omicron

Tunelin sonundakı işıq? – ARAŞDIRMA

Baxış sayı: 742

Dünya “omikron” ştammı ilə çalxalanır. Koronavirusun mutasiyası nəticəsində yaranan yeni variant bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Hətta Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq, vətəndaşlarımızı yeni ştammdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvənd olunmağa çağırıb.

Cənubi Afrikada aşkarlanan “omikron” ştammına qısa müddətdə bir çox ölkələrdə rast gəlinib. Alimlərin fikrincə, koronavirusun yeni mutasiyası bütün əvvəlki variantlardan çox fərqlidir. Yeni variantın ən narahatedici xüsusiyyəti isə peyvəndlərə qarşı davamlı olma iddiasıdır.

 

Daha yoluxucu olsa da…

Virusla bağlı ortaya atılan ikinci iddia isə bu ştammın pandemiyanın sonunu gətirəcəyidir. İsrailli professor Zvika Qranot “omikron”u tunelin sonundakı işıq adlandırıb: “Omikron ştammının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər. Yeni ştamm daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir. “Omikron” ştammına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Kütləvi yoluxmadan sonra koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək”.

“Xəstəliyin ağır gedişi müşahidə olunmayıb”

Almaniya xəstəxanasında ağciyər xəstəlikləri və süni tənəffüs şöbəsinin həkimi Elvin Hüseynov  bildirdi ki, xəstəliyin gedişi ağır formada müşahidə olunmayıb: “Omikron” virusunun çaxnaşma yaratmasının səbəbi peyvəndə qarşı dayanıqlı olması iddialarıdır. Lakin bu hələ sübut olunmayıb. Sadəcə, laboratoriya şəraitində virusun strukturunun bir neçə hissəsində mutasiya aşkarlanıb və ona görə belə güman edilir ki, peyvəndlərə dayanıqlı ola bilər. İkinci ehtimal isə virusun delta ştammından daha yoluxucu olması ilə bağlıdır. Bu, hələ dəqiq deyil, tədqiqatlar aparılır. İndiyə qədər aşkar olunan hallarda xəstəliyin gedişi orta ağır formada müşahidə olunub”.

 

Pandemiyanın sonu ola bilərmi?

Həkim vurğulayır ki, xəstəliyin yüngül gedişi davam etsə, pandemiyada yolun sonuna çata bilərik: “Virus belə davam etsə, daha çox insan yoluxacaq, yüngül keçirəcək və kütləvi immunitet yaranacaq. Lakin bu da hələ sübut olunmayıb, sadəcə iddiadır. Analizlərin, tədqiqatların nəticəsini gözləyirik”.

 

“Lokdaun” qaçılmaz olacaq”

Dünyada yenidən qapanma məsələsinə gəldikdə isə həkim vurğulayır ki, ağır xəstələrin sayı kəskin çoxalsa, qapanma qaçılmaz olacaq: “Hər bir ölkə özü virusun vəziyyətindən asılı olaraq qərar verəcək. Almaniyada yeni yoluxma sayında artım müşahidə olunduğu üçün maarifləndirmə işləri genişləndirilib. Təklif edirlər ki, tədbirlər təxirə salınsın, insanlar peyvənd olunsun. Maskalardan istifadə olunur. Əgər reanimasiya şöbələrində çarpayılarının sayı tamamilə dolsa və yeni xəstələrə tibbi yardım göstərmək mümkün olmasa, “lokdaun” qaçılmaz olacaq”.

 

 “Omikron”un əlamətləri nələrdir?

Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik Kutze Yeni COVID ştammına yoluxmanın əlamətlərini açıqlayıb. Onun sözlərinə görə, koronavirusun “omikron” ştammı ilə yoluxmanın ilk və əsas əlamətləri kəskin yorğunluq və baş ağrılarıdır. Qızdırma və ya boğaz ağrısı isə nadir hallarda müşahidə olunur: “Omikron” gənclərdə qeyri-adi, nisbətən yüngül simptomlara səbəb olur. Həddindən artıq yorğunluqdan şikayətlənən müxtəlif etnik və sosial statuslu gənclər də var idi. Onların heç biri dad və qoxu hisslərinin itirilməsi və ya dəyişməsindən şikayətlənməyib. Simptomları əvvəllər qarşılaşdıqlarımdan çox fərqli və yüngül idi”.

Həkim bildirib ki, “omikron” ştammına yoluxanların xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3 günə sağalırlar.

 

Hansı şəxslər “omikron”a yoluxa bilər?

Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, Cənubi Afrikada  “omikron” xəstəliyi daha öncə keçirmiş və peyvənd olunan insanlarda da müşahidə olunub. Bu da təbii ki, insanlara çox təhlükəli görünə bilər: “Amma analiz etdikdə görünür ki, bu, daha çox 6 ay öncədən xəstələnən, yaxud da 6 ay əvvəl peyvənd olunan insanlarda rast gəlinir. Bu da onu deməyə əsas verir ki, bizim daha öncədən də bildiyimiz kimi, peyvəndlərin müəyyən zamandan sonra yüksək effektivliyi azalır. Yəni bu o demək deyil ki, peyvənd alan şəxs bir də yoluxmayacaq. Əgər üzərindən 6 ay vaxt keçibsə, həmin adamların “omikron” ştammına yoluxma riski var”.

Peyvəndlər nə dərəcə təsirlidir?

Həkim vurğulayır ki, peyvənd xəstəlik üzərində öz effektini tamamilə itirə bilməz: “Delta” variantında da gördük ki, müəyyən faiz etibarı ilə effektivlik aşağı düşə bilər. Amma bu o demək deyil ki, peyvəndlər tamamən effektivliyini bu ştamma qarşı itirəcək. Belə araşdırma yoxdur. Tədqiqatlar aparılır və nəticə ictimaiyyətə açıqlanacaq. “Buster” dozanın effektivliyi, təxminən 20 dəfəyə qədər yüksək olduğu üçün əminliklə demək olar ki, bu ştamma təsir edəcək”.

 

“Yeni vaksinə ehtiyac yoxdur”

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri bildirib ki,  “omikron”a qarşı yeni vaksinə ehtiyac yoxdur. Təşkilatın məlumatına görə, mövcud peyvəndlər “omikron” ştammına qarşı kifayət qədər effektivdir.

ÜST əczaçılıq şirkətlərinə mövcud dərmanların tərkibində yalnız kiçik dəyişikliklər etməyi tövsiyə edir. Ümumi tədbirlər isə eynidir. ÜST tibbi maskadan istifadə etməyi, sosial məsafəyə və şəxsi gigiyena qaydalarına riayət etməyi tövsiyə edir. Vaksinasiya isə xəstəliyə qarşı ən böyük silahdır.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir