Artıq evdə qat-qat xəmir hazırlamaq, mağazadan almaqdan da asan və tez başa gələcək. İnanmırsınız?
Elə isə təqdim etdiyimiz resepti sınayın.
Lazım olan ərzaqlar:
3 stəkan un
5oo ml mineral su ( məs: Borjomi)
50 qr kərə yağı
1 ç/q duz
Öncə kərə yağını su hamamında əridirik. Unu duz ilə qarışdırıb, iki dəfə ələkdən keçiririk. Otaq temperaturunda olan mineral suyu unun üzərinə yavaş- yavaş töküb, xəmir yoğururuq. Xəmir ələ yapışan, yumşaq alınmalıdır. Alınmış xəmiri əlimizlə yumrulayıb, un səpilmiş dəzgahın üzərinə qoyub, ələ yapışmayan, lakin çox da bərk olmayan xəmir alınanadək yoğururuq. Oxlovu unlayıb xəmiri 0,5 sm qalınlığında yayırıq. Üzərinə əridilmiş kərə yağı sürtüb, 2-3 sm enində xətlər kəsirik. Xətləri üst-üstə qoyub, rulet formasında bükürük. Ruleti unlanmış oxlovla yenidən yayıb, qat-qat xəmir əldə edirik. Əgər zamanınız və həvəsiniz varsa yaydığınız xəmirdən yenə 2-3 sm enində xətlər kəsib, üst-üstə qoyub, rulet formasında bükə bilərsiniz. Sonra yenə oxlovla yayıb daha da ləzzətli qat-qat xəmir əldə etmək olar. Lakin vaxt məhdudiyyətiniz varsa, elə bir dəfə də bu prosesləri yerinə yetirmək kifayətdir. Hazır xəmirdən istədiyiniz növ un məmulatı hazırlaya bilərsiniz.