Baku-2015

Avropa Oyunlarının açılış mərasiminə gedəcək tamaşaçılar üçün QAYDALAR

Baxış sayı: 1. 798
İyunun 12-də İlk Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Metro stansiyalarının qarşısında xüsusi ekspress avtobuslarla Milli Olimpiya Stadionuna gətiriləcək tamaşaçılara bir sıra qaydalara riayət etmələri tövsiyə olunur.
İyunun 12-də I Avropa Oyunlarının açılış mərasimində tamaşaçılar bir əlində  bilet, bir əlində şəxsiyyət vəsiqəsini yoxlama aparatının üzərinə qoyacaqlar. Qapılar açılacaq və siz içəri daxil olacaqsınız.
Burada tamaşaçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən gəlmək tövsiyə olunur. “Tamaşaçılar avtobuslara minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq.
Milli Stadion Qərargahının rəhbəri Səhlab Bağırov deyir ki, quraşdırılmış aparatlar hava limanındakı kimidir: İçəri keçəndən sonra bizim könüllülər tamaşaçılara istiqamətlər göstərirlər. Orada müəyyən adamlara yaxınlaşıb biletlərin nömrələrini, sektorların nömrələrini göstərib öz yerlərini öyrənə bilərlər”.
Stadiona gələn şəxslər üçün qadağan edilmiş davranışların siyahısı hazırlanıb. Belə ki tamaşaçılara
a) sosial, irqi, cinsi, dini , milli, dövlətlərarası nifrət oyandırmaq məqsədi daşıyan istənilən hərəkət etmək;
b) müəyyən edilmiş sahələrdən kənarda siqaret çəkmək;
c) yol nəqliyyatı qaydalarına və yol nəqliyyatı nizamlayıcılarının tələblərinə tabe olmamaq;
d) icazə verilməmiş aksiyalar təşkil etmək, vərəqlər, bukletlər və nəşrlər, təşviqat materiallarını və geyim əşyalarını qanunsuz paylamaq qadağandır.
Açılış mərasiminə gələn tamaşaçılara bəzi əşyaları özləri ilə götürmək yasaqlanıb. Qadağan olunmuş əşyaların siyahısı buraxılış və yoxlamanın həyata keçirildiyi girişlərdə qoyulacaq.
Səhlab Bağırovun sözlərinə görə, tamaşaçılar özləri ilə kiçik dəsmal və kiçik bayraqlar götürə bilər: “Həcmi 30 sm-dən hündür olan çantalar götürmək olmaz. Elə bir çanta götürmək lazımdır ki, öz yanında saxlaya biləsən 100 ml qramdan artıq ətir qabları götürmək olmaz. Kəsici, deşici alət, silah kimi istifadə olunan hər hansısa bir əşya, eləcə də dərman topluları götürmək olmaz”.
Bundan başqa stadiona partlayıcı maddələr, silah və hərbi sursatlar, qazlar, tezalışan mayelər, zəhərli maddələr, şüşə butulkalar, velosipedlər, skutlerlər, lazer şüalı cihazlar, lisenziyasız simsiz cihazlar, heyvanlar, çətirlər, bayraqları saxlamaq üçün sərt dirəklər, dini, siyasi, təxribat xarakterli və əxlaqa zidd məzmunlu çap materialları və istənilən növ reklam materialları, spirtli içkilər gətirmək qadağandır.
Stadion ərazisində su satışı təşkil olunacaq. Buna görə də, tamaşaçılar özləri ilə su gətirməyə bilər.
16 yaşı tamam olmayan uşaqlar tək buraxılmayacaq. Onlar heç avtobusa da buraxılmayacaq. Ona görə də belə uşaqlar stadiona böyüklərinin müşayiəti ilə gəlməlidirlər.
İyunun 6-da stadionda növbəti sınaq keçiriləcək. Sınaqda 35 min insanın iştirakı nəzərdə tutulub. Sınaq tədbirində şəkil və hər hansı video çəkən şəxsləri isə cərimə gözləyir.
Səhlab Bağırov bildirib ki, təhlükəsizliyin qorunması üçün bütün xüsusi xidmət orqanlarından əməkdaşlar cəlb olunub.
Qeyd edək ki, stadionda 120 yoxlanış məntəqəsi quraşdırılıb. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir