1432877067_1344853185_stalin2

Qədəhləri dolub-boşalan SSRİ rəhbərləri – MARAQLI

Baxış sayı: 1. 658
İçki məclisi tamam başqa bir mühitdir. Elə bir mühit ki, bəzi insanlar süfrə arxasında münasibətləri aydınlaşdırmağa çalışır, alkoqolun təsirinə düşmüş qarşısındakını daha çox içirtməklə onu daha yaxşı tanımağa cəhd edir. Xüsusilə də siyasətçilər…
SSRİ rəhbərlərinin məclisləri haqqında maraqlı faktları təqdim edirik.
Nadejda Krupskayanın yazdığına görə, Vladimir İliç Lenin səsli-küylü məclisləri çox da sevməyib. Amma buna baxmayaraq, süfrəsindən qədəhi də əskik olmayıb. Lenin ən çox sevdiyi və demək olar ki, hər gün süfrəsinə təqdim olunan qoyun ətinin qızartması ilə 1-2 qədəh ev şəraitində çəkilmiş “samoqon”dan imtina etməyib. Nəzərə alsaq ki, “samoqon” 70-80 faiz spirtdən ibarətdir, demək bu təxminən 250-300 qram adi araq deməkdir. Lenin alkoqollu içkilər arasında pivəyə də üstünlük verib. 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə partiyasının Londonda keçirilən 5-ci qurultayında məhz Leninin təşəbbüsü ilə qurultay iştirakçıları fasilə zamanı “yorğunluqları”nı pivə ilə çıxarıblar. Vladimir İliç Lenin spirtli içkilərin qəbulundan sonra da siyasi mövzuda diskusiya aparmağı xoşlayıb.
.
Lenindən fərqli olaraq İosif Stalin tez-tez ziyafətlərin təşkil olunmasının tərəfdarı olub. O müntəzəm olaraq öz bağında məclislər təşkil edib. Bu bir tərəfdən onun qafqazlı olmasından irəli gəlirdisə, digər tərəfdən Stalin bu məclislərdə özü üçün bir çox məsələlələrə aydınlıq gətirirdi. Belə məclislərdə rəhbər süfrəyə istənilən sayda və istənilən çeşiddə içkilər düzdürüb və məclisdə olanların hamısının spirtli içki içməsinə tam şərait yaradıb, bəzən isə yumşaq formada məcbur edib. Stalin əsasən onun üçün Gürcüstanda məxsusi hazırlanmış çaxırdan istifadə edib. Bəzi hallarda isə Stalin üçün süfrəyə ayrıca qrafində araq qoyulub. Həmin qrafindən yalnız Stalinin qədəhinə araq süzülüb. Məclislərin birində Ştemenko təsadüfən Stalinin qrafinindən öz qədəhinə araq süzüb və içəndə görüb ki, bu təmiz soyuq sudur. Stalin bu məsələyə simasında az-az görünən təbəssümlə reaksiya verib. Spirtli içkilərin qəbulundan sonra özlərini bir az sərbəst aparan Kreml məmurlarının ən kiçik hərəkətləri belə, Stalinin diqqətindən yayınmayıb və belə məclislərdə rəhbər öz silahdaşları haqqında müəyyən nəticələr çıxarıb. Bəzən gecə saat 4-5-ə qədər davam edən məclislərdə mühüm dövlət qərarları da qəbul olunub. Stalinin məclislərini əyləndirənlər isə əsasən Mikoyan və Jdanov olub. Müasir dildə desək, baş şoumen rolunda Anastas Mikoyan çıxış edib.
Nikita Xruşovun “vurmaq” məsələsi ilə bağlı müxtəlif dövrlərdə müxtəlif fikirlər səslənib. Onun şəxsi fotoqrafı və həm də yaxın dostu Krimerman öz xatirələrində yazıb ki, Xruşov rəsmi ziyafətlərdə, məclislərdə içkidən heç vaxt imtina etməyib. Xruşov bütün məclislərdə, hətta xarici səfərlərdə belə, eyni qədəhdən istifadə edib. Almaniyada ona bağışlanan bu qədəhin sirri ondan ibarət olub ki, qədəhin dibi əlavə büllurla cilalanıb və onun tutumu kənardan göründüyündən az olub. Yəni bununla da Xruşov məclislərdə bu aldadıcı fəndlə az içməyini təmin edə bilib. Kürəkəni Xruşovun içməklə bağlı daha bir hiyləsini bəyan edib. Onun dediklərinə görə, Nikita Sergeyeviçin qədəhinə bəzi məclislərdə konyak əvəzinə çay süzüblər. Bulqanin isə Xruşovun içkiyə münasibəti ilə bağlı daha maraqlı bir məqamı açıqlayıb:
“Nikita Sergeyeviç içkiyə qarşı möhkəm adam idi. İstədiyi qədər içib özünü normal aparmağı bacarırdı. Xatırlayıram, bir dəfə adama bir şüşə konyak içdik, üstünü isə 1-2 qədəh araqla düzəltdik. Sonra isə mitinqin rəyasət heyətinə yollandıq. Hər şey qaydasında idi”.
.
Leonid İliç Brejnev gənclik illərində alkoqola qarşı çox da meylli olmayıb. Amma Kremldə birinci kürsüyə sahib olduqdan sonra qədəhi həkimlər də onun əlindən ala bilməyiblər. 1972-ci ildə “zəhmətkeşlərin xahişi ilə” Sov.İKP MK-nın qərarına və SSRİ Nazirlər Sovetinin “alkoqolizm və sərxoşluğa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” planına imza atılsa da,  Leonid İliç başda olmaqla siyasi elita qədəhlərini boş qoymayıblar. Deyilənlərə görə, “Zubrovka” arağının həvəskarı olan Brejnevin qədəhinə rəsmi dövlət bayramlarında zəhmətkeşləri mavzoley tribunasında salamlayan zaman da 100 qram süzməklə könlünü xoş ediblər.
Yuri Andropov səhhəti ilə bağlı içki məsələsinə məhdudiyyətlə yanaşıb. Bu, həm də onun siyasi fəaliyyətində də öz əksini tapıb. Keçmiş “KQB” şefi maksimum 200 qram araq və ya konyakla kifayətlənib. Ən çox sevdiyi içki isə pivə olub. Yarıgerçək, yarızarafat bir məsəl də var ki, Brejnev ömrünün son günlərində Andropovu içirtməklə onun gələcək planlarını öyrənmək istəyib. Bu məqsədlə o Andropovu öz bağına dəvət edib. Andropov içkidən imtina etmək istəyəndə Brejnev onu məcbur edib:
– Yuri Vladimiroviç, sonuncu dəfə Baş katiblə qədəh toqquşdurmaq şərəfinə nail olun.
Andropov imtina edə bilməyib. Bir neçə qədəh içdikdən sonra Brejnev soruşub:
– Məndən sonra partiyanın taleyini kimə həvalə edəcəksiniz?
İçkini təsirindən cürətlənən Andropov özünəməxsus ciddiliklə cavab verib:
– Əlbəttə ki, artıq mənim növbəmdir.
– Yuri Vladimiroviç, bəs əgər xalq sizin arxanızca getməsə necə?
– Leonid İliç, onda xalq sizin arxasınca o dünyaya gedəcək…
Konstantin Çernenko qısa müddətli hakimiyyəti dövründə alkoqoldan uzaq olsa da, Kremldə digər vəzifələrdə çalışdığı dövrlərdə içkidən imtina edə bilməyib. Brejnevin ən yaxın silahdaşlarından biri sayılan və onun sayəsində siyasi pillələri sürətlə qalxan Konstantin Ustinovic qaraciyərində serroz olmasına baxmayaraq, Leonid İliçin süzdüyü qədəhlərdən vaz keçə bilməyib. Çernenkonun ən çox əziyyət çəkdiyi vaxt isə Brejnevin təmtəraqlı ad günləri olub. O bu ad günlərindən yayınmaq üçün Baş katibə tutarlı bəhanələr gətirməyi də bacarıb.
Alkoqolizmə qarşı mübarizə ilə bağlı fərmana imza atan Mixail Qorbaçovun öz qədəhi bu fərmana zidd gedib. Rəsmi və qeyri-rəsmi ziyafətlərdə sonuncu Baş katib nəinki sona qədər içib, hətta əlavə içki də sifariş edib. 1985-1991-ci illərdə SSRİ Dövlət Teleradiosuna rəhbərlik edən Leonid Kravçenkonun Qorbaçovla bağlı bir xatirəsi də bunu sübut edir:
“Əvvəllər Mixail Sergeyeviç az içirdi. Sonralar şərab və konyaka üstünlük verməyə başladı. Yaxşı yadımdadır, biz Yaponiya səfərindən sonra təyyarə ilə Cənubi Koreyaya uçurduq. Adəti üzrə Qorbaçov təyyarədə nümayəndə heyətini öz masasına dəvət edirdi və bu masa arxasında içki məclisi başlanırdı. Bu dəfə də belə oldu. Qısa bir aradan sonra Dövlət Təhlükəsizlik Komitəsinin 9-ci idarəsinin rəisi mənə tərəf əyilib qulağıma pıçıldadı:
– Səndə ehtiyatda konyak qalmayıb?
Vəziyyəti anladım. Çantamda saxladığım konyakı masaya qoydular. Ancaq belə düşündüm ki, bu da azlıq etdi”.
Qorbaçovun şəxsi aşpazı Anatoli Qakkinin dediklərinə görə Mixail Sergeyeviç daha çox erməni konyakına üstünlük verib. Arağı isə 2-3 qədəhdən artıq içməyib. Erməni konyakına olan sevgi sonralar Qarabağ məsələsində də Qorbaçovun siyasi sərxoşluğu kimi bütün çılpaqlığı ilə özünü göstərdi.  (modern.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir