pul

Pul insanı necə dəyişir?

Baxış sayı: 1. 588

Varlıların daha xəsis və ikili münasibətlərdə etibarsız olduqlarını iddia edən sosioloji sorğular, ya da bu yöndə rəy verən araşdırmalar, sizcə, nə qədər doğrudur?

Belə bir situasiyanın təsviri ilə başlamaq istəyirəm – yəqin ki, bu hardasa hamımızın başına gəlir. Dostlarınızla hardasa şam yeməyi üçün görüşür və ya həftəsonu nəsə içməyə gedirsiniz. Qrupda hamı tərəfindən maddi vəziyyətinin daha yaxşı olduğu bilinən dostunuz hamıdan axırda əlini cibinə atır. Sanki birinci o hesab ödəmək istəsə, hamı ondan artıq nəsə verməyini istəyəcəkmiş kimi davranır. İstər-istəməz bu kimi situasiyalarla daha tez-tez qarşılaşdıqca insanda sual yaranır – həmişə belə əlibərk olduqlarına görə belə varlanırlar, yoxsa, varlandıqca xəsisliyə meyllilik, pula hərislik, düşkünlükmü yaranır?

 

Bu isə özlüyündə bir neçə sosial-psixoloji tərəfləri olan problemdir. Təbii ki, məsələni müxtəlif prizmalardan ələ alıb, dəyərləndirmək olar. 1993-cü ildə bu mövzu ilə birbaşa əlaqəsi olan, amma başlığı tamamilə fərqli bir mövzuda araşdırma aparılıb. Bu araşdırmanın nəticəsinə görə, maliyyə və iqtisadiyyat, biznesin və ictimai əmlakın, risklərin idarə edilməsi, bank işinin təşkili kimi ixtisaslar üzrə təhsil alan tələbələr humanitar sahənin mütəxəssisləri ilə müqayisədə xeyriyyə işlərinə daha az pul xərcləyir, daha az qoşulur, komanda işi, komanda dəstəyi lazım olan layihələrdə aşağı nəticə göstərirlər.

Belə ki, humanitar sahə üzrə ixtisaslaşanlar akademik təhsilin sonunda əvvəlində olduqlarından daha sosial, xeyriyyəçilik, humanitar yardımlaşma işlərində daha aktivdirlər. İctimai səfərbərlik onlara daha comərd xarakter aşılayır. Lakin iqtisadi yönümlü təhsil almağa meylli olanlar əksərən elə pul xərcləmək, sosial yardımlaşma kimi məsələlərdə “əlibərk” insanlardır və akademik təhsil müddətindəki fəaliyyətlər onlar üçün “məcburi” aktdır. Odur ki, ali təhsil başa çatdıqdan sonra da bu insanların təbiətində ciddi bir dəyişiklik müşahidə olunmur. Bunlar təbii ki, orta statistik göstəricilər əsasında səsləndirilən iddialardır. Xeyriyyəçiliyi ilə tanınan maliyyəçilər, bankirlər heç də az deyil.

Məsələn, ABŞ-da 2015-ci ildə orqan köçürülməsi əməliyyatları ilə bağlı araşdırma aparılıb. Ölkənin bütün əyalətləri üzrə yaşayan insanların başqalarına böyrək verdiyi əməliyyatlar siyahılaşdırılıb. Məlum olub ki, bu cür böyük fədakarlığa gedənlərin çoxu maddi vəziyyəti yerində olan insanlardır. Elə qarşılıqsız orqan köçürülməsi əməliyyatının baş tutduğu bölgələrin çoxu da rifah səviyyəsinin yüksək olduğu yerlərdir. Yəni, maddi vəziyyəti yaxşı olsa da, başqa birinə həyat vermək üçün heç bir qarşılıq güdmədən fədakarlıq edən varlı xeyriyyəçilər kifayət qədərdir.

Lakin ictimai rəyə görə, çoxluq təşkil edən “xəsis varlılar” yenə ABŞ-da aparılan bir sorğuda bu minillik qənaəti doğrulayıblar. Belə ki, “Titanikdə olsaydım, xilasedici qayıqlara minməyə layiq olan adamlardan biri mütləq mən olmalıydım” ifadəsinə ən çox səs verənlər məhz yüksək maaş alanlardır. Çünki bu insanlarda xəsisliklə yanaşı, məhz bu keyfiyyəti qidalandıran cəhətlər də var – xətasını əsla qəbul etməmək, istənilən mövzuda özünü haqlı görmək, işlər pis də getsə, rəqiblərdən daha üstün olduğuna inanmaq, daha çox pulu daha çox güc kimi dəyərləndirmək.

Başqa bir araşdırmada isə fərqli məbləğlərdə gəliri olan insanlardan ibarət bir qrup toplanıb. Onların hər birinə xeyriyyə qurumu adından müqavilə göndərilib və hər həftə bank kartlarına oturan 10 dolların müəyyən hissəsini şəxsi hesablarından humanitar yardım təşkilatlarına köçürmələri xahiş edilib. Sonrakı 3 ay ərzində hər həftə kimin bu 10 dollardan nə qədərini köçürdüyü izlənilib. Maaşı daha az olanlar pulun 4 dollardan çoxunu, gəliri çox olanlar 4 dollardan az hissəsini xeyriyyə fondlarına köçürərkən, orta sinif insanların – yəni, maaşı ehtiyaclarını qarşılayan və bir qədər kənara qoymağa kifayət edənlərin isə 10 dolların hamısını fondlara verdikləri müşahidə edilir. Burada onsuz da kifayət qədər gəliri olan insanların hansı psixoloji səbəblərdən bu cür davrandıqları isə yenə də qeyri-müəyyən qalır. Sosioloqlar isə iddia edir ki, onları bu cür davranışa sövq edən varlı olmaları deyil, sadəcə varlanmaq üçün özlərində formalaşdırdıqları “xəsislik” keyfiyyətinin artıq daşlaşmış olmasıdır. Amma bu məsələnin bir başqa maraqlı tərəfi də var. ABŞ-da 2016-cı ildə bütün xeyriyyə qurumlarının hesabına pul köçürmüş hesablar açılıb, onların sahibləri müəyyənləşdirilib. Orta statistik nəticəyə görə, orta təbəqədən olan əhali xeyriyyə işlərinə kömək göstərənlərin cəmi 12%-ni təşkil edir. Bu cədvəldə kasıb əhali 38%-lik yer tutur. Yəni, orta gəlirli insanlar əlavə gəlirdən kömək etməkdə həvəsli olsalar da, standart ehtiyaclara çatan puldan qətiyyən ictimai mənfəət üçün istifadə etməkdə maraqlı deyil.

Bütün zənginliyi pulunun məbləğindən gələnlərin başqa bir dözülməz keyfiyyəti də “özünə vurğunluq”durr. Nəinki ikili və ictimai münasibətlərdə, iş və səyahət günlərində, nahar fasiləsində, hətta dostları ilə əylənmək məqsədilə oynadıqları oyunlarda belə onlar bu lüzumsuz keyfiyyəti ört-basdır edə bilmirlər. Adi “Monopoliya” oyununun kamera müşahidələri göstərib ki, oyunun qaydalarına görə, varlı olanların belə xarakteri anidən dəyişir. Onlar oyun əsnasında daha çox səs-küy salır, qaydalara əməl etmək istəmir, masadakı qəliblərdən daha çoxunu mənimsəməyə can atırlar. Onlara nə zaman bizneslərinin sirri ilə bağlı sual versəniz, bütün cavabları öz ətraflarında fırladacaq, nə qədər əmək verdiklərindən, ağıllı qərarlar aldıqlarından, riskə getdiklərindən bəhs edəcəklər. Hətta müvəqqəti yüksəktəminatlılıq, lotereyadan pul çıxması ilə gələn tam təsadüfi zənginlik belə insanlarda bu keyfiyyəti oyadır.

İndi isə bu mövzu haqqında araşdırma apararkən qarşıma çıxan ən diqqətçəkən müşahidəni sizinlə paylaşacam. Deməli, 2014-cü ildə San-Fransiskoda tam şəhər mərkəzi hesab edilməyən bir piyada keçidinə baxan kamera müşahidə altına alınıb. Müşahidə kamerasından hər gün neçə maşının piyadalara yol verdiyi sayılıb. Bu azmış kimi keçiddə dayanıb, yol verən maşınların marka və modelləri də qeyd olunub. 5 aylıq müşahidədən sonra hesablama aparılıb və məlum olub ki, piyada keçidində orta və aşağı gəlirli insanların ixtiyarında olan avtomobillərin 92%-i dayanıb, yol verdiyi halda, bahalı maşınların cəmi 19%-i ictimai qaydalara riayət edərək keçiddə dayanıb, yol verir.

Lakin maliyyə məsələlərində etibarlılıq, daha doğrusu, birinə etibar etməyə meyllilik və etibar olunan şeyə sadiqlik məsələsində kasıb və varlılar arasında elə də ciddi bir fərq yoxdur. Yəni, varlı insanların etibarsız olduqları ilə bağlı yayılmış ictimai hökm o qədər də özünü doğrultmur. Hətta sonunda pul mükafatı olan oyunlarda kasıbların hiyləyə əl atdığı halların sayı daha çoxdur. Bu araşdırma Hollandiyada aparılıb.

Humanitar yardım fondlarından gələn rəylərdəki ümumi fikrə görə, yardımlaşma məsələsində varlılar nə kasıblardan daha səxavətli, nə də onlardan daha əlibərkdir. Ortalama illik gəliri 300 min dollardan yuxarı olanlar gəlirin 4,4%-ni xeyriyyə işlərinə xərcləyir. Bu da orta və kasıb əhalinin xərclədiyindən sadəcə birbaşa məbləğlərin həcmində daha qabarıq görünür. Nümunə kimi bir insana orqan köçürülməsi üçün 5000 min kasıb insanın 1 dollar qoyması ilə bir varlının birdəfəyə 5000 dollar qoymasını müqayisə edə bilərsiniz. Bu zaman varlının kasıbdan daha comərd davrandığı iddia edilə bilməz. Kasıbın aylıq 100 dollar maaşdan 1 dollar verməsi ilə aylıq gəliri 50000 dollar olan insanın 5000 dollar qoyması hər ikisinin kömək edərkən eyni cür hesab-kitab aparması deməkdir. Sadəcə varlılar gəlirləri imkan verdiyi üçün daha iri məbləğdə yardımlar edə bilir.

 

Mənbə: BBC Future

İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir