hotel

Rayonlarda hotellər niyə boş qalıb?

Baxış sayı: 466

2024-cü ilin yanvar-mart aylarında hotel və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub. 2024-cü ilin ilk üç ayında hotellərin ən çox dolu olduğu rayonlar Şabran (45,5 faiz) və Qusardır (41,3 faiz). Bakıda hotellərin doluluq səviyyəsi 30,6, Naftalanda 29,8, Saatlıda 24,8, Sabirabadda 20,8, Beyləqanda 20,4, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən də aşağı olub.

 

“Güclü turizm infrastrukturu lazımdır”

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, rayonlarımızda turizm imkanları o qədər də inkişaf etməyib: “Turizmin yüksəliş mövsümünə hələ yeni addımlayırıq. İlin əvvəlindən bu günə qədər turistimiz az idi. Digər tərəfdən, gələn turistlər regionlara daha az səfər edirlər. Bakı ilə yanaşı, digər regional turizm destinasiyaları da turlara daxil olmalıdır. Regionlarımızın da turizm potensialını artırmalıyıq. Onları inkişaf etdirmək, turizm agentliklərinin sayını artırmaq, hotellərin işinə təkan verməliyik. Bunun üçün regionlarda güclü turizm infrastrukturu lazımdır. Turizm operatorları, tur agentləri, yerləşmə vasitələri, nəqliyyat xidmətləri, ekskursiyalar nəzərdə tutulur. Regionlarda bu komponentlər olan turlar çox azdır. Bir az da pərakəndəlik var”.

 

Giriş qapısı tək Bakı olmamalıdır 

S.Dübəndi bildirdi ki, regionlara təşkil olunan turlar da qaneedici deyil: “Bələdçi sayı çox azdır. Bəzi regionlarda ümumiyyətlə bələdçi yoxdur. Ekskursiya üçün müxtəlif həcmli avtobuslardan istifadə olunur. Onlar da Bakıdan gedir. Regionlarda belə bir avtoparkın mövcud olması mümkün deyil. Azərbaycana gələn turistlərin giriş qapısı tək Bakı olmamalıdır. Gəncə, Naxçıvan, Lənkəran hava limanlarından da istifadə olunmalıdır. Gələn turistlər bir neçə gün regionlarda gecələyib sonra Bakıya və digər rayonlarımıza səfərlər edə bilərlər. Bunun üçün də tur agentlikləri, operatorlar çalışmalıdır. Hotellər üçün əlverişli biznes şəraiti yaratmalıyıq”.

“Ekoloji turizm növlərinə diqqət yetirə bilərik”

Sədrin fikrincə, biz hələlik dünyadakı turizm fəaliyyətlərinə o qədər də diqqət yetirmirik. Hər bir regionun özünəməxsus mətbəxindən, təbii və mədəni irs nümunələrindən turizm məqsədləri üçün istifadə edə bilərik: “Həmçinin, yeni turizm məhsulları da yaradarıq. Bunun üçün həm təbii, həm də antropogen resurslardan istifadə etmək olar. Ölkəmizin hər bir guşəsində abidələr mövcuddur. Hətta bəziləri dünya mədəni irs siyahısına daxil edilib. Həmin resursları önə çəkməliyik. COP29-un təbiətin mühafizəsi ilə bağlı tədbir olmasını nəzərə alaraq, ondan sonra daha çox ekoloji turizm növlərinə diqqət yetirə bilərik”.

Rəqəmlər qış turizminə aiddir

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirdi ki, ilk sırada yer alan hotellərə daha çox turist qış aylarında səfər edib: “Qış mövsümündə ölkəmizdə standartlara cavab verən üç qış və yay turizm kompleksi var. Bunlardan biri Qusarda, ikincisi Qəbələdə, üçüncüsü isə Naxçıvandadır. Onlarda kanat xətti, xizək qış idman növlərindən istifadə etmək olur. Xüsusən qış mövsümündə bu bölgələrə səfərlər daha çoxdur. Yaz və yay mövsümündə insanlar daha çox digər regionlara gedirlər”.

 

“İnsanların əksəriyyəti keyfiyyət istəyir” 

Ə.Şiriyevin fikrincə, rayon hotellərinin əksəriyyəti insanların istəklərini qarşılamır: “Hotellərin sayının çox olması və beş ulduz standartlarının az olmasını görürük. Əgər bu hotellərin rəqibləri olsa, həm qiymət siyasətinə təsir edəcək, həm də daha çox qonaqların gəlməsinə səbəb olacaq. Çünki insanların əksəriyyəti keyfiyyət istəyir. Bir çox qonaqlar qapalı və ya açıq hovuz, fitnes, spa, türk hamamı, yaxud iclas zallarının mövcudluğuna diqqət edirlər. Bəzi hotellər həm biznes, həm də spa yönümlüdürlər. Hər ikisinin olması həm işgüzar görüşlərin keçirilməsi, həm də ailələrin, yaxud gedən komandanın istirahəti üçün çox önəmlidir”.

 

“Toy ənənələrimiz turistlər üçün çox maraqlıdır”

Ekspert düşünür ki, regionlarımızda müxtəlif tədbirlər, festivallar keçirərək onları daha da tanıda bilərik: “Bu gün rayonlarımızın əksəriyyətində hotellərimiz var. Amma həmin hotellərdə qalanlar azdır, gedənlər əsasən şirkət, səhiyyə işçiləri olur və qısamüddətli qalırlar. Regionlarda keçirilən tədbirlərə Göyçayda nar festivalını, Qəbələdə mürəbbə festivalını, Biləsuvarda hind toyuğu festivalını misal göstərmək olar. Digər rayonlarda da bu kimi festivallar daha çox olsa, tədbirlər keçirilsə, turistləri həmin bölgələrə 1-3 günlük cəlb etmək mümkündür. Onlar rayonda qaldıqda hotellərdən də istifadə edəcəklər. İnsanlar yeniliklər, maraqlı tədbirlər istəyirlər. Hər bölgənin özünəməxsus musiqisi, adət-ənənəsi, mətbəxi, incəsənəti var. Təqdimatı olmalıdır ki, orada həm yerli, həm də xarici turistlər iştirak etsin. Bu, həm də mədəniyyətlərin inteqrasiyasıdır. Məsələn, toy ənənələrimiz, yaxud bayram adətlərimiz turistlər üçün çox maraqlıdır. Bunları etsək, rayonlarımıza turistləri daha çox cəlb etmiş olarıq. Bu, həmin regionların tanınmasına, oradakı iaşə obyektləri, hotellər, restoranlar, istirahət mərkəzlərinin inkişafına gətirib çıxarar”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir