Saqqız dəbli bir atrıbuta çevrildi. Bir çox insanlar saqqız çeynədikdə özünü daha sərbəst və özünə güvənən hiss edirlər. Digərləri saqqız sakitləşdirir, stresdən azad olmağa kömək edir. Yeri gəlmişkən, həkimlər təsdiq edirlər ki, çeynəmə prosesi (bu hər hansı qida, saqqız ola bilər) streslə mübarizədə kömək edir.
Lakin insanların əksəriyyəti nə saqqızın tərkibi, nə də onun orqanizmə olan təsiri haqqında heç nə bilmirlər.
Saqqız ta qədimdən mövcuddur. Bizim ulu babalarımız bu məqsədlə müxtəlif ağaclardan ifraz olunan qatrandan istifadə edirdilər. İlk saqqız Amerikada XIX əsrin axırlarında istehsal olunub. Onun əsas hissəsini iynəyarpaqlı ağacların qatranı təşkil edirdi.
Müasir saqqızın tərkibində təbii maddələri tapmaq çətindir və ya heç mümkün deyil. Onun əsas hissəsini sintetik polimer təşkil edir. Saqqıza dad və iy əlavə etmək üçün xüsusi rəng və dadvericilər istifadə olunur. Bu maddələr allergiyaya səbəb ola bilər, onlardan bəziləri kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərinə malikdir. Müxtəlif saqqızlara şəkər (karies əmələ gətirə bilər), aspartam maddəsi (baş ağrısı və ürəkbulanmasına səbəb ola bilər), ksilit (işlətmə xüsusiyyətlərinə malikdir) əlavə olunur. Beləliklə, saqqızın tərkibi heç də tam ziyansız deyil. Bu səbəbdən uşaqlara saqqız yalnız istisna hallarda verilə bilər (qida qəbulundan sonra). Bundan əlavə uşaq saqqızların tərkibində şəkər çoxdur və bu heç də xeyirli deyil.
Saqqızın müəyyən müsbət xüsusiyyətləri də var. Qida qəbulundan sonra çeynədikdə saqqız ağız boşluğunu qıda qalıqlarından təmizləyir. Saqqız ağız suyunun miqdarını artırır. Ağız suyu isə antiseptik xüsusiyyətlərinə malikdir. Bütün bunlar isə kariesin profilaktikasını təmin edir. Lakin bunun üçün saqqız şəkərsiz olmalıdır və insan onu yalnız 5-10 dəqiqə ərzində çeynəməlidir.
Ümumillikdə saqqızı yalnız qida qəbulundan sonra və yalnız 5-10 dəqiqə ərzində çeynəmək olar. Daha çox müddət ərzində çeynədikdə saqqız ziyan gətirə bilər.
Saqqızdan süi-istifadə edən insanlar öz həzm sisteminə ciddi ziyan vura bilərlər. Saqqızın çeynənməsi zamanı çox miqdarda ağız suyu ifraz olunur. Bu ağız suyu daha sonra mədəyə düşərək onun turşuluğunu azaldır. Bunun nəticəsində mədə şirəni ifraz edir. Mədə şirəsinin tərkibində isə çox aqressiv olan xlorid turşusu var. Bu turşu qidanı həzm etməyə kömək edir və adi halda mədəyə ziyanlı təsir etmir. Lakin insan uzun müddət ərzində və xüsusilə acqarına saqqız çeynədikdə mədədə xlorid turşusunun miqdarı artır, turşu mədənin divarlarına dağıdıcı təsir göstərməyə başlayır və bunun nəticəsində insanda qastrit və mədə xorası kimi xəstəliklər inkişaf edə bilər.
Bundan əlavə saqqız tüpürcək vəzilərini stimullaşdırır. Bu stimulyasiya uzun müddət ərzində baş verdikdə, tüpürcək vəziləri daha az miqdarlarda ağız suyunu ifraz etməyə başlayır. Nəticədə insanın ağzında quruluq yaranır. Bu isə həm dişlər, həm də həzm sistemi üçün ziyanlıdır. Bildiyimiz kimi, ağız suyu antiseptik xüsusiyyətlərinə malikdir. Bundan əlavə ağız suyu həzm proseslərində də iştirak edir – ağız boşluğuna düşən qidanı sonrakı həzm prosesləri üçün hazırlayır.
Diş plombları, breketlər, protezlər üçün də saqqız ziyanlıdır (plomblar düşə bilər, breketlər sına bilər).
Xroniki mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlar saqqız çeynəməkdən imtina etməlidir. Gəyirmədən əziyyət çəkən insanlar nanəli saqqız çeynəməməlidir. Əks halda gəyirmə daha da güclənəcək.
Ağzında plomblar və breketlər olan, damaq xəstəliklərdən əziyyət çəkən insanlara da saqqız çeynəmək məsləhət görülmür.
Həkimlər sübut ediblər ki, çeynəmə prosesi beyinin fəaliyyətini ləngidir, fikrini cəmləşdirməyə mane olur.
Mənbə: www.myfamilydoctor.ru