Həmsöhbətimizin sözlərinə görə, məsələnin digər tərəfi əhalinin sosial-iqtisadi durumu ilə də bağlıdır: “Çünki insanlar öz şəxsi həyatlarında qarşılaşdıqları problemləri televiziya ekranlarında digərlərinin timsalında görüb izlədikdə və şou formatında olan proqramlarda gördükdə istər-istəməz ona maraq göstərirlər. Kimsə imkansızdırsa, çıxır maddi yardım istəyir, kimi xəstədir, müalicəsi üçün yardım istəyir və s. Problemlər müxtəlifdir. İşsizlik, boşanmaların sayının artması və s. Həmin verilişlər də cəmiyyət həyatında baş verən problemləri əhatələyir. Bu baxımdan marağın əsasında insanların sosial-iqtisadi həyatları ilə birbaşa bağlılığının olduğunu düşünürəm. Bunu görən fərdlər də bu cür sosial problemlərinin həllini televiziya ekranlarından yayımlanan verilişlərdə görürlər”.
Həsənov son illər cəmiyyətdə gedən mənəvi deqredasiyaya da toxunub: “Müşahidələrim onu göstərir ki, son illər Azərbaycan və təxminən eyni inkişaf yolunu keçmiş digər cəmiyyətlərdə də mənəvi deqredasiya prosesi gedir. Bu, insanların öz milli-mənəvi dəyərlərindən, illərlə formalaşmış müsbət vərdişlərindən tədricən uzaqlaşması deməkdir. Bu, arzuolunmaz tendensiyadır. Fərdlərin dəyərlərə bağlılığı insanın həyatında baş vermiş, baş verə biləcək problemlərin çözülməsində müsbət rol oynaya bilir. Məsələn, ailədaxili məsələlərin ictimai müzakirələrə çıxarılması illər öncə Azərbaycanda çox böyük ictimai qınağa səbəb olurdu. Ailələr özləri belə, istəməzdi ki, ailədaxili problemləri ictimailəşsin. Heç qonşularının bilməsini istəməzdilər, nəinki tanımadıqları, uzaq, yad adamların. Amma bu gün bu kimi hallar adiləşib”.
“Cəmiyyətdə mənəvi deqredasiyanın getməsi təkzibolunmaz faktdır. Yəni məsələnin digər tərəfi mənəvi deqredasiyanın getməsi ilə bağlıdır. Bu Azərbaycanda ailə institunun özünü sual altında qoyur. Gələcəkdə bizim ailə institutu tendensiyamız necə olacaq? Cəmiyyət həyatında intellektual inkişaf getməlidir. Bu halda cəmiyyətdə belə – heç bir mənəvi yük daşımayan verilişlərə maraq azalacaq. Bəzi toplumlar daha intellektual, daha mədəni, inkişafa yönəlik məsələlərə meyl edir. Bunun da müsbət tərəflərini həm dövlət görür, həm insanlar”, – deyə sosioloq fikrini yekunlaşdırdı.
Psixoloq Fuad Əsədov sözügedən verilişlərdə insan beyninin təbii reaksiyasından necə istifadə edildiyini izah edib: “Həmin verilişlərdə ailə-məişət və ya digər sosial zəmində olan problemlər müzakirə edilir, həllinə kömək göstərilməyə çalışılır. İnsanlar oradakı problemləri bir hekayə olaraq qavrayırlar. Hekayə də insan üçün hər zaman maraqlıdır. Xüsusilə də sonu bəlli olmayan hekayələr. Bu, eynilə roman oxumağa bənzəyir. İnsanlar roman oxumağı niyə sevirlər? Çünki orada bir hekayə var. Təbii olaraq insan üçün sonunun necə olacağına dair sual yaradan hekayələr maraqlıdır. İnsanlar adətən öz həyatlarından öyrəşmiş olduqları hekayədən fərqli bir şey görmək, bir növ monotonluqdan çıxmaq üçün başqalarının hekayələrinə maraq göstərirlər. Bu verilişlər də insan psixologiyasının, beynin təbii reaksiyasından faydalanaraq öz reytinqlərini artırır. Nəticədə də bir insanın hekayəsini bir verilişdə həll edib bitirə, ən azından kiçik bir nəticəyə gələ biləcəkləri halda, onu bir neçə verilişə yayaraq tamaşaçını növbəti buraxılışları da izləməyə sövq edirlər. Bu halda da həmin verilişlərin izləyici sayı çoxalır, reytinq cədvəlində digər verilişləri üstələyirlər”.
Ekspertin dediyinə görə, insanlar üçün bilavasitə şahidi olmadıqları hadisələri ağızdan-ağıza eşitmək, beyinlərində canlandırmaq hər zaman maraqlı olub: “Bu, eyni zamanda insanların qeybət etməsinə də bənzəyir. Babalarımızın mağaralarda yaşadığı dövrlərdə bir mağarada baş vermiş hadisənin sizə gəlib çatması üçün ağızdan-ağıza danışılaraq keçməsi lazım idi. Nəticədə insanlar həm başqalarının yaşadıqları haqqında məlumat əldə edib bir dünyagörüşü formalaşdırırdılar, həm də öz gözləri ilə şahid olmadıqları hadisəni xəyal edərək fantaziyalarını, xəyal güclərini inkişaf etdirirdilər”.
“Bilavasitə müşahidə etmədiyiniz bir şeyi ikinci bir informasiya qaynaqları tərəfindən öyrənməyiniz beyin üçün çox yaxşıdır. Bu zaman serotonin, depomin kimi maddələr ifraz olunur və bu maddələr bizə xoş hisslər yaşadır. İndi bunu həmin sosial verilişlər həyata keçirir. İnsanlar həm infromasiya əldə edirlər, həm də xəyal güclərini inkişaf etdirirlər. Həmçinin də öz monoton həyatlarından çıxmaq üçün bir hekayə əldə edirlər. Bu da insanlarda maraq duyğusu yaradır. Buna görə də bu cür verilişlər baxılır, sevilir, böyük reytinq qazanırlar”, – deyə Əsədov vurğulayır.
Aləmdə Nəsib