Nermine Abbasova

Diareya – ishal barəsində nələri bilmirik?

Baxış sayı: 471

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova oxucularımızı bu dəfə Diareya (İshal) barəsində məlumatlandıracaq.

Qeyd edək ki, ishal (diareya) – tez-tez təkrarlanan sulu nəcis ifrazıdır. Diareya adətən qarında ağrı, tenezm və köplə müşayiət olunur.

Nərminə Abbasova bildirdi ki, ishal bağırsağın infeksion-iltihabi xəstəliklərinin, disbakteriozun və nevrogen pozğunluqların əlaməti ola bilər. Onun sözlərinə görə, bu səbəbdən ağırlaşmaların profilaktikasında əsas xəstəliyin diaqnostika və müalicəsi mühüm rol oynayır:

“Profuz ishal zamanı iri həcmdə maye itkisi su, duz balansının pozulmasına gətirib çıxarır. Belə hallarda ürək və tənəffüs çatışmazlığı yarana bilər.

Ümumiyyətlə, ishal bağırsaqda su və elektrolitlərin sorulma prosesinin pozulmasından xəbər verən əlamətdir. Qidalanma xüsusiyyətlərindən asılı olaraq, yetkin insan normada gün ərzində 100-300 qram nəcis ifraz edir. Bağırsaq motorikası gücləndikdə nəcis yumşala və defekasiya tezliyi arta bilər. Nəcisin miqdarı norma həddində qaldıqda təşvişə əsas yoxdur. Nəcis kütlələrinin həcmi 60-90% yüksəldikdə, belə vəziyyətlər ishal kimi qiymətləndirilir. Onu da deyim ki, diareyanın kəskin və xroniki forması var. Xroniki ishal dedikdə vaxtaşırı normadan artıq nəcis ifrazına meyillik nəzərdə tutulur”.

İshalın yaranma səbəblərindən danışan həkim-terapevt bildirdi ki, ifadəli intoksikasiya zamanı bağırsaq mənfəzinə çoxlu miqdarda su ifraz olunur ki, bu da nəcisi durulaşdırır. Həkimin sözlərinə görə, sekretor ishal bağırsaq infeksiyalarında, bəzi dərman preparatlarını və bioloji aktiv əlavələri qəbul etdikdə əmələ gəlir:

“Osmolyar ishal malabsorbsiya sindromu, osmotik aktiv maddələrin izafi istifadəsi ilə əlaqədar yaranır. Belə hallarda diareyanın inkişaf mexanizminin əsasında bağırsaq mənfəzində osmotik təzyiqin yüksəlməsi və osmotik qradiyent üzrə mayenin diffuziyasının artması dayanır. Diareyanın formalaşmasında bağırsaq motorikasının pozulması və nəticədə bağırsaq möhtəviyyatının hərəkət sürətinin dəyişməsi mühüm əhəmiyyət kəsb edir. Motorikanın güclənməsinə işlədici vasitələr, maqnezium duzları səbəb olur. Motor funksiyanın pozulmasına qıcıqlanmış bağırsaq sindromunda rast gəlinir, bu forma funksional ishal adlanır. Bağırsaq divarının selikli qişası zədələndikdə həmin hissədən bağırsaq mənfəzinə sü, elektrolit və zülal qarışığı yığılır. Eksudativ ishal enterit, enterokolit,  bağırsağın vərəmi, kəskin bağırsaq infeksiyalarında yaranır. Bu tip hallarda çox vaxt nəcisdə qan və irin aşkarlanır. Həmçinin ishal dərman vasitələrinin qəbulu nəticəsində meydana çıxa bilər”.

Nərminə xanım qeyd edib ki, ishalın 6 forması var. Bunlar infeksion, dispeptik, alimentar, toksiki, medikamentoz və neyrogendir.

Həkim-terapevt ishalın klinik xüsusiyyətlərindən də bəhs etdi. Bildirdi ki, kəskin ishalın başlıca səbəbləri bağırsaq infeksiyaları və dərman vasitələridir:

 

 

“İshalın bu növü 2-3 həftədən çox çəkmir. Kəskin formada nəcis duru konsistensiyalı, bəzən selik və qan qarışıqlı olur. Əksər hallarda ishal qarında köp, ağrı, ürəkbulanma və qusma ilə müşayiət olunur. Xəstələrdə iştah zəifləyir, çəki azalır. Tez-tez təkrarlanan duru nəcis ifrazı orqanizmin dehidratasiyasına gətirib çıxarır: dəri örtükləri, selikli qişalar quruyur, zəiflik, yorğunluq müəyyən edilir. Bağırsaq infeksiyaları adətən qızdırma ilə gedir. Nəcisdə qan izlərinin olması bağırsağın selikli qişasının zədələnməsindən xəbər verir. Belə vəziyyətlərə əsasən kampilonakteriyalar və yaxud enteropatogen bağırsaq çöplərinə yoluxduqda, o cümlədən Kron xəstəliyində, xoralı kolitdə rast gəlinir. Xroniki ishala gəlincə, üç həftədən çox davam edən ishal xroniki forma kimi qiymətləndirilir. Onun səbəbləri müxtəlifdir. Anamnestik məlumatlar, klinik əlamətlər, fiziki müayinə xroniki ishalın etiologiyasını üzə çıxarmağa imkan verir”.

Həkim deyir ki, nəcisin xarakterinə xüsusi diqqət yetirilir, sorğu əsnasında yanaşı simptomlar üzə çıxarılır. Onun sözlərinə görə, nazik bağırsaq patologiyaları külli miqdarda sulu və yaxud yağlı nəcislə təzahür edir. Yoğun bağırsağın patologiyaları üçün isə daha az miqdarda nəcis xarakterikdir:

“Kəskin ishal zamanı nəcislə çoxlu maye və elektrolit itirilir. Baxış və fiziki müayinə əsnasında susuzlaşma əlamətləri: dəri örtüklərinin quruluğu, turqorunun azalması, nəbzin tezləşməsi və arterial təzyiqin enməsi qeydə alınır. İfadəli kalsium defisitində qıcolmalar baş verə bilər. İshal hallarında proktoloji baxış məqsədəuyğundur. Anal çat, fistula, paraproktitin, aşkarlanması Kron xəstəliyindən şübhələnməyə əsas verir. İshalın istənilən formasında həzm traktı kompleks şəkildə müayinə olunur. İnstrumental endoskopik üsulların köməyilə mədə-bağırsaq traktının daxili divarları yoxlanılır, selikli qişanın zədələnmələri, iltihab əlamətləri, xoralar, törəmələr aşkar edilir.

Kəskin ishalın diaqnostikasında xəstənin şikayətləri, fiziki müayinə və nəcis analizinin məlumatları kifayət edir. Bundan əlavə nəcisin qurd yumurtalarına görə yoxlanılması, bakterioloji əkilməsi lazım gəlir. Xroniki ishalın diaqnostikasında ilk növbədə bağırsağın parazitar və yaxud bakterial zədələnməsi araşdırılır. Qarın boşluğu orqanlarının USM-də həzm traktının iltihabi xəstəlikləri, sekretor fəaliyyətin funksional pozğunluqları müəyyənləşdirilir. Nəcisin mikroskopiyasında leykosit və epitel hüceyrələrinin çoxluğu həzm traktının selikli qişasının iltihabına dəlalət edir. Yağ turşularının həddindən artıq olması yağların sorulma prosesinin pozulmasının nəticəsidir.

Davamlı sekretor ishal həm də hormon sintez edən şişlərlə bağlı ola bilər. Qanın laborator müayinəsi xroniki ishala səbəb ola biləcək iltihab əlamətlərinin, qaraciyər markerlərinin, hormonal pozğunluqların aşkarlanmasına yönəldilir.

Həkim-terapevt bildirdi ki, ishal bir çox xəstəliklərin əlaməti olduğundan həkim taktikasında əsas patologiyanın müalicəsi başlıca rol oynayır. Həkim deyr ki, ishalın növündən asılı olaraq, pasiyent qastroenteroloq, infeksionist və yaxud proktoloq tərəfindən müalicə edilir. Onun sözlərinə görə, ishal 4 gündən çox davam etdikdə və yaxud nəcisdə qan, selik izlənildikdə mütləq həkimə müraciət olunmalıdır. İshal qida zəhərlənməsi ilə əlaqədar yarana bildiyindən hər bir halda peşəkar yardımı gecikdirmək olmaz:

Müalicə sxemi ishalın növündən asılıdır. Bura pəhriz, antibakterial terapiya, patogenetik müalicə, elektrolit balansının bərpası, rehidratasiya daxildir. İshal zamanı gündəlik rasiona peristaltikanı azaldan, bağırsaq mənfəzinə su sekresiyasını zəiflədən məhsullar qatılır. Kəskin ishalda xlorid turşusunun sintezini sürətləndirən və qidanın bağırsaqda hərəkətini tezləşdirən məhsullar rasiondan çıxarılır. Antibiotiklərin köməyilə bağırsaqda normal eubioz bərpa edilir, patoloji flora məhf olunur. İnfeksion ishalda geniş spektrli antibiotiklər, sulfanilamid və nitorfuranlar təyin edilir. Bağırsaq infeksiyalarında mikrobiosenoza mənfi təsir göstərməyən vasitələrə üstünlük verilir. Diareya əlamətləri söndükdən sonra bağırsaq florasını normaya salmaq məqsədilə eubiotiklər məsləhət görülür.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir