Respublikamızda sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması bəzi işbazların geniş əl-qol açmasına səbəb olub.
Publika.az xəbər verir ki, bütün bunlar ölkəmizin pərakəndə satış nöqtələrində satılan tomat pastaları haqqında xoşagəlməz iddialarin ortaya çıxmasına rəvac verib.
Bir sıra ekspertlər respublikamıza idxal edilən, habelə daxili istehsalın məhsulu olan bəzi tomat məhsullarının tərkibinin zərərli, eləcə də şübhəli qatqılarla zəngin olduğunu bildirirlər. Azad İstehlakçılar Birliyinin (AİB) ekspertləri iddia edirlər ki, ölkəmizə Rusiyadan idxal edilən bir sıra tomat pastalarının, o cümlədən “Senyor pomidor” tomatlarının hansı şəraitdə hazırlanması, istehsal şəraiti məlum deyil. Azərbaycanın sərhədlərindən kənarda baş verən istehsal prosesinin hansı şəraitdə getməsi, sahibkarın doğrudan da təbii məhsuldan, yoxsa insan səhhəti üçün zərərli maddələrdən istifadə edib-etməməsini müəyyənləşdirmək çətindir.
İqtisadiyyat Nazirliyindən də bildirirlər ki, respublikamızın sərhədlərindən kənarda hazırlanmış bu məhsulun istehsal şəraitini, mənbəyini müəyyənləşdirmək o qədər də asan deyil.
Qanuna müvafiq olaraq hər bir məhsul markalanarkən onun qabı üzərində bir sıra məlumatlar göstərilməlidir. Bunlar istehsal tarixi, istehsal müəssisəsi, malın tərkibi, yararlılıq müddəti və s.-dir. İstehsalçıların hər bir mal haqqında ətraflı məlumat almaq hüququ var. Lakin istehsal şəraitinin necə baş verməsi də əsas şərtlərdəndir. Məsələ ondadır ki, həm respublikamızdan kənarda fəaliyyət göstərən və ölkəmizə məhsul ixrac edən müəssisələr, həm də Azərbaycanın daxilindəki sahibkarlıq subyektləri istehsal etdikləri malların tərkibinə xüsusi qatqılar vurur.
Araşdırmalar zamanı məlum olub ki, bəzi işbazlar tomat məhsullarının tərkibinə normadan artıq nişasta, hətta alma püresi belə vururlar. Bununla yanaşı, tomat pastalarının tərkibinə boyaq maddələri, modifikasiya olunmuş nişasta vurulur. Əsl maddənin tərkibində quru maddələrin, təbii qatqıların həcmi 25 faiz olmalıdır. Əgər quru maddələrin, təbii qatqıların həcmi 25 faizdən azdırsa, bu tomat pastası yox, tomat püresidir. Bu cür mallar o qədər duru olur ki, onun tərkibinə su qatmağa ehtiyac qalmır.
Təəssüf ki, hazırda həm yerli istehsala aid olan, həm də xaricdən idxal edilən məhsullarda bu cür keyfiyyətsiz mallar kifayət qədərdir. Hər iki məhsul – həm keyfiyyətli, həm də keyfiyyətsiz, zərərli mal bazara eyni vaxtda çıxarılır. Bəs kimlər öz məhsullarına zərərli qatqılar əlavə edirlər? Azərbaycanda tomat pastasının ən böyük istehsalçılarından olan “Azersun” Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov iddia etdi ki, şirkət öz məhsullarının tərkibinə nişasta vurmur. Onun sözlərinə görə, holdinqin məhsullarının tərkibində zərərli qatqılar yoxdur: “Azərbaycan pomidoru təkcə regionun yox, ümumiyyətlə dünyanın ən yaxşı tərəvəzidir. Pomidorda nikopen maddəsi normadan çox yüksəkdir. Bu, əslində keyfiyyət göstəricisidir. Bizim məhsullarda qətiyyən nişasta yoxdur”.
Bu arada sual ortaya çıxır – almadan, qablarını açmadan keyfiyyətli və keyfiyyətsiz tomatları necə müəyyənləşdirmək olar? Bunun yolu o qədər də çətin deyil. Əvvəla tərkibində qatqılar olan tomat məhsulları keyfiyyətli mallarla müqayisədə xarici görkəmləri ilə də seçilirlər. Məsələn, zərərli qatqılarla qablaşdırılmış tomatların rəngi bir qədər tünd, qatılığı isə az olur (tərkibindəki quru maddələrin 25 faizdən aşağı olması səbəbindən). Üstəlik, tərkibi nişasta ilə dolu olan tomatların qabını açdıqdan sonra qapağın altında kıfə oxşar maye diqqəti cəlb edir. Bu, əslində məhsulun tərkibində nişastanın, qatqı maddələrinin normadan çox olduğunu göstərir.