Cizgi filmlərinin gələcəyimiz olan uşaqların formalaşmasında böyük rolu var. Bu gün kommersiya məqsədi ilə çəkilən cizgi filmləri yüzlərlədir. Həmin cizgi filmləri kommersiya xarakteri daşıdığına görə, əksər hallarda onun balaca tamaşaçılara təsiri nəzərə alınmır. Bir müddət öncə sosial mediada “ARB Günəş” kanalında yayımlanan “Düyməcik” cizgi filmi geniş müzakirəyə səbəb olub. Həmin cizgi filmində qızcığazın ərə getməsindən söhbət açılmışdı.
Cizgi filmi efirə getməzdən öncə hansı nüanslara diqqət edilməlidir? Ümumiyyətlə, cizgi filmi uşaqların psixologiyasına necə təsir edə bilər?
Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov bildirir ki, insan psixikasının inkişafı üçün əsas meyar informasiya olduğu üçün hər yaşda da informasiya fərqli qəbul olunur. Xüsusən də uşaqların psixologiyası mühitdən asılıdır. Psixoloqun sözlərinə görə, rəqəmsal dünyada uşaqlar üçün nəzərdə tutulan korporativ təqdimatlara həssas yanaşılmalıdır: “Uşaqlar üçün istənilən informasiya bilik olaraq qəbul edilir. Yəni, uşaq zehniyyəti informasiyanı analiz etmək qabiliyyətində olmadığı üçün hər bir informasiya həqiqət kimi qəbul olunur. İstər davranış, istərsə də hadisələr uşaqlar üçün nümunə yaradır. Uşaqlar gördükləri, eşitdikləri hər şeyin doğru olduğuna inanırlar. Davranışları “norma” olaraq qəbul edirlər”.
R. Nəcəfov əlavə edir ki, rəqəmsal dünyada uşaqlar televiziya kanallarında və sosial platformalarda izlədikləri materiallarla inkişaf edirlər. Cizgi filmləri uşaqların gündəlik tələbatlarından biridir. İstər televiziya kanallarında, istərsə də sosial platformalarda yayımlanan korporativ materiallarda yaş kateqoriyasının əlavə edilməsi mütləqdir: “Valideynlər də bilməlidirlər ki, övladının izlədiyi cizgi filmi uyğundur, yoxsa yox. Xüsusən televiziya kanallarında efirə təqdim olunan materialların uyğunluğu mütləq müəyyən edilməlidir. Nəzarət və ya müşahidə edən məsul qurumlar həssaslıq tələb edən mövzularda peşəkar psixoloq rəyinə müraciət etməlidirlər”.
“Gələcək nəslin sağlam təfəkkürdə formalaşması üçün təqdim olunan informasiyalara diqqət yetirilməlidir” deyən Nəcəfov qeyd edir ki, sağlam fikir inşa edilməyəndə cəmiyyət şəxsiyyət pozuntularına məruz qalır: “İnformasiyanın insan həyatı üçün nə dərəcədə güclü olduğunu qəbul etməliyik. Valideynlər övladları ilə daha çox dialoq qurmalıdırlar. Onların suallarına cavablar axtarmalıdırlar. Əks halda uşaqlar suallarına cavabları başqa ünvanlarda axtaracaqlar. Valideynin susduğu bütün suallar uşaqların dünyasını rəqəmsallaşdırır. Televiziya kanallarında təqdim olunan uşaqlar üçün nəzərdə tutulmuş materiallar peşəkar psixoloqlar tərəfindən dəyərləndirilməlidir”.
Məsələ ilə bağlı “ARB Günəş” telekanalı ilə əlaqə saxladıq. Sözügedən kanal səsləndirilən ittihamı əsassız hesab etdi: “İzləyicilərimizə təqdim etdiyimiz cizgi filmlərində zorakılıq, qorxu və çəkingənlik kimi duyğuların aşılanmasından hər zaman qaçırıq. Bunun əvəzinə özünəinam duyğusunun artırılmasına xidmət edən animasiya filmlərinə daha çox yer veririk. Uşaq psixologiyasına bələd olan peşəkar yaradıcı kollektiv tərəfindən uşaqların çox sevdiyi xarici cizgi filmləri, eləcə də seriallar Azərbaycan dilinə dublyaj edilərək nümayiş olunur”.
Adıcəkilən cizgi filmi ilə bağlı isə qeyd olunub ki, 1964-cü ildə Sovet İttifaqı dövründə ekranlaşdırılan, rejissoru Leonid Amalrik, ssenari müəllifi Nikolay Erdman olan “Düyməcik” cizgi filmində Azərbaycan qanunvericiliyinə və televiziyanın sadiq olduğu prinsiplərə zidd heç bir məqam yoxdur. Filmdə “Düyməcik” fiziki ölçülərinə baxmayaraq həddi-buluğa çatmış bir qızdır. Cizgi filminin qəhrəmanı “Düyməcik” bir çox həyat təcrübəsindən keçir, xeyirxah qəlbi onun sonda xoşbəxt olmasına səbəb olur. Cizgi filmi xeyirlə şərin, qaranlıqla işığın qarşıdurması, yaxşılıq edərkən əvəzini gözləməmək kimi xüsusiyyətlər üzərində lentə alınıb. Film xeyirxahlığı, səbri təbliğ edir və sonda xeyir qalib gəlir.
Şahpəri Abbasova