istirahet

Yayda istirahət vacibdirmi?

Baxış sayı: 1. 581

İstər-istəməz istirahət haqqında düşünənlərin sayı artır. Bu hissi havanın yaxşı keçməsi ilə yanaşı, turizm şirkətlərinin yaydığı reklamlar, bu mövzuda verilən filmlər, verilişlər də artırır.

Psixoloq Elnarə Bağırova hesab edir ki, istirahətin mütləq yayda planlaşdırılması yanlışdır. Belə ki, insan özünü pis hiss etdikdə, çox yorulduqda, depressiya, streslə qarşılaşdıqda, vaxtı olduqda və ya sadəcə istirahət etməyə ehtiyac duyduqda bunu etməlidir.

“Əslində payız və qış aylarında psixoloji olaraq insanların istirahətə daha çox ehtiyacları olur. Belə ki, havanın pis keçməsi, qaranlıq, monotonluq insanlarda depressiyaya, ruh düşkünlüyünə meyl yaradır. Bu zaman çox yorulduqda, streslə üzləşdikdə belə, nadir hallarda kimsə istirahət etməyi planlaşdırır. Yaxşı olar ki, soyuq aylarda da insan özünü piss hiss etdikdə istirahət etmək, həyat tərzini dəyişmək, yenilik etmək barədə düşünsün”, – deyən E.Bağırovaya görə, qısamüddətli də olsa, istirahət xroniki yorğunluğun, pessimizmin qarşısını ala, əhvala müsbət təsir edə bilər. Onun sözlərinə görə, lakin yayın gəlişi ilə istirahətə çağıran reklamların verilməsi, ətrafda tanışların, rəfiqələrin bu haqda söhbət etməsi məhz bu dövrdə adamda istirahətə getməyə, vaxtını fərqli keçirməyə istək yaradır.

Ümumiyyətlə, uzun müddət istirahət etməmək isə insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir. İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı alınmayan xəstəliklər kimi getdikcə daha da ağırlaşır. Nəticədə səbəbsiz qorxular, narahatlılıq hissi, əzələdə ağrılar özünü göstərməyə başlayır.

“Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğunu da yaranır. İnsana nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Misal üçün, məntiqi məsələləri həll etmək üçün, ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Yorğunluq immun sisteminə də təsir göstərir. İmmun sistemi zəifləyir, insan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. Bu səbəblərdən də istirahət etmək çox vacibdir. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin edir”.

Psixoloqun dediyinə görə, müasir həyatda, bəlkə də hər gün stress keçirir, həll edə bilmədiyimiz problemlərlə üzləşirik: “Çox zaman monoton həyat tərzi də ruh düşgünlüyünə səbəb olur. Bu isə insanı həm fiziki, həm də psixoloji cəhətdən tükədir. İnsan istirahət etmədən, əylənmədən müəyyən müddətə qədər fəaliyyət göstərir. Bu müddət bitdikdə insanın sinir sistemi pozulmağa başlayır. Çünki beynin də özünün psixi yükü daşıma əmsalı var. Əgər biz lazım olduğundan çox işləsək və istirahət etməsək, bu, ağır əsəb pozuntularına, eyni zamanda somatik problemlərə məsələn, qan-damar xəstəliklərinə yol aça bilər. Belə ki, uzun müddət istirahət etmədən çalışmaq stress və yorğunluğun toplanmasına gətirib çıxarır ki, bu da təzyiq və ürək qan-damar problemlərinin və ya müxtəlif nevrozların yaranmasına səbəb olacaq. İstirahətsiz işləmək insanda apatiya da yaradır. İnsan heç bir işlə məşğul ola bilmir, passivləşir”.

Sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün hər üç aydan bir istirahətin vacib olduğunu bildirən müsahibimiz deyir ki, istirahət üçün 1 həftə ayırmaq kifayətdir. Lakin uzun müddət istirahət etməyənlərə 1 aylıq məzuniyyətə çıxmaq məsləhət olunur. İstirahətin çox uzanması isə əks təsir verə bilər. İnsanda passivlik, tənbəllik müşahidə olunar.

“Həm də uzun müddət fasilədən sonra əvvəlki iş rejiminə, həyat tərzinə öyrəşmək də çətinləşə bilər. Uzun müddət, məsələn, 3-4 aylıq istirahətdən sonra əvvəlki həyata qayıtmaq insanda depressiya da yarada bilər. Xüsusilə də çətin adaptasiya olan insanlarda istirahət çox uzandıqda insanda stress vəziyyəti və istirahətdən yorulma kimi hallar əmələ gəlir”.

Həmsöhbətimiz məsləhət görür ki, istirahət üçün insanlar daha çox xarakterlərinə və zövqlərinə uyğun yerlər seçsinlər. Kiminsə xətrinə və ya məsləhətinə görə, istirahət üçün harasa getmək lazımi effekt verməyəcək.

“Bəzən adamlar istirahət vaxtı da işləri ilə məşğul olurlar ki, bu da istirahətin keyfiyyətinə mənfi təsir göstərir. İstirahət üçün informasiyanın daha az olduğu yerləri seçmək məsləhətdir. Bu, misal üçün təbiət guşələri ola bilər. Adrenalini sevənlər üçün bu hər hansı andrenalini yüksəldən istirahət ola bilər. Yaxşı olar ki, istirahət etməyə hazırlaşanlar istirahət üçün fərqli mühit seçsinlər. Bu həm kənd yerləri, həm də xarici ölkəyə səfər də ola bilər. Şəhərlərdənsə təbiət qoynunda istirahət etmək müsbət təsiri ilə seçilir. Belə ki, yaşıllıq, quşların səsi, dəniz qırağında istirahət insanı sakitləşdirir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir