Əksər ailələrdən hökmranlıq iddiasına düşən adam olur. Belələri ailə üzvlərinin onların istəyi və icazəsi ilə hərəkət etməsini istəyir. Hər kəsin yerinə qərar verir və evdə öz qaydalarını qoyur. Bu cür insanları mütəxəssislər ailə tiranı adlandırır.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, adətən ailə tiranları kişilər olur: “Lakin qadınlar arasında da kişiləri özlərinə tabe etmək istəyənlər az deyil. Belə qadınlar kişinin zəif olduğunu və özünü müdafiə edə bilmədiyini düşünür və guya ki, onun xeyri üçün sərt davranır. Kişinin tiran olması adi hal kimi qəbul olunur və belə olan halda qadını qınamırlar. Qadın isə evdə hökmdarlıq edəndə adətən kişini günahlandırırlar”.
A.Qurbanova bildirib ki, ailə üzlərindən kiminsə qısqanması və onunla daha çox vaxt keçirməsini tələb etməsi, qısqandığı üçün dost və ya rəfiqələrlə harasa getməsinin qarşısını alması şəxsin ailə tiranı olduğunu göstərmir. Sadəcə, həmin insan onunla daha çox vaxt keçirməsini, ona diqqət yetirilməsini istəyir. Ailə tiranları bir qayda olaraq öz xarici görünüşünə çox fikir verir. Özünə əmin olduqlarını sansalar da, əslində kompleksləri çoxdur. Belə adamlar istənilən halda öz fikirlərinin və hərəkətlərinin düzgün olduğunu düşünür. Digər ailə üzvlərinin fikri isə onları qətiyyən maraqlandırmır. Bu cür davranış tərzi uşaqlıqdan formalaşan natamamlıq kompleksinə görə baş verir. Bu səbəbdən də o, insanları tabe etməklə özünü təsdiq edir.
İnsanın ailə tiranına çevrilməsinin başqa bir səbəbi isə valideynlərin uşaqlıqdan həmin adama başqalarından üstün olduğuna inandırmasıdır. Müsahibimiz bildirib ki, belə valideynlər uşağa qarşı heç bir tələb qoymur, uşaq da yaxşı təhsil alması, özünü daha yaxşı aparması üçün çalışmır: “Buna baxmayaraq, valideynlər onu tərifləyir, onun bütün istəklərini yerinə yetirirlər. Uşaq da buna öyrəşir. Başqalarından da onun istədiklərini yerinə yetirməsini tələb etməyə başlayır. Ailə daxilində isə bu xasiyyət daha qabarıq büruzə verir. Onun fikrincə etdiklərini bəyənməyənlər sadəcə ağılsız adamlardır”.
Qurbanova qeyd edib ki, valideynlər uşağın hər bir istəyini yerinə yetirərək onun yaxşılığı üçün çalışdığını düşünsələr də, əslində səhv edirlər. Belə ki, böyüdükcə uşaq yad insanların diqqətsiziliyi ilə üzləşir: “Bu da ona pis təsir edir. Sən demə, digərləri onun üstünlüyünü görmür və nədənsə onun fikirləri ilə razılaşmırlar. Uşaqda həyatdan qane olmamaq hissi və küskünlük artır. Ailə qurduqda isə belə adamlar ailə tiranına çevrilir və öz üstünlüyünü təsdiq etmək istəyirlər”.
Psixoloq aydınlıq gətirir ki, xarici görünüşünə görə belə adamlar güclü görünsələr də, əslində çox zəifdirlər. Tiran başqaları ilə münasibətdə az da olsa zəiflik göstərməkdən qorxur. Öz zəifliyini başqalarına qarşı aqressiya ilə gizlətmək istəyir.
Tiranlar bir qayda olaraq öz kobudluğuna və tələbkarlığına qarşı kəskin cavab aldıqda həmin şəxsdən uzaqlaşır və daha zəif qurban axtarırlar. Həmsöhbətimizin dediyinə görə, onlar qurbanlarına qarşı aqressiv davranaraq, onlara təzyiq göstərərək özlərini daha güclü hiss edirlər: “Onlarda sadizmin əlamətləri də büruzə verir. Belə ki, qurbanlarının uğurlarını tərifləməkdən qaçar və ya etdiyi yaxşılıqlara görə zəif də olsa tərifləyərlər. Əslində isə bu qurbanın böyük uğurlarının çox kiçildilməsidir”.
Tiranlar qısqanclığı ilə də fərqlənirlər. Onlar həyat yoldaşlarını yalnız əks cinslərə deyil, onun ailə üzvlərinə, tanışlarına da qısqanırlar. Həyat yoldaşlarını onun yaxınlarından uzaqlaşdırmağa çalışırlar. Bunun üçün səbəb tapan kimi onun qohumlarını pisləyirlər. Dost və rəfiqələrsə, onların ilk uzaqlaşdırdığı adamlar olur.
Tiranla yaşayan adam qohumlarından və rəfiqələrindən uzaqlaşmağa məcbur olur. Münasibətlər tədricən soyuyur, bəzi adamlarla isə kəsilir. Nəticədə tiranın qurbanı köməksiz şəkildə onunla təkbətək qalır. Bundan sonra tiran qurbanın psixikasını məhv etməyə başlayır. Onu bacarıqsız, ağılsız və zəif olduğuna inandırır. Qurban tədricən inanmağa başlayır ki, tiranın himayəsi olmadan yaşaya bilməz. Bəzi hallarda tiranla yaşayanlar başqa heç kimə lazım olmadığına da əmin olurlar. Onlara elə gəlir ki, yalnız ailə tiranı onları düşünür və sevir. Əslində isə bu, hökmranlıq iddiasında olan adamın uzunmüddətli psixoloji təsirləri ilə bağlıdır.
Kişi tiranlar onların istəklərinə tabe olmadıqda həyat yoldaşlarına əl də qaldırırlar. Psixoloq bildirib ki, qadın tiranlar isə qurbanını cəzalandırırlar: “Tiran qurbanın müqavimətinə tam qalib gələrək öz komplekslərini kompensasiya edir. Düzdür, əl qaldırmaq kişilərə xas olsa da, qadınlar arasında da ərlərini döyənlər olur. Zorakılığın tətbiqi nəticəsində tiranın qurbanı özünə qapalı, bədbəxt insana çevrilir. Nəticədə bütün ittihamları, zorakılığı sakit və müqavimətsiz qəbul edir”.
Psixoloqun sözlərinə görə, tiranı dəyişmək mümkün deyil. Ona müqavimət göstərilsə belə növbəti qurbanı axtaracaq. Tiran üçün özünə tabe etmək həyat tərzidir.