Həyatda ən çox qorxduğumuz, üzləşmək istəmədiyimiz hadisələrin yuxularımıza girdiyi anlar olur. Qədim zamanlardan yuxuların mahiyyəti insanları düşündürüb və onlara müxtəlif mistik, elmi izahlar verilib. İndinin özündə də, çox vaxt yuxular gələcəkdən xəbər verən öncəgörmələr kimi qəbul olunur. Psixoloqlarsa, qorxulu yuxuları insanların düşdüyü stres vəziyyəti, çətinlik, çəkdikləri dərd, əziyyətlə bağlayırlar.
İnsanlar yuxulara o qədər böyük önəm verib ki, bu gün də səhər yataqdan qalxan kimi ailə üzvləri narahat bir yuxu görüblərsə, bunu bir-birinə danışır, yozmağa çalışırlar. İnternetdə gördükləri yuxunun mənasını axtarırlar. Mağazalarda, internetdə yuxuyozmalar haqqında xeyli kitablar da var.
Psixoloq Vəfa Rəşidova bildirir ki, insan narahat oduğu halda qorxulu yuxular görməyə başlayır: “Bir məsələ, mövzu, iş, həyatında baş verən hansısa hadisə haqqında narahatdırsa, başlayır ona uyğun narahat yuxular görməyə. Məsələn, mən bu gün ən yaxın dostumla dalaşmışamsa, və yaxud işimdə problemlər olubsa, əlbətdə yatanda rahat yuxu görməyəcəyəm. Əgər mən gəlib bu haqda düşünmüşəm, əsəbləşmişəmsə, bir az fikirlərim dağınıqdırsa, təbii ki, yuxum da narahat olacaq. Xüsusilə də, o mövzu ilə bağlı insan narahat yuxular görməyə başlayacaq. Çünki onun şüuraltısı bu mövzu ilə dalaşır, vuruşur. İnsanın beynində üzləşdiyi çətinliklə bağlı “Necə edim?”, “Necə oldu ki, belə vəziyyətə düşdüm” kimi düşüncələri var. Fikirli olanda insan rahat yata da bilmir”.
V.Rəşidova qeyd edir ki, insanın həyatı rahat olanda, bir problem yaşamırsa, şüuraltında sıxıntıları olmur: “Rahat yaşayan insan sakit və şirin yuxular görür. Gözəl yuxular görməyə başlayır. Yuxularında istədiyi yerdədir, onun istədiyi həyatı olur. Yuxu insanın ruh halı ilə bağlıdır”.
Yuxuların gələcək haqqında xəbər verməsi düşüncəsinə gəlincə, Rəşidova qeyd edib ki, insan nəyi düşünürsə, onu da öz üzərinə çəkir: “Məsələn, yuxuda görürəm ki, bir ev və yaxud maşın alıram. Bu həm də mənim arzumdur. Yuxuda da bunu görürəmsə, başlayıram özümü buna inandırmağa ki, yuxumda da mənə agah olub ki, ev və maşın alacağam. İnsan özünü buna o qədər inandırır və istiqamətləndirir ki, nəticədə istəkləri həyata keçir. Beyin gücü ilə insan bir yerə fokuslandığı zaman bunun bəhrəsini görür. Nəyi çox düşünürüksə, onu da yaşayırıq”.
Onun dediyinə görə, psixologiyada yuxu haqqında çox az məlumat verilib: “Yuxu haqqında mövzular hər zaman bir az dar olur. Freydin nəzəriyyəsinə əsaslansaq görəcəyik ki, yuxu insan üçün tamamlanmamış bir hadisədir. Əgər bir insan nəyisə yaşamaq istəyib, amma yaşamayıbsa və yaxud gələcəkdə yaşamaq istəyibsə, beynində tamamlanmamış hadisə varsa, yuxuda bununla bağlı nələrisə görməyə başlayacaq. Hər kəsin şüuraltısı fərqlidir. Stres yaşayanda, gərgin olanda insan qorxulu yuxular görür. Qızdırma qalxdıqda, insan hirsli olduqda qarışıq və dəhşətli yuxular görə bilər. Ona görə ki, bütün beyin, vücud oyaqdı, narahatdır”.
Psixoloq qeyd edir ki, düzgün yuxu rejimi bizim üçün çox önəmlidir: “Elə adamlar var ki, deyirlər ki, mən üç saat yatıram. İnsan sağlam olmağını istəyirsə, mütləq səkkiz saat yatmalıdır. Necə ki, insan yemək yeməsə, su içməsə olmur, eləcə də, yuxusuz da sağlam, enerjili, əhval-ruhiyəli olmaq mümkün deyil. Yuxusuzluğun insan psixologiyasında fəsadları olur”.
Qorxulu yuxular insanlara özləri haqda həqiqəti öyrənməyə, çətin vəziyyətdən çıxış yolu tapmağa kömək edir. Yuxuların sirli aləmi tam çözülməyib. Amma insan yuxuları elə-belə görmür. Elə olur ki, insan öz qorxuları, hissləri, yaşadıqları haqda həqiqəti bilir, amma bunu özünə etiraf etməkdə çətinlik çəkir. İnsan şüuraltı olaraq ətrafdakıların reaksiyalarından başına gələcəkləri hiss edir və bu hisslər müəyyən bir formada onun yuxusuna girir. İnsan inanmaq istədiyinə inanır, gerçək vəziyyət haqqında fikirlərsə, yuxuya təzahür edir. Bu zaman qorxulu, narahat yuxular o, gerçəkliklə üzləşənə qədər onu təqib edir. Çox vaxt ona görə də insanlar deyir ki, yuxular gələcəkdən xəbər verir.
Aynurə Məmmədova