toy, erkən nikah

Qızlar niyə tez ailə qururlar – özləri istəyirlər, yoxsa valideynləri məcbur edirlər?

Baxış sayı: 1. 594

Azərbaycanda erkən nikah mövzusu daima tənqid hədəfi olur. Çox təəssüf ki, müxtəlif səbəblərdən qız uşaqlarını erkən yaşda ərə vermək istəyən valideynlərin sayı kifayət qədərdir. Statistika da deyilənləri təsdiq edir. Məsələn, əgər 1980-ci ildə ölkəmizdə 18 yaşadək nikaha girən xanımların sayı 167, 1990-cı ildə 471 nəfər idisə, 2000-ci ildə bu göstərici 2473 nəfər olub. 2010-cu ildə bu göstərici 4742, 2011-ci ildə isə 5138 nəfər olub. Məlumat üçün bildirək ki, 2012-ci ildən etibarən ölkəmizdə ailə qurmaq üçün minimum yaş həddi kişilərdə və qadınlarda 18 müəyyən olunub. Qeyd edək ki, ölkəmizdə ailəli insanların da sayında artım qeydə alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 2 milyon 13 min 800 ailə (2014-cü ilin əvvəlinə olan məlumata görə) var. 2012-ci ildə ölkəmizdə ailələrin sayı 1 milyon 988 min 200 nəfər olub. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, hazırda Azərbaycanda demoqrafik problem yoxdur. Azərbaycanda 4, 5, 6, hətta 11-13 uşağı olan ailələr olar: “Son 20 ili götürsək, Azərbaycanda müəyyən dövrlərdə azalmalar olsa da, ümumilikdə təbii artımla bağlı problem yoxdur”.

Bəs ölkəmizdə erkən nikahların səbəbləri nədir? Eyni vəziyyət dünyada da müşahidə olunurmu? Bu və digər suallara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatları əsasında aydınlıq gətirməyə çalışacağıq. Komitə bildirir ki, erkən nikahların yayılmasına təkan verən amillər müxtəlif mənşəlidir və fərqli əhəmiyyətə malikdirlər. Lakin onlar bir-biri ilə sıx əlaqəli olub biri digərindən qaynaqlanır: “Bunlar əsasən mədəni, sosial, psixoloji amillərdir. Bu baxımdan erkən nikah faktı bu və ya digər ölkələrdə müxtəlif formada təzahür etsə də, kökündə demək olar ki, eyni motivlər qalmaqdadır. Dövlətlərin inkişaf səviyyəsi, insana, xüsusilə qızlara (qadınlara) müxtəlif münasibətin olması da bu və ya digər ölkədə erkən nikah hallarının az və ya çoxluğunun göstəricisidir. Araşdırmalar göstərir ki, 13-15 yaşlı qızlar ya ailə təzyiqi ilə evlənir, ya da sevdiyi adama qoşulub, evi tərk edir və evlənmək məcburiyyətində qalırlar. Səbəbi nə olursa, olsun bu evliliklər yanlışdır. Çünki nə olur olsun, bu yaşda bir fərd böyüməni və formalaşmanı heç bir baxımdan tamamlamış olmur”.

Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə Fələstin başçılıq edir (51,7%). İkinci yerdə 20,1%-lə Misir, üçüncü yerdə isə 15%-lə İsrail dayanır. Lakin son zamanlar inkişaf etmiş ölkələrdə də erkən nikah faktları qeydə alınmaqdadır. Xüsusilə, Şərqi Avropa ölkələrində həyəcan təbili çalınmaqdadır. Belə ki, burada erkən nikah halları artıb.

Qonşu ölkələrdə də vəziyyət qənaətbəxş deyil

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmasında qeyd olunur ki, yaxın qonşularımızda da vəziyyət kritikdir: “Türkiyədə erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə 18 yaşa qədər olan 180 mindən çox qız Türkiyədə nikaha girir. Rusiyada bütövlükdə nikahların 13-15%-ni erkən yaşda qurulmuş ailələr təşkil edir. Eləcə də Orta Asiyada, o cümlədən, Taciksitanda, Qazaxıstanda da erkən nikahlar çoxluq təşkil edir: “Məsələn, Qazaxıstanda son illərdə 30 mindən çox erkən nikah faktı qeydə alınıb. Burada təxminən ildə 3 min erkən nikah olur. Ərə verilən qızlara görə isə müəyyən məbləğdə başlıq (pul) alınır. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab edilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır”.

97 ölkənin tibbi statistikasını öyrənən alimlər belə qənaətə gəliblər ki…

Komitə erkən nikahların fəsadlarını belə izah edir: “Körpə və ana ölümü hallarının çoxalması, ana və uşaq sağlamlığı, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması, erkən nikahda olan qızların daha çox fiziki və cinsi zorakılığa məruz qalması. Erkən nikahın ən böyük mənfi fəsadı ana və uşaq sağlamlığı ilə əlaqədardır. Kaliforniya Universitetinin alimlərinin apardıqları tədqiqatlar bu fikri bir daha təsdiq edib. Belə ki, 97 ölkənin bu sahədə tibbi statistikasını öyrənən alimlər belə qənaətə gəliblər ki, erkən yaşda qadınlar arasında ana və uşaq ölümünə daha çox rast gəlinir. Bu ölümlər hamiləlik, doğuş və doğuşdan 1 və 1,5 ay keçdikdən sonra da baş verə bilər. Bu onunla izah olunur ki, 17 yaş və ya 17 yaşa qədər olan qızların orqanizmi bətndə uşaq yetişdirməyə və onu dünyaya gətirməyə hazır olmur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Erkən yaşda analığa namizəd olanlar çox qısa zamanda həm psixoloji, həm də fizioloji baxımdan sıradan çıxır və travma alırlar. Bu qızların dünyaya gətirdiyi uşaq da həyatın və formalaşmanın əsas mərhələsini yaşamamış valideyni kimi problemli böyüyür və bəlkə də eyni taleyi yaşayır”.

Sahiblik axtarışı, evdə qalmaq qorxusu…

Bundan başqa, mənəvi və fiziki böyüməsini tamamlamamış, özlərini təsdiq etmək iqtidarında olmayan, hüquqlarını bilməyən yüzlərlə gənc qız seçim haqları tapdalanaraq evlənir və ya evləndirilir: “Təbii ki, qızları belə nikahlara sövq edənlərin hər zaman keçərli bəhanələri var. Bu, bəzən qızlar üçün kasıblıqdan qurtulmaq, bəzən sadəcə sahiblik axtarışı, bəzən evdə qalmaq qorxusu, bəzən özünü sübut etmək ehtiyacı olur. Müsbət bir hal olmasa da, artıq “uşaq nikahlar”ı termin formalaşıb. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə qanunlar qəbul edirlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında qeyd olunur ki, ölkəmizdə qaçırılma halları 15 və 17 yaşlılar arasında da baş verir: “Həmçinin statistik göstəricilərə görə, 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2009-cu ildə 3538, 2010 -cu ildə 4103, 2011-ci ildə isə 4392 olub. 2012-ci ildə 3236-ya, 2013-cü ildə isə 2855-ə enib. Azərbaycanda 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 %-i şəhər, 61,1%-i isə kənd yerlərində qeydə alınıb”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin “Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddələrində qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə Məcəlləsində isə valideynlik hüquqları və onların məsuliyyəti bəndləri qeyd olunub. Maddədə qeyd olunur ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir