qizilca

Qızılca – xof, yoxsa təhlükə?

Baxış sayı: 98

Daha çox uşaqlıq yaşlarında müşahidə olunan qızılca insanlara asanlıqla yoluxa bilən, bütün bədəndə dəri səpgiləri və qripə bənzər əlamətlərə səbəb olan qızılca virusunun yaratdığı yoluxucu xəstəlikdir. Yüksək hərarət və yorğunluqla müşahidə edilən qızılca, yoluxmuş insanlar öskürərkən, asqırdıqda və ya danışarkən ağız suyu damlacıqları vasitəsi ilə ötürülür. Adətən qışın sonu və yazın əvvəlində artan qızılca azyaşlı uşaqlarda tez-tez rast gəlinsə də, peyvənd olunmamış və ya əvvəllər qızılca keçirməmiş böyüklərdə də müşahidə oluna bilər.

Qızılca xəstəliyinin simptomları virusa məruz qaldıqdan təxminən 8-12 gün sonra yaranır. Adətən qulaq arxasından başlayan və bir neçə saat ərzində baş, boyun və sonra bütün bədənə yayılan qızılca xəstəliyinin simptomları burun axması, asqırma və öskürək kimi soyuqdəymə əlamətləri, yüksək hərarət, zəiflik, göz sulanması, quru öskürək, boğaz ağrısı, yorğunluq, işığa həssaslıq, gözlərin şişməsi və iltihablanması, ağız boşluğunda yaranan boz və ağ rəngdə ləkələr və bədəndə qırmızı səpkilərdir.

İlk simptomlardan təxminən 2-4 gün sonra qızılca səpgiləri başlayır. Bədəndə kiçik, qırmızı-qəhvəyi, səthi və ya qabarıq ləkələr formasında olan qızılca səpgisi adətən yuxarıdan aşağıya doğru yayılır. Səpkilər gövdədə birləşməyə meylli olur, kiçik ləkələr birləşib bötyük ləkələr əmələ gətirir, amma üz, boyun, əl və ayaqlarda ayrı-ayrı səpki formasında olur. Qızılca səpkilərinin yayılmağa başladığı günlərdə qızdırma 40-41 dərəcəyə qədər yüksələ bilər. Səpmə təxminən 4 gün davam edir və yenə yuxarıdan aşağıya doğru azalmağa başlayır. Səpkilər solduqca xəstənin qızdırması da aşağı düşür.

Bütün yaş qruplarında, xüsusən də uşaqlıqda müşahidə olunan bilən qızılcanın peyvənd olmayan insanlarda çox yayılması iddia edilir, lakin peyvənd olan insanların da bu xəstəliyə yoluxması sirr deyil. Həmçinin, iddia edilir ki, peyvənd olunmuş insanlar xəstəliyi yüngül keçirir, lakin müşahidələr göstərir ki, peyvənd olunmuş, lakin xəstəliyi ən ağır formada keçirən insanlar da az deyil. Bunun da başlıca səbəblərindən biri immun problemləridir.

Qızılca, immun sistemi zəif olan insanlarda ağırlaşmalara səbəb ola bilər. Lakin immuniteti güclü olan insan üçün qızılca adi soyuqdəymə effekti verən xəstəlikdir. Qızılcaya yoluxan adama antibiotik müalicəsi etmək onun immun sistemini zəiflətmək, xəstəliyin güclənməsinə şərait yaratmaqdır. Qızılca olan insan ilk növbədə bol maye qəbul edilməlidir, qızdırmanı salan vasitələrdən istifadə edilməlidir. Öskürək və ya boğaz ağrısı üçün tənəffüs yollarını rahatlaşdırmaq məqsədi ilə nəfəsaçıcı sprey, boğazyumşaldığı vasitələr istifadə edə bilər. Həmçinin, qida rasionuna A vitamini bol olan qidalar daxil etmək lazımdır. Qızılcaya yoluxmanın əsas səbəblərindən biri də bədəndə A vitamini çatışmazlığıdır.

Qaraciyər, balıq, yağ, yumurta sarısı, süd, pendir, qaymaq, böyrək, mandarin, limon, portağal kimi sarı meyvələr, balqabaq, brokoli, yerkökü, ispanaq, kələm, göyərti, qırmızı bibər, kələm, cəfəri, pazı, kartof kimi tərəvəzlərdə A vitamini boldur. Tərəvəz və ya meyvənin rəngi nə qədər tünd olarsa, tərkibində daha çox beta-karotin olur. Beta-karotin tərəvəzlərdə olduqda, deməli o qidada yağ və xolesterin yoxdur. Bu qidalar yağla yeyilərsə, onlardan alınan A vitamininin bədənə sorulması artır. Bədənin digər vacib vitaminlərə, o cümlədən A vitamininə olan gündəlik ehtiyacını əldə etməyin ən yaxşı yolu, meyvə, tərəvəz, zənginləşdirilmiş süd məhsulları, lobya, mərcimək və tam taxıl kimi paxlalılar yeməkdir.

Yeri gəlmişkən, bəzi ölkələrdə 1 yaşındadək uşaqlara qızılca peyvəndi məsləhət görülmür, səbəbi isə ana südü ilə qidalanması və anadan qızılca antitellərini süd vasitəsi ilə qəbul etməsidir. Ötən il İstanbul Tibb Fakültəsi Doğum Klinikasında 30 yenidoğulmuş və onların anaları arasında bir araşdırma aparıldı. Doğuşdan dərhal sonra anadan və göbək bağından, dördüncü, altıncı və doqquzuncu isə körpələrdən qan götürüldü. Bütün nümunələrdə qızılca IgG antikorları tədqiq edildi. Ana və göbək bağı qanında qızılcaya qarşı anticisim pozitivlik nisbətləri 100% nəticə verdi. Dördüncü ayda bu nisbət 90%, altıncı ayda 53%, doqquzuncu ayda 6,6% olur. Yəni ana südü əmdiyi ilk il süd, körpənin qızılcaya qarşı peyvəndi rolunu oynayır.

Qeyd edək ki, son günlər qızılca xəstəliyindən vəfat etməsi diaqnozu qoyulan üç uşaq ölümü qeydə alınıb. Sabirabad rayonunda 2022-ci il təvəllüdlü uşağın, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirlinin, Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəriblinin qızılcadan vəfat etdiyi bildirilir. Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirirlər. Ölkədə son 6 ayda 284 yoluxma halı qeydə alınıb. Yoluxmaların demək olar ki, yarısı Şəki-Zaqatala rayonlarının payına düşür.

Qızılca üçün xüsusi müalicə yoxdur. Simptomları yüngülləşdirmək üçün yoluxmuş uşaq çoxlu maye qəbul etməli, kifayət qədər istirahət etməli və infeksiyanın yayılmasının qarşısını almaq üçün məktəbdən və ya uşaq baxçasından uzaq durmalıdır. Qızdırma olduqda, uşağı rahatlatmaq üçün həkim məsləhəti ilə temperatur salıcı dərmanlar istifadə edilə bilər. Qulaq infeksiyası, ishal, pnevmaniya, ensefalit kimi ağırlaşmalar yarana biləcəyi üçün qızılcalı uşaqlar həkim tərəfindən yaxından izlənilməlidir. Səpgilər göründükdən sonra dörd gün ərzində uşağınızı başqalarından uzaq tutmaq son dərəcə vacibdir. İmmuniteti zəif olanlar tam sağalana və bütün simptomlar yox olana qədər təcrid olunmalıdırlar. Qızılca infeksiyası və əlaqəli ağırlaşmalar bir neçə həftə davam edə bilər.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir