Şəxsiyyət insanın düşüncə, hiss və davranış xüsusiyyətlərini ifadə edən, onu başqalarından fərqləndirən mühüm psixoloji anlayışdır. Hər bir insan müəyyən irsi xüsusiyyətlərlə dünyaya gəlir, lakin şəxsiyyət kimi formalaşması onun yaşadığı mühit və sosial münasibətlərdən də asılı olur. Buna görə də psixologiyada şəxsiyyətin inkişafında irsiyyət və sosial mühit amilləri əsas rol oynayan iki mühüm faktor hesab olunur.
İrsiyyət insanın valideynlərindən aldığı bioloji və psixoloji xüsusiyyətlərin məcmusudur. Yəni, insanın bədən quruluşu, sinir sistemi, temperament tipi, emosional sabitliyi və müəyyən qabiliyyətləri genetik yolla ötürülür. Məsələn, bəzi uşaqlar doğuşdan sakit və emosional cəhətdən sabit olur, bəziləri isə daha hərəkətli və emosional olur. Bu fərqlər irsi xüsusiyyətlərdən qaynaqlanır. Lakin irsiyyət yalnız bir həlledici rol oynamış. xüsusiyyətlərin necə inkişaf edəcəyi isə çox vaxt mühitdən asılı olur.
Sosial mühit insanın böyüdüyü ailə, məktəb, dostlar və cəmiyyətlə qurduğu münasibətlər sistemidir. Mühit insanın davranışına, dəyərlərinə, düşüncə tərzinə və emosional inkişafına böyük təsir göstərir. Uşaq ailədə ünsiyyət, davranış və münasibət qaydalarını öyrənir, məktəbdə sosiallaşır və özünü dərk etməyə başlayır. Əgər uşaq sevgi, qayğı və anlayışla böyüyürsə, o zaman onda özünə inam və müsbət emosional xüsusiyyətlər formalaşır. Əksinə, gərgin və mənfi mühitdə böyüyən uşaqlarda aqressiya, qorxu və özünəqapanma halları müşahidə oluna bilər.
İrsiyyət və sosial mühit bir-birindən ayrılmaz şəkildə qarşılıqlı təsirə malikdirlər. İrsiyyət insanda müəyyən potensial yaradır, sosial mühit isə həmin potensialın inkişafına şərait yaradır. Məsələn, uşaqda musiqiyə təbii istedad varsa, bu qabiliyyətin inkişafı üçün ailə və məktəb dəstək göstərməlidir. Əgər bu mühit olmasa, istedad da zamanla itə bilər.
Şəxsiyyətin inkişafı yalnız bir amillə nə irsiyyətlə, nə də sosial mühitlə izah edilə bilməz. Bu iki amil bir-birini tamamlayaraq insanın şəxsiyyət kimi formalaşmasını təmin edir. İrsiyyət insana müəyyən xüsusiyyətlər verir sosial mühit isə bu xüsusiyyətlərin necə formalaşacağını və inkişaf edəcəyini müəyyən edir. Yəni şəxsiyyət insanın bioloji təbiəti ilə sosial təcrübəsinin vəhdəti nəticəsində formalaşır.
Psixoloq Əminə Tağıyeva