heç bir tədbir görülmür.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir