menzil

Sosial mənzil layihəsi bölgələrdə necə effekt verəcək?

Baxış sayı: 518

İpoteka və Kredit Zəmanət Fondunun mənzillərin kirayə vermək öhdəliyi ilə satışı layihəsi Bakıda çox uğurlu alındı. Bunun da əsas səbəbi digər layihələr və ipotekalarla müqayisədə şərtlərin daha yumşaq olmasıdır. Bölgələrdə də bu layihəni icra etmək mümkündür.

elnur ferzeliyev

Bu fikirləri daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyir.

O, Bakı ilə müqayisədə regionlardakı vəziyyəti dəyərləndirərkən qeyd edib ki, Bakı və Abşeronda torpaq baha olduğundan kirayə mənzillərlə bağlı layihədə qiymətlər aşağı deyil. Lakin bölgələrdə qiymətlər belə olarsa, heç kəs mənzil almaz. Bakı ilə müqayisədə bölgələrdə torpağın qiyməti kifayət qədər aşağıdır. Bölgələrdə bu layihə daha aşağı qiymətə təklif olunarsa, hətta oradakı real qiymətlərdən də sərfəli təklif olunarsa, bu zaman layihəyə maraq olacaq.

“Tikintidə qiyməti qaldıran birmənalı olaraq torpaqdır. Baxın, ölkə üzrə 1 kvmetrə görə tikinti xərci təxminən 250-400 manatdır. Yəni 100 kvadrat metrlik təmirsiz mənzil təxminən 35 min manata başa gəlir. Bakının lap mərkəzində isə bu qiymətlər bir qədər də qalxır. Buna görə də bölgələrdə bu sosial layihələrə görə qiymətlər daha sərfəli olmalıdır”, – Fərzəliyev deyib.

Ekspert hesab edir ki, bu layihə əsasən böyük şəhərlərdə uğurla icra edilər və vətəndaşlar gəlirlərini göstərməklə mənzillərə sahib ola bilərlər.

Elnur Azdov

Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov isə qeyd edir ki, bu layihənin bölgələrdə icrasının effektiv olub-olmamasını araşdırmaq üçün hazırda fond tərəfindən regionlardakı vəziyyət araşdırılır:

“Kirayə mənzil layihsəinə hər yerdə tələbat var. Sadəcə, layihənin regionlarda icrası ilə bağlı qərar verməzdən öncə tələbatn həcmi müəyyən edilməlidir. Ümumiyyətlə, bölgələrdə sənədli evlər daha bahadır, sənədsiz evlər isə ucuzdur. Regionlarda kirayə mənzil layihəsinə tələbat olarsa, sakinlər iqtisadi baxımdan bunun sərfəli olub-olmamasını götür-qoy edəcəklər. Yəni, onlar sənədli kirayə mənzil layihəsində təqdim olunan mənzillərlə bölgələrdə satılan sənədsiz evlər, torpaqlar arasında iqtisadi baxımdan seçim etməli olacaqlar”.

Regionlarda yaşayan əhalinin gəlirlərinin aşağı olduğunu vurğulayan ekspert bildirir ki, əksər hallarda sakinlər mal-qarasını, elə təsərrüfatdan əldə etdiyi məhsulu birbaşa qapısında satır və onlar vergi ödəyicisi olmaqda maraqlı deyillər:

“Məsələn, kiminsə fındıq bağı varsa, qapısından fındıq sataraq pul qazanırsa, bu qazancını qanuniləşdirə bilmir. Yəni bölgədə əhalinin gəlirləri rəsmi deyil. Azərbaycanda kölgə iqtisadiyyatı üstünlük təşkil edir, vətəndaşlar vergi verməkdən yayındıqları üçün gəlirlərini sübut edə bilmirlər. Düzdür, müəyyən mənada bu gəlirləri leqallaşdırmaq mümkün olsa da, müəyyən mənada da mümkünsüz olur”.

Ekspertin fikrincə, Azərbaycan vətəndaşlarının istənilən ipoteka kreditini götürməsi üçün şərtlər yumşaldılmalıdır. Xüsusən də kənd-qəsəbə sakinlərinə müəyyən güzəştlər olmalıdır. Sözügedən layihələrin bölgələrdə də genişlənməsi üçün həmin ərazilərdə yaşayan şəxslərə qazanc mənbələri hesab edilən təsərrüfatlarını genişləndirməkdə yardımlar edilməlidir.

İKZF-nin baş direktoru İlham Kələşov "İqtisadi Zona"-nın qonağı olub -29.09.2019 - YouTube

İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov bu yaxınlarda yerli mətbuata bildirmişdi ki, Azərbaycanın regionlarında yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bazara çıxarılan, satmaq öhdəliyi ilə kirayə verilən mənzillərə görə kirayə müqaviləsinin bağlanılması üçün gəlirlər araşdırılır.

Yəni gəlirlərin nəzərə alınması üçün müraciət edən ailə üzvünün kredit tarixçəsi kredit büroları və digər mənbələrdən əldə edilən məlumatlar əsasında təhlil edilir, ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi tələblərinə uyğun olaraq qiymətləndirilir.

menzil

Gəlirlər necə təhlil edilir?

Gəlirlərin təhlili – ərizəçinin gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair rəsmi gəlirlər aid edilir. Ərizəçinin gəlirləri EİKZS vasitəsi ilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilən təsdiqedici sənədlərə əsasən hesablanır.

Həmçinin Vergilər Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s.) muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan və qanunvericiliklə nəzərdə tutulan vergi və digər ödəmələri vaxtında həyata keçirən sabit vergi ödəyicilərinin (ərizəçi) orta aylıq gəlirləri fəaliyyət göstərdiyi müddətdən asılı olaraq aşağıdakı qaydada hesablanır:

müraciət anına 6 aydan 12 aya kimi müvafiq fəaliyyətlə məşğul olduqda, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 2 misli məbləğində;

müraciət anına 12 aydan 36 aya kimi müvafiq fəaliyyətlə məşğul olduqda, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 4 misli məbləğində;

müraciət anına 36 aydan yuxarı müddətə müvafiq fəaliyyətlə məşğul olduqda, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 6 misli məbləğində.

Eyni zamanda Qaydaya görə sabit vergi ödəyicilərindən gəlirlərini təsdiq etmələri tələb olunmur. Yalnız onların qeyd olunan fəaliyyətlə məşğul olmalarına dair məlumatlar elektron sistem vasitəsilə əldə olunur.

Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir.

Bundan əlavə qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə verilən mənzillər ən uğurlu sosial layihələrdən biri hesab edilir və bu zaman kirayəçi illik 7-10 fazilə deyil, 4 faizlə ipoteka krediti götürmüş olur. Kirayəçi kredit müddətində sahib olduğu mənzildə kirayədə qalır və bütün ipoteka məbləğini ödədikdən sonra mənzilin sahibi olur.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir