Qrup halında işləməyin müsbət və mənfi tərəfləri hansılardır?

Baxış sayı: 1. 857

İnsanlar birlikdə iş görəndə daha kreativ düşünür və problemlərin öhdəsindən daha asan gəlirlər. Ağır fiziki işlər belə birgə, söz-söhbət edərkən icra edildikdə çətinlik o qədər də hiss olunmur. Vaxt da tez keçir.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, adətən insanlar tək hansısa ciddi işə girişərkən cəsarətini, özünə gücü itirirlər: “Gördükləri işi yarımçıq da qoyub gedə bilərlər. Birlikdə olduqda isə asanlıqla bu addımı atırlar. Birgə iş görərkən insan daha cəsarətli olduğu üçün bacarıqlarını tam nümayiş etdirir. Var gücü ilə çalışır. Kiminsə yanında ona dəstək olması sanki onu iki dəfə güclü edir. İnsan özünü arxalı, bəzən də enilməz hiss edir. Əbəs yerə atalar deməyiblər, “tək əldən səs çıxmaz”. Birgə fəaliyyətə kollektiv məntiq də deyirlər”.

Lakin heç də insanların hamısı kollektivdə özünü rahat hiss edə bilmir. Bəzi insanlar əksinə olaraq birgə fəaliyyət zamanı yaradıcı düşüncə tərzlərini, ideyalarını, özünə əminliyi itirir. Psixoloq izah edir ki, bu, həmin şəxslərin kollektivdə özünü narahat hiss etməsi ilə bağlıdır: “Elə adamlar var ki, onlar müxtəlif insanların fərqli fikirləri ilə üzləşdikdə özlərini itirirlər. Müstəqil düşünə bilmir, özünə əminlik azalır. Kollektivdə öz fikirlərini yeritməkdə çətinlik çəkir. Üstəlik belə şəxslər qapalılığı və utancaqlığı ilə seçilirlərsə, kollektiv fəaliyyətdə nadir hallarda öz ideya və bacarıqlarını nümayiş etdirirlər. Bir qayda olaraq onlar axına tabe olur. Nəticədə kollektiv fəaliyyət özünə daha əmin insanın tabeliyinə keçir, onun istiqamətləndirdiyi səmtə yönəlir. Amma özünə əmin heç də aralarında ən ağıllısı demək deyil”.

Həmidli qeyd edib ki, kollektivdə işləyə bilmək də bir bacarıqdır: “Hər adam başqaları ilə dil tapa bilmir. Elə insanlar var ki, birgə fəaliyyət zamanı tez-tez mübahisə edirlər. Onlara vaxtaşırı elə gəlir ki, fikirləri ilə hesablaşmır və onları üstələmək istəyirlər. Kollektiv fəaliyyət sağlam rəqabət mövcud olduqda uğurlu ola bilər. Rəqabətədavamlı olmayanlar başqaları onları üstələyəndə kollektivi tərk etməyi də düşünür”.

O hesab edir ki, insan özünə uyğun olmayan kollektivə düşdükdə də özgüvənini itirə bilər: “Bu, həmin şəxsin kollektiv fəaliyyətə yararsız olduğunu göstərmir. Sadəcə, düşdüyü kollektivdəki insanlar onun adət etdiyi insan tipləri deyil. Başqa qruplaşmaya düşərkən özünü rahat hiss etsə, bacarıq və kreativ düşüncə tərzindən yararlana bilər”.

Qeyd edək ki, müasir texniki avadanlıqların köməyi ilə psixoloqlar könüllüləri kollektiv məntiqlə bağlı təcrübəyə cəlb edib beyinlərinin fəaliyyətini öyrəniblər. Məlum olub ki, özünə əmin insanlar qrupda işləyərkən beyinləri daha fəal reaksiya verir. Özgüvəni aşağı olan, fikrinin doğruluğunu sübut etməkdən çəkinən, ictimai çıxışlardan qorxan insanlar qrupda çalışarkən daha bacarıqsız çıxıblar. Belə adamlar başqaları ilə vaxt keçirməkdənsə öz daxili aləminə qapanmağı daha çox sevir. Qrupda çalışmaq isə onların fikrinin yayınmasına səbəb olur, beyinlərinin fəallığı azalır. Ona görə də, tənhalığı sevənlər, introvertlər və özgüvəni aşağı olanlar kollektiv fəaliyyət üçün uyğun şəxslər deyil. Onlar qrup halında işləməyi bacarmır. Belə insanlar təklikdə və sakitlikdə daha yaxşı işləyir.

Psixoloqun dediyinə görə, kolletiv məntiqin müsbət cəhətləri olsa da, mənfi tərəfləri də var: “Qrup halında işləyərkən insanlar bir-birinin təsiri altına düşür. Kollektiv məntiq hər kəsin məntiqi ilə qidalanır. Fərqli fikirlər tədricən korreksiya olunaraq kollektiv məntiqdə həll olunur. Sanki hamı eyni düşüncə tərzinə və davranış qaydalarına sahib olur. Bu səbəbdən də kollektiv məntiq individuallığını qoruyanlar üçün təhlükəlidir. Kollektiv ona uyğun gəlməyəni öz təsiri altına salmağa başlayır. Bu mümkün olmadıqda isə onu sıxışdırır”.

Kollketiv fəaliyyət yaxşı təşkil olunubsa, tərkibindəki insanlar özlərini bir-birinin yaxını kimi hiss edir. Tədricən kollektiv təxəyyül, fikir və arzuların əsirinə çevrilirlər. Qrup üzvlərində liderlərinə qarşı hipnoz edən rəğbət hissi yaranır. Onlar liderləri üçün hər şeyə hazır olur.Yaxşı və pis arasında sərhəd pozulur.

Müsahibimizin dediyinə görə, birgə fəaliyyət göstərərkən kollektivin nail olmaq istədiyi məqsədi olmalıdır: “Qrup üzvləri həqiqətən də istədiklərinə nail olmaq üçün bütün gücləri ilə işləməlidir. Bir-birinin bacarıq və məsləhətlərini dəyərləndirən, bir-birinə yaxşı münasibət bəsləyən kollektivin fəaliyyəti uğurlu olur. Kollektiv məntiq individual şəxsin edə bilmədiklərini edir”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir