44 günlük Vətən müharibəsindən geriyə tarixi zəfərimizlə yanaşı ruhu yaralı oğullarımız, qazilərimiz və şəhidlərimizdən əmanət-yaxınları, sevdikləri qaldı. Şəhid ailələrinin evlərindəki boşluğun yerini doldura bilmərik. Oğullarının, yoldaşlarının, qardaşlarının yerində onların bayraqlarla bəzədilmiş rəsmləri var.
Şübhəsiz ki, igidləri ilə fəxr edirlər. Bir tərəfdən də itkinin verdiyi dərin acı ürəklərini yandırır. Kimisi dözür, şəkli, soyuq baş daşını bağrına basıb, yaşamağa çalışır. Amma bu müdhiş ağrıya tab gətirə bilməyən şəhid yaxınları da yox deyil.
Çıxış yolunu intiharda görüb, canlarına qəsd edirlər. Kaş etməsələr, amma nələr yaşadıqlarını bilmirik, sadəcə görürük. Bu günə qədər bir neçə şəhidin ailəsində və yaxınında intihar halı qeydə alınıb. Məsələn şəhid Mehdi Məmmədovun nişanlısı Mələk, onun şəhadət xəbərini eşidib, canına qıydı.
Psixoloq Ramil Nəcəfli məsələni şərh edərkən bunları söylədi:
“Bu insanlığın faciəsidir. Dünyanın hər yerində yaxınını, doğmasını itirmiş, müharibədən çıxmış insanlarda ciddi pisixoloji təsirlər qalır. Nəticədə onların intihar etməsinə, müxtəlif davranış pozuntularına gətirib çıxarır.
Özlərini boşluqda, lazımsız hiss edirlər, ağır depresiyaya düşürlər. Bunu dövlətin yardımı ilə əlaqləndirmək olmaz.
Hər zaman deyirəm ki, məmurlar, hökümət şəhid ailələrinə diqqət yetirməlidir, amma bununla kifayətlənmir. Çünki motiv nə olsa da, ailənin həyatında faciə baş verib. İnsan həyatını kiməsə bağlayır, xoşbəxtliyini həmin adamda görür.
Sonra o, həyatında olmayanda özünü boşluqda hiss edir. Beləliklə intihara əl atır. Bununla yanaşı təcrid olunub, özünə qapanır. Yəni bu hadisə dövlət qayğı göstərmədiyi üçün baş verməyib.
Bəlkə də, bir neçəsində diqqətsizlikdən ola bilər. Lakin əksəriyyətində səbəb itkidir. Onun üzüntüsü ilə belə addım atırlar. Şəhid yaxınıdır, kövrək davranması mümkündür. Yaxud da qazilərimizin intihar hallarından danışaq.
Bəlkə də, onların həyat qabiliyyətini özünə qaytarılmasında, protezlə təmin olunmasında müəyyən qurumların rolu mühümdür. Ancaq o boşluqdan yardımlara rəğmən çıxa bilməyənlər də var. Yəni bu kimi intihar hallarının birdən çox səbəbi mövcuddur.
Tezis şəklində sıralasaq : həyata üsyan, etiraz, mənəvi boşluq və sair demək olar”.