Sebnem Endelifova

Rəqəmsal oyunlarda gizlənmiş psixoloji məqamlar

Baxış sayı: 905

* Uşağınızın 5 yaşı olduğu halda hələdə fikrini ifadə edə bilmir?

* Kiçik məktəbli olmasına baxmayaraq çoxmu aqresivdir?

* Əşyalarına qarşı, bəzən ailəsinə qarşı şiddət tətbiq edirmi?

* 2 yaşı var düzgün göz kontaktı qurmur?

* Son zamanlarda hədsiz sayda qorxuları varmı?

* Artıq onu heçnə sevindirmir?

* Yeni davranış pozuntularını müşahidə edirsinizmi?

Bütün bu sualları tək cavab birləşdirir. Uşaqların telefon, planşet, kompüterdən, ümumiyyətlə internetdən vaxtsız, nizamsız şəkildə istifadə etməsi.

 

– Bu vəziyyətin necə qarşısını ala bilərik?

Uşağın sosial şəbəkəyə, telefona marağı çoxdursa və asılılığı varsa, biz özümüz onun üçün maraq dairəsi yaratmalıyıq. Məsələn, rəsm, şahmat dərslərinə yazdıra bilərik, idmanla məşğul olmasına, həmçinin, kompüter dərslərinə getməsinə yardımçı ola bilərik ki, kompüterin yararlı tərəflərindən istifadə edə bilsin. Yəni bir sözlə, uşaqların evdə daha az vaxt keçirməsi üçün bir çox faydalı məşğuliyyət tapmaq olar.

Uşaq ailədə ona olan diqqəti görməlidir. Uşaqlarınızı daim diqqət mərkəzində saxlayın. Müşahidə edirəm ki, övladlarına qarşı daha diqqətli olan və  vaxtını düzgün ayıran ailələrdə uşaqların telefondan asılılığı olmur. Əgər valideyn evdə övladı  üçün onun marağında olan işlər görsə, istər-istəməz uşağın da maraq dairəsi dəyişəcək, telefon, sosial şəbəkə onun diqqət mərkəzində olmayacaq. Bununla yanaşı valideyn hər zaman uşağının psixoloji vəziyyəti ilə maraqlanmalıdır.

Bədənindəki yaralara, izlərə diqqət etməlidir. Artıq bir çox rəqəmsal oyunlar var ki onlar birbaşa yeniyetmə və gəncləri ölümə sürükləyir.

 

Valideynlər  bu  məqamda diqqətli olmalıdırlar:

Övladınız gündəlik rejimini dəyişirsə, qorxmaq lazımdır. Məsələn, şam yeməyini otağında yeyir, kompüter arxasında eyni vaxtlarda oturur, müəyyən qrafiklərində dəyişiklik edirsə, hər hansısa bir qrupa qoşulma təhlükəsi var;

Əgər övladınız səhər dərsə getmək üçün yuxudan gec durursa və ya əzgindirsə, deməli yaxşı yatmayıb. Həyəcan təbili çalın. Çünki yuxunun ən şirin vaxtında övladınız yatmaq əvəzinə, tapşırıqlar yerinə yetirir.(hər hansısa oyunun təsiri dairəsindədir) ;

Təkrarlanan rəsmlər. Yeniyetmələrin davranışları eynidir. Onlar diqqət cəlb etmək və qiymətləndirilmək istəyirlər. Bu səbəbdən hansısa işə başı qarışan yeniyetmə bunu rəsmlərdə nümayiş etdirir. Amma təhlükəli qrupa qoşulanlar yeni ideologiya ilə bağlı rəsmlər çəkirlər. Əgər yeniyetmə müntəzəm olaraq kəpənək və balina çəkirsə, qorxmaq lazımdır. Çünki kəpənəyin ömrü bir gündür, balina isə intihar üçün özünü sahilə vurur. Deməli, övladınız intiharçı qrupa üzv olub. 50 rəqəmini tez-tez yazmaq da təhlükəlidir;

 

Valideynlər bu xüsusda da diqqətli olmalıdırlar:

Uşaqlar sosial şəbəkə və internet məkanında belə tələlərə düşürlər. Qarşısını almaq üçün valideynlər övladlarının internetdən istifadə etmə vərdişlərinə nəzarət etməlidirlər;

Ailələr uşaqların oynadıqları oyunları mütləq bir yerdə təyin etməlidirlər;

Oyunda və internetdə keçirilən vaxt məhdudlaşdırılmalı və oyunun uşağın yaşına uyğun olmasına diqqət edilməlidir;

İnternetdə naməlum şəxslərlə yaxın münasibət qurulmaması, onların şübhəli şəxs ola bilmə ehtimalının yüksək olması və belə münasibətlərin təhlükəli nəticələrə səbəb ola biləcəyi mövzusunda uşaqlarla müntəzəm söhbət edilməlidir;

Ailə bu mövzuda məsuliyyətini dərk etməli, ehtiyac yaransa mütəxəssisə müraciət etməli, övladını sosial fəaliyyətə yönləndirilməli, sosial şəbəkədə onların dost siyahısında olmalı və internetdəki addımlarından xəbərdar olmalıdırlar.

Valideynlər övladları ilə daha çox vaxt keçirməli, onların adı qulağa xoş gələn, lakin mahiyyətcə dəhşətli nəticələrə gətirib çıxaran və kimiləri üçün sadəcə oyun, kimiləri üçünsə ölümə aparan yol olan bu prosesə diqqət etməlidir. Peşəkar psixoloji dəstək almaqdan çəkinməməli, övladlarını hansı yaşda olursa, olsun daimi nəzarətdə saxlamalıdırlar.

 

Şəbnəm ƏNDƏLİFOVA

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu

shabnam.aliyeva95@gmail.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir