Aynur Musayeva

“Qadınlara qarşı zorakılıq gender bərabərsizliyindən qaynaqlanır”

Baxış sayı: 424

Qadınlara qarşı zorakılıq gender bərabərsizliyindən qaynaqlanır”. Bu sözləri  Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyir.

Mərkəz rəhbəri qeyd edir ki, regionlarda qadın iştirakçılığına maneələr aradan qaldırılmalıdır:

“Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün zəruri hüquqi baza yaradılıb. Konstitusiyada mövcud olan müddəalar, qəbul olunan qanunlarla yanaşı, Azərbaycanın tərəfdar çıxdığı və qoşulduğu beynəlxalq konvensiyalar bu sahədə hüquqi bazanın əsasını təşkil edir. Qəbul edilən dövlət proqramları, milli fəaliyyət planları son illər öz bəhrəsini verməkdədir. Azərbaycan qadınları qərarqəbuletmə və idarəetmədə getdikcə daha çox təmsil olunmağa başlayıb. Bunu həmçinin yerli özünüidarəetmə orqanlarında da müşahidə edə bilirik. 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların say nisbəti 39 faizə çatıb”.

Həmçinin, A.Musayeva onu da vurğulayır ki, gender bərabərliyinin təmin olunması üçün görüləcək işlər də çoxdur:

“Xüsusilə regionlarda qadın iştirakçılığına olan maneələrin aradan qaldırılmasına, bu sahədə səylərin gücləndirilməsinə ehtiyac var. Araşdırmalar göstərir ki, bu gün məişət zorakılığının, qadınlara qarşı zorakılıq hallarının kökündə məhz gender bərabərsizliyi amili dayanır. Gender bərabərliyi ilk olaraq ailələrdə təmin edilməlidir. Qızların ali təhsilə çıxışı üzrə göstəricilərin daha da yaxşılaşdırılması üçün müvafiq addımlar atılmalı, qadınlarımızın cəmiyyətin bütün sahələrində kişilərlə bərabaər hüquqda təmsil olunmasına çalışılmalıdır”.

Mərkəzinin rəhbəri söyləyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son vaxtlar gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda iştirakı və fəallığının artırılması istiqamətində həyata keçirdiyi tədbirlər, xüsusilə 30 rayon və şəhərin bələdiyyələrində gender komissiyalarının yaradılması təqdirəlayiqdir.

“Çünki bələdiyyə üzvləri yerli özünüidarəetmə orqanlarının nümayəndələri olaraq əhali ilə daha sıx təmasda olduğu üçün əhalinin bütün təbəqələrini, xüsusən də həssas qrupdan olan ailələri daha yaxından tanımaq və yerlərdə mövcud problemləri müəyyən etmək imkanına malik şəxslərdir. Bu baxımdan gender komissiyalarının yaradılması həmin bələdiyyələrin ərazilərində yaşayan ailələrdə məişət zorakılığının qarşısının alınması və gender münasibətlərinin formalaşması, eyni zamanda, yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Gender komissiyaları həssas ailələrlə daha sıx işləməli, onlarla davamlı olaraq profilaktiki işlər aparmalıdırlar. Hesab edirəm ki, bu, cəmiyyətimizdə mövcud olan stereotiplərlə mübarizə aparılması işinə də öz töhfəsini verə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir