pul

Eyni işin və əziyyətin qarşılığında zərif cinsin nümayəndələri niyə daha az qazanırlar?

Baxış sayı: 584
Gender bərabərliyi ilə bağlı problemlər bütün ölkələrdə, xüsusən də əmək sahəsində baş verir. Son illərdə beynəlxalq təşkilatların hesabatlarına görə, qadınların, xüsusilə də, uşaqları olan qadınların iş tapmaları daha çətindir. Zərif cinsin nümayəndələri arasında ixtisassız əməklə məşğul olan və qeyri-formal sektorda işləyənlər daha çoxdur. Onların rəhbər vəzifələr tutmaq ehtimalı daha azdır.Eyni işə gəldikdə belə, qadınlar çox vaxt kişilərdən daha az qazanırlar. Məsələn, Avropada qadınlar eyni keyfiyyətlərə malik eyni işə görə kişilərdən 15% az maaş alırlar. Dünya İqtisadi Forumu hesab edir ki, iqtisadi iştirak və imkanlar baxımından kişilər ilə qadınlar arasındakı uçurumu aradan qaldırmaq üçün 200 ildən çox vaxt lazımdır.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişafı Forumunda Azərbaycanda qadın və kişilərin maaşlarında fərqin olmasından danışıb: “Bu problemin həlli istiqamətində iş aparılır. Qadınların məşğulluq əhatəsini artırmaq lazımdır. Bundan əlavə, işsiz kimi qeydiyyata alınan hər bir şəxs üçün fərdi məşğulluq planı hazırlanacaq. Aktiv məşğul əhalinin ən azı yarısını işlə təmin etmək planlaşdırılır”.

Vəziyyəti  şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədov deyir ki, qadınlar adətən maaşların aşağı olduğu yerlərdə işləyirlər: “Bu, təhsil, tibb, elm, mədəniyyət və s. sahələrdir. Maaşaların yuxarı olduğu neft-qaz sektorunda əsasən kişilər çalışırlar. Ona görə də statistikaya görə, qadınların daha az maaş aldığı üzə çıxır”.

“Kişiyə iş tapmaq daha asandır, çünki lazım gələrsə, istənilən işə razılıq verəcək. Qadın və kişi işçilər arasında fərq kiçikdir – təxminən 1,5%. Amma yalnız formal əmək bazarı nəzərə alınır və orada iş yerlərinin əsas hissəsi dövlət sektorundadır. Qadınlar üçün qeyri-rəsmi əmək bazarında iş tapmaq çətindir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi observatoriya yaradıb, orada bütün bu məsələlər öyrənilməli və araşdırmanın nəticələri dərc edilərək, geniş ictimaiyyətə təqdim olunmalıdır”, – deyə Məmmədov bildirib.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da qadınların kişilərdən az maaş aldıqlarını söyləyib: “Bu, qeyri-formal sektor seqmentində baş verir. Bütün bunlarda bəzi işəgötürənlərin qadınlara qarşı stereotiplərin və mənəviyyatsız münasibətin rolu var. İşləyən qadın tez-tez iş və həyat arasında qalır, uşaq böyüdür və onu başa düşmək əvəzinə, işəgötürənlər ona qarşı ayrı-seçkilik edirlər”.

Qadınların iş tapmasının kişilərdən daha çətin olmasına gəlincə, həmsöhbətimiz bunu onların ixtisası ilə əlaqələndirib: “Qadınların əksəriyyəti pedaqoji ixtisasları bitiriblər və biz bazarın tələb etdiyindən daha çox müəllim buraxırıq. Təhsil və tibb sahələrində çalışanların 70%-dən çoxu qadınlardır, lakin bununla yanaşı, o sahələrdə rəhbər vəzifələrdə çox vaxt kişilər çalışır və müvafiq olaraq böyük maaş alırlar”.

“Məncə, qadınlardan ibarət kollektivdə rəhbər də qadın  olmalıdır. Ümumiyyətlə, rəhbərləri təyin etmək yox, seçmək daha düzgündür”, – deyə İsmayılov vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının baş mütəxəssisi Arif İbrahimov da təsdiqləyir ki, həqiqətən də qadın və kişilərin maaşları arasında fərq var: “Lakin bir sıra amilləri nəzərə almaq lazımdır. Belə ki, ölkəmizdə beynəlxalq təşkilatlar tərəfindən tənqid edilən qadınların işləməsi qadağan edilən peşələrin siyahısı var. Ancaq nəzərə almaq lazımdır ki, bəzi işlərdə qadının reproduktiv sağlamlığı pozula bilər, bəzi işlər onlar üçün fiziki cəhətdən çox ağırdır”.

“Başqa amillər də var. Hətta səhiyyə və təhsil kimi ənənəvi olaraq “qadın” sahələrində kişilər çox vaxt qadınlardan daha yüksək maaş alırlar və bu, çox güman ki, kişilərin bu sahələrdə rəhbər vəzifələrə yüksəldilməsi ilə bağlıdır. Ancaq indi getdikcə daha çox qadınlar rəhbərə çevrilirlər. Bəzi işəgötürənlər qadının daha tez-tez məzuniyyət alacağını və xəstəliyə görə məzuniyyətə çıxacağını düşünürək, daha az ödəniş etmək qərarına gəlsinlər deyə, kişilərə üstünlük verirlə”, – deyə o söyləyib.

İbrahimovun sözlərinə görə, hazırda bütün səviyyələrdə gender məsələləri ilə bağlı müvafiq normativ sənədlər qəbul edilib və gender ayrı-seçkiliyinə qarşı mübarizə aparılır: “Bizim bir çox sənədlərimizdə, hökumətlə, Sahibkarlar Konfederasiyası ilə baş müqavilədə, sahə sazişlərində həmişə gender bərabərliyinə riayət olunmasının zəruriliyi qeyd olunur”.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir