toy

Varlıların qazandığı, kasıbların soyulduğu toy biznesi

Baxış sayı: 1. 259

Vaxtaşırı rəsmi dairələrin yaslarla yanaşı, toy biznesində də səliqə-səhman yaradacağı yönündə məlumatlar dolaşsa da, bu baxımdan ciddi yenilik hiss olunmur. Hələ bir neçə il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evləri sahibləri ilə sifarişçi arasında müqavilə bağlanması təklifini irəli sürmüşdü. Gələcəkdə isə təklifin qanun şəklində təkmilləşdiriləcəyi də gözlənilən idi. Bu o demək olacaqdı ki, hökumət şadlıq sarayları ilə bağlı yaşanan biabırçı durumu aradan qaldırılacaqdı, amma sonradan gözlənilənlər reallıqda əksini tapmadı.

Amma rəsmi dairələrin belə bir addımı əhalinin lap ürəyincə olacaqdı. Elə bir adam tapılmaz ki, şadlıq saraylarının əlindən “zəncir çeynəməsin”. Yası bir təhər yola vermək olur. “Bir təhər” deyəndə, kasıbyana, ucuz başa gələn “3”, “7”, “40” və il mərasimlərini nəzərdə tuturuq. VİP çadır sifariş edə bilməyən sadəsi ilə kifayətlənir, masaya 3-4 növ şirniyyat, ləbləbi düzmür, banan, portağal qoymur. Çay, xurma, şorqoğalı, halva, bir də yalnız aşla yasını başa vurur. Varlı, imkanlıların, hətta imkanı çatmasa da, kimlərdənsə “ar” edib borc-xərcə düşərək çeşidli ehsan süfrəsi açanlardan danışmırıq.

Amma toy başqa aləmdir. Burda şadlıq sarayı sahibi “mən ölüm, sən ölümə” baxmır. Bütün dəm-dəstgahı ilə toy etmək imkanın yoxdu, şadlıq sarayında eləmə, get, evində toy çaldır. Çünki şadlıq sarayının öz qanunları var. Daha doğrusu, qanundan kənar qanunları. Bir növ “vor-zakonlar” kimi. Əslində, şadlıq saraylarının sahibləri və onlara havadarlıq edənlər elə hardasa, “vor-zakon”durlar. Onlar öz yazdıqları və özlərinə, ciblərinə – bizneslərinə sərf edən qanunlara oturub-dururlar. Bu ölkədə bilməyən yoxdur ki, şadlıq sarayında toy sifariş etmək istəyirsənsə, oranın menyusu ilə razılaşmaq zorundasan. Əks halda, sənə qapını “mədəni şəkildə” göstərəcəklər. Birisi qalxıb, köhnə bazara təzə nırx qoymaq istəyəndə də ailəsi, qohum-əqrəbası qarşısını kəsir. “Ömürdə bir dəfə uşağa toy eləyirik, qoy hər şey yerli-yerində olsun. Deyərlər, xəsislik ediblər, filan salatı, filan yeməyi vermədilər” səpkili iradları, ana-bacıların ah-vayını azmı eşitmişik?!

Şadlıq saraylarının sahibləri də millətin mentalitet deyilən xəstəliyinə yaxşı bələd olduğundan öz qaydalarını asanlıqla diktə edir. Qaz vurub-qazan doldurur. Arada ziyan görən toy sahibi, həmçinin toya gələnlər olur.

Bəs sifarişçi ilə icraçı arasında müqavilə bağlanması həqiqətən tətbiq ediləcəyi təqdirdə şadlıq saraylarında hökm sürən hazırkı biabırçı vəziyyət dəyişəcəkdimi?

 

toy

“Məgər həkimlərə kulinariya dərsi keçirlər?”

Məsələni ekspretlərlə çözdük. Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri, ölkənin baş kulinarı Tahir Əmiraslanov yeni qanunların qəbuluna ehtiyac olmadığını dedi, o səbəbdən ki, hər cür qanunumuz artıq çoxdan mövcuddur:

– Restoran biznesi haqqında da, istehlakçı hüquqları haqqında da hər cür qanunlar qəbul olunub. Sifarişçi, istehlakçı ilə icraçı arasında müqavilə imzalanması da İstehlakçı Hüquqları haqqında qanunda əksini tapıb. Yenidən hansı qanunu qəbul etmək istəyirlər? Qanunlar var, sadəcə, onlara riayət edilmir. Yeni qanun qəbul olunarsa, kim zəmanət verir ki, ona əməl ediləcək, o da əvvəlkilər kimi kağız üzərində qalmayacaq? Şadlıq sarayları ilə bağlı normal vəziyyətin yaranmasını istəyiriksə, bu işə aidiyyəti olmayan qurumları bu sahəyə müdaxilədən azad etməliyik. Hazırda şadlıq saraylarında tətbiq olunan qida reseptini Səhiyyə Nazirliyi təsdiqləyir. Sual edirəm? Qida resepturasını təsdiqləmək Səhiyyə Nazirliyinin işidirmi? Məgər həkimlərə kulinariya dərsi keçirlər, bizim xəbərimiz yoxdur? Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ancaq sanitar normalara riayət edilib-edilmədiyinə cavabdehlik daşımalıdır. Qidanın tərkibinin sanitar-gigiyenaya nə dəxli var?! Restoran biznesi haqqında qanuna görə, menyu, qidanın texnoloji kartları, menyunun tərkibi mütəxəssislər tərəfindən təsdiqlənməlidir. Mütəxəssis də kim ola bilər? Kulinarlar. Aşpazlar. Kulinariya sənətini bilənlər. Səhiyyə Nazirliyinin və ya Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşları bilirmi ki, “Paytaxt salatı”nın tərkibi nədən ibarət olmalıdır? İnanın ki, bunu heç illərlə restoran işlədənlər də dəqiq bilmir. Bizim ölkədə hazırlanan “Paytaxt salatı” əsl “Paytaxt salatı” deyil. Onun şəklini, tərkibini dəyişmiş formasıdır. İstehlakçı hüquqları harada pozulur? “Paytaxt salatı”nın qiymətini 40 manat təyin edirlər. Amma istehlakçı bilmir ki, ona bu salatdan neçə qram verilir və hər qramın qiyməti neçədir. Salat səhər hazırlanır, axşam masaya verilir. Səhərdən axşamadək uyğunsuz bir şəraitdə saxlanan salat əlbəttə zəhərlənmə verəcək. Nə qədər toylarda zəhərlənmə faktları baş verir. Toy sahibi nə istəsə sifariş edə bilər. Bu, hər kəsin şəxsi işidir. Bəlkə kimsə Fransadan trüfel sifariş edəcək. Bunun heç kimə aidiyyəti olmamalıdır. Məsələni problem həddinə çatdıran şadlıq saraylarında mövcud olan menyunun istisnasız olaraq hamıya nəinki təklif, hətta təkid edilməsindədir. Şadlıq saraylarının məlum menyusu var və onlar menyudan heç nəyi çıxarmırlar. Deyirlər, budur, razısansa, gəl, razı deyilsən, xoş getdin. Elə şərait yaradılmalıdır ki, sifarişçi öz təkliflərini verə bilsin. Şadlıq sarayının icarə haqqını ödədikdən sonra yerdə qalan məsələlərdə istədiyi kimi davransın. Məsələn, sifarişçi şadlıq sarayının aşpazları əvəzinə özü aşpaz gətizdirə bilər. Menyunu özü tərtib edər və s. Qaydaları istehlakçı diktə etməlidir. Marketə gedəndə istədiyimiz malı alırıq da. Satıcı bizi məcbur etmir ki, bu yağdan yox, o birisindən al. Şadlıq sarayları ilə bağlı da belə olmalıdır. Niyə kimsə mənə göbələk salatını, zorla yedirtməlidir? Yemirik, amma pulunu ödəyirik. Bu da növbəti qanun pozuntusudur.

Tahir Emiraslanov

Azərbaycan mətbəxində “salat” anlayışı yoxdur

T.Əmiraslanov qeyd etdi ki, restoranlarda, şadlıq saraylarında qida texnoloqları, mütəmadi həkim müayinəsindən keçən ofisiantlar çalışmalıdır:

– Bizə xidmət göstərən ofisiantın, yemək bişirən aşpazın sağlamlığına necə əmin ola bilərik? Onların çoxunun heç əmək müqaviləsi olmur. Günəmuzd işləyirlər. Şadlıq saraylarında vergidən yayınma halları baş alıb gedir. Çünki sistem düzgün qurulmayıb. Toy biznesi buna imkan vermir. Mən şadlıq sarayları sahiblərinə hansısa kobud formada təzyiq edilməsinin də tərəfdarı deyiləm. Təzyiq edəcəklər, yüzlərlə adam işsiz qalacaq. Təzyiqlər başqa kənar təsirləri yaradacaq. Kimlərsə vəziyyətdən yararlanıb, əlavə gəlir mənbəyi əldə edəcəklər. Bu işi ustalıqla yoluna qoymaq olar. Restoran şəbəkəsini idarə etməyi 5 illik müqavilə ilə bizə tapşırsınlar, görsünlər necə qayda-qanun yaradırıq. Aşağı qiymətlərlə çox qazanc əldə etmək mümkündür.

Bunun da öz kommersiya sirləri var. Bizim sahibkarların səhvi ondadır ki, həmişə qiyməti artırmaqla qazanc əldə etməyə çalışırlar. Halbuki bunun əksi də mümkündür. Adicə zibildən də qazanmaq olar. Şadlıq sarayları ayda 2-3 min manatı zibilin daşıtdırılmasına xərcləyir. Bu xərclərdən də azad olmaq mümkündü.

 

T.Əmiraslanov toylarda soyuq qəlyanaltı verilməsi məsələsinə də toxundu:

– Azərbaycan mətbəxində “salat” adında qida növü yoxdur. Azərbaycan mətbəxinin özəlliyi ondadır ki, pomidor-xiyar doğranmamış, bütün şəkildə masaya qoyulur. İstəyən ondan dadır. Azərbaycan mətbəxinə aid yeməklərdə bütün inqridiyentlər xörəyin içində olur. Turşusu da, pomidoru da, soğanı da. Yanında da göy-göyərtisi. Niyə mən toyda 10 cür qida qəbul etməliyəm? Mədəni bu qədər doldurmaq olmaz. Mən bir dənə xörək istəyirəmsə, birini verməlisən. Mən də icarə pulunu ödəməliyəm. Amma görürük ki, şadlıq sarayları masaların üzərini necə doldurur. Çünki bunda maraqlıdırlar. Hansısa yeməyi menyudan çıxarmaq onlara sərf etmir.

Image result for Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

Eyyub Hüseynov: “Biabırçı vəziyyəti dəyişməyin bir yolu var, o da onlardan imtina etməkdir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ümumiyyətlə, xidmət sahəsində xaotik vəziyyət olduğunu dedi:

– İstehlakçı hüquqlarının pozulması təkcə şadlıq saraylarında baş vermir. Bütün sahələrdə belədir. İstər avtotəmir yerləri olsun, istərsə bərbərxanalar, istərsə də xəstəxanalar, poliklinikalar. Hər yerdə istehlakçıların hüquqları pozulur. Problemin kökü istehlakçı hüquqlarının qorunmaması, bu işə cavabdehlik daşıyan qurumların öz vəzifələrini icra etməməsidir. Şadlıq sarayları ilə bağlı vəziyyət də olduqca bərbaddır. Restoran sahibləri ilə sifarişçi arasında müqavilə imzalanmasını biz illərdir deyirik. Qanunda da bu var. “İstehlakçı hüquqları haqqında” qanunda da, Mülki Məcəllədə də həmin şərtlər göstərilib. Qida standartları da 2 il öncə hazırlanıb və qəbul edilib. Çox da gözəl sənəddir. Amma nə olsun? Ona riayət edən kimdir?! İstehlakçı ilə heç kim müqavilə bağlamır. Bizə şikayət edən istehlakçıların hüquqlarını da lazımi şəkildə qoruya bilmirik, çünki heç bir sənəd təqdim edə bilmirlər. Yenidən müqavilə imzalanması təklifinin irəli sürülməsi, hətta onun yenidən qanun şəklinə salınması da bir nəticə verməyəcək. Nə qədər ki, tələb təklifi üstələyir, vəziyyət dəyişməcəyək. Şadlıq saraylarına 2 ay əvvəldən növbəyə dayanırlar. O şadlıq sarayı şərtlərini dəyişərmi? Güzəştə gedərmi? Nə qədər ki, Azərbaycan vətəndaşının toy xəyalı bitib-tükənmir, əvvəlcə özünün, sonra övladının, ondan sonra da nəvəsinin toyunu edəcəyi günü gözləyir, şadlıq saraylarındakı əcaib durum da davam edəcək. Şadlıq sarayları ilə bağlı biabırçı vəziyyəti dəyişməyin bir yolu var, o da onlardan imtina etməkdir. Sahibkar görəndə ki, qapısını açan yoxdur, qaydalarda dəyişiklik etmək mücburiyyətində qalacaq. Mən oğlumun toyunda aşı masaya birinci gətirtmək üçün canımı qoydum. Bəlkə də ömrümün neçə ilini bu mübahisələrdə itirdim. Amma sonunda nail oldum. Düyü müqəddəs nemətdir. Niyə onu ən sonda gətirib hörmətsiz şəklə salmalıdırlar. Toylarda aş yeyilmir. Çünki ona qədər mədə artıq hər cür lazımsız qida ilə doldurulmuş olur. Toy sahibi masaya düzülmüş yeməklərin pulunu ödəyir. Baxmayaraq ki, çoxundan ümumiyyətlə, kimsə dadmır. Şadlıq saraylarında nəhəng pullar qazanılır. Hamısı da vergidən yayınmaqla. Bəs vergi orqanları hara baxır? Toya gəlib, diski taxıb yalandan ağzını açıb-yuman müğənnilər qazanclarından vergi ödəyirmi? Orada çalışan ofisiantlar, aşpazlar, təmizlikçilər vergi ödəyirmi? Oranın mədaxil orderi varmı, kassa çeki verilirmi? Bunun hamısı şadlıq saraylarının sahiblərindən soruşulmalıdır. Amma nə görürük? Şadlıq saraylarında hətta bəylə-gəlini girov saxlayırlar ki, ata-anası toyun pulunu ödəsin. İnsanları soyurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir